Avropa İttifaqı və Azərbaycan arasında sazişin bağlanmasına əngəl nədir?

Əliyev və Tusk

Şəklin mənbəyi, Anadolu Agency/Getty images

Şəklin alt yazısı, Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar 2017-ci ildə başlayıb (Fotoşəkildə: Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Donald Tusk, fevral, 2017-ci il).
    • Müəllif, Elçin Süleymanov
    • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bağlanması gözlənən Saziş layihəsinin 90 faizinin razılaşdırıldığını və "yaxın aylarda" imzalanacığını bəyan edib.

Tərəflər arasında saziş üzərində danışıqlar 2017-ci ildə başlayıb. Lakin Azərbaycan "açıq qalan məsələlərə" görə, işin ləngidiyini bildirir. Prezident İlham Əliyev deyib ki, "narahatlığımız nəzərə alınsa" saziş tezliklə imzalana bilər.

"...hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər," - İlham Əliyev iyulun 22-də televiziyaya verdiyi müsahibəsində deyib.

Sazişin layihəsi ictimaiyyətə məlum deyil və fikir ayrılığına səbəb olan məsələlər rəsmən açıqlanmır. Hərçəd ki, bu mövzuda yazılan bəzi təhlillərdə sazişi əngəlləyən məqamlar önə çəkilir.

Belə bir təsəvvür yarana bilər ki, irəliləyişi əngəlləyən mövzular insan haqları məsələləriylə bağlıdır, amma bu belə deyil, BBC News Azərbaycancaya danışan iqtisadi məsələlər üzrə şərhçi Natiq Cəfərli deyir.

Onun sözlərinə görə, Azərbaycan qarşısında Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük şərti qoyulub və Azərbaycan ÜTT məsələsində "5 və ya ideal halda 10 illik möhlət istəyib".

"Həmçinin Azərbaycanın hava məkanının açılması, başqa şirkətlər üçün maneələrin aradan qaldırılması tələb olunur. Bunu istəyən yalnız Avropa deyil, Türkiyə də Azərbaycan hava məkanından istifadə etmək üçün müraciətlər edib".

Avropa İttifaqı ilə siyasi, iqtisadi, ticarət və ya məhkəmə sahəsində islahatlar müqabilində onun bazarlarına (qismən və ya tam) giriş, habelə maliyyə və ya texniki yardım təklif olunur.

"Amma pulu verirlər Ermənistana?"

Azərbaycanın son bəyanatı da elə bu maliyyə yardımı ilə bağlı olub. Bakı Aİ-ni Ermənistan və Gürcüstana 2 milyard avrodan çox vəsait ayırmaq qərarına görə tənqid edir. Prezident İlham Əliyev deyib ki, bu vəsaitin verilməsinin səbəbi müharibədir, müharibədən ən çox əziyyət çəkən ölkə isə Azərbaycandır.

"Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir".

Aİ bu bəyanata dair açıqlama verməyib. Lakin son vəziyyəti Brüsseldən izləyən Avropa Parlamentindəki (AP) Sosialist və Demokratlar Qrupunun xarici siyasət üzrə məsləhətçisi Eldar Mamedova əsasən, Azərbaycanın mövqeyi birmənalı qarşılanmır.

AP adından danışmadığını xüsusilə qeyd deyən Eldar Mamedov deyir ki, Bakı bir tərəfdən özünü təmin edən müstəqil tərəf qalmaq istəryir, digər yandan isə Aİ-nin Ermənistana 2,6 milyard avro ayırmasından "şikayət edir".

"Aİ elə Azərbaycan kimi öz suveren qərarlarını verir. Əgər Ermənistan Aİ-yə yaxınlaşmağı seçibsə, Azərbaycan belə bir qərar verməyib, Aİ-nin bu seçimə uyğun hərəkət etməsi tamamilə məntiqlidir".

Michel və Paşinyan

Şəklin mənbəyi, AFP/Getty images

Şəklin alt yazısı, Aİ Şurasının Prezidenti Charles Michel Yerevana səfəri vaxtı Ermənistandakı "prioritet proqramlara" 2,6 mlrd dollarlıq maliyyə paketinin ayrılması ilə bağlı planlarını təsdiqləyib

1990-cı illərin əvvəllərində Qərblə sıx əlaqələr qurmağa qərar verən Bakı 1996-cı ildə Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq sazişinə imza atıb.

