İlham Əliyev: "Qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik"

Şəklin mənbəyi, Azertag
Prezident İlham Əliyev deyib ki, Azərbaycan "səhifəni çevirmək və qonşusu olan Ermənistanla əlaqələr qurmaq" istəyir.
O, çərşənbə günü Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Peter Michalko-nun etimadnaməsini qəbul edərkən söyləyib ki, Avropa İttifaqının Azərbaycan-Ermənistan danışıqlarında iştirakını görmək istəyir.
"Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, - mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə, Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər".
Prezident Əliyev əlavə edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üzrə Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilər: "Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir".
O deyib ki, Avropa Komissiyasının Azərbaycanın nəqliyyat sektoruna böyük əhəmiyyət verməsi onu "çox qane" edir:
"Bu, təkcə iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq baxımından deyil, həm də ümumilikdə regionda sabitlik və təhlükəsizlik baxımından həqiqətən də çox ümidverici sahə ola bilər. Çünki əməkdaşlıq ölkələri birləşdirir, onları bir-birindən asılı edir, onlar faydanı paylaşa bilir. Həmin səbəbdən də bu, hər hansı yanlış anlaşılma risklərini minimuma endirir. Siz bəlkə də bilirsiniz ki, biz Azərbaycanda nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlamışıq və biz hazırıq, artıq bu potensialdan istifadə edirik".
Peter Michalko Azərbaycanı Avropa İttifaqı üçün "önəmli tərəfdaş" kimi qiymətləndirib. O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli Sazişin imzalanması onların əsas prioriteti olacaq.
"Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq".
Azərbaycan bir müddətdir ki, Avropa İttifaqı ilə birgə Saziş üzərində işləyir. Tərəflərin bəzi iqtisadi məsələlərdə razılığa gəlmədiyi iddia olunur.
Bir neçə ay öncə Avropa İttifaqı Ermənistan və Gürcüstana dəyəri milyardlarla avro olan yardım ayırmışdı.
İlham Əliyev Avropa İttifaqının Ermənistan və Gürcüstana 2 milyard avrodan çox vəsait ayırmasını, Azərbaycana isə heç nə ayırmamasını "ədalətsiz" adlandırmışdı. Bildirmişdi ki, bu vəsaitin verilmə səbəbi müharibədir və müharibədən də ən çox əziyyət çəkən ölkə Azərbaycandır.
BBC News Azərbaycanca Azərbaycana yardım ayrılmaması səbəblərini, o cümlədə Avropa İttifaqı ilə Azərbaycan arasındakı Sazişin detallarını öyrənmək üçün qurumun Bakı nümayəndəliyinə ünvanladığı sorğuya hələ də cavab ala bilməyib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petro Michalko deyib ki, onlar Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini "səbirsizliklə" gözləyirlər.
"Biz, həmçinin ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik".