Amma Azərbaycan başqa post-kommunist ölkələrdən fərqli olaraq İttifaqa üzvlük perspektivini nəzərdən keçirməyib. 2010-cu ildə Azərbaycan Aİ ilə Assosiasiya sazişi üzrə danışıqlara başlasa da, bu sənəddən imtina edərək 2017-ci ildən bəri müzakirə olunan strateji əməkdaşlıq sazişinə üstünlük verib.

Fikir ayrılığı nədə qalır?

Bu sazişlə bağlı Bakı və Brüssel arasında razılaşdırılmamış qalan məsələlər, o cümlədən texniki sahəni əhatə edir, - Eldar Mamedov deyir.

"Texniki cəhətdən fikir ayrılığının qaldığı məsələlər, əsasən, kommersiya sahəsi ilə əlaqədardır. Xüsusilə, mal və xidmətlər üçün bazarlara çıxış və dövlət satınalmalarında şəffaflıq".

Eldar Mamedova əsasən, "ciddi islahatlar keçirmək üçün siyasi iradə varsa", bu problemlər öz həllini tapa bilər.

Bu fikirlə Natiq Cəfərli də razılaşır: "Yəni, belə bir ehtimal var ki, bu şərtlərdə tərəflər razılaşmaya gələ bilərlər".

Lakin Eldar Mamedov hesab edir ki, əhəmiyyətli irəliləyiş əldə etmək üçün Aİ ilə Azərbaycan arasında daha güclü əlaqələri inkişaf etdirən "siyasi mühitə" ehtiyac var.

"Belə mühit isə hazırda mövcud deyil".

Azərbaycanda "siyasi mühitin" əhəmiyyəti barədə bu həftə The Telegraph qəzeti də yazıb. Britaniya qəzetindəki təhlilə əsasən, Qərb diplomatları müharibədən sonra populyarlığı artan İlham Əliyevi ölkənin siyasi məkanını "açmağa" səsləyirlər.

"Prezident Əliyev müharibəni yenicə qazanıb və indi onun öz yolu var," - Qərb rəsmilərindən biri deyib. - O, sabah azad və ədalətli seçkilər keçirsəydi, yəqin ki, səslərin 90 faizini qazanardı. Bu da o deməkdir ki, o, vətəndaş cəmiyyəti və Azərbaycan müxalifətinə müəyyən siyasi məkan da verə bilər", qəzet yazır.

Qəzetə danışan bir rəsmiyə görə, bu mesaj hökumətə çatdırılıb, lakin ona uyğun hərəkətlərin əlamətləri çox az nəzərə çarpır. Çünki hökumət diqqətini geri qaytarılmış ərazilərin bərpasına yönəldir, Qərb rəsmisi deyib.

"Həqiqi siyasi islahatlar isə arxa plana keçir"

Rəsmi Bakı konkret olaraq son məlumatı şərh etməyib. Lakin əvvəllər Azərbaycan hakimiyyəti insan haqları və demokratiyaya aid tənqidləri "qərəzli" kimi rədd edib. Hərçənd ki, iqtisadi əlaqələrə gəlincə, Bakı Avropa İttifaqı ilə tərəfdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayır.

Şuşaya gedən yeni yol

Şəklin mənbəyi, aayda.gov.az

Şəklin alt yazısı, Azərbaycan azad olunmuş ərazilərdə bərpa işlərinə başlayıb

Hazırda Aİ Azərbaycanın əsas tərəfdaşıdir və xarici ticarət dövriyyəsininn təxminən 40 faizi məhz onun payına düşür.

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Charles Michellə birgə keçirdiyi mətbuat konfransında Avropa İttifaqını "yaxın tərəfdaş" adlandırıb.

"Biz uzun illərdir, müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır".

Azərbaycan müharibədən sonra işğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə, o cümlədən Avropa biznesinin cəlb olunmasını istəyir.

Dövlət büdcəsində postkonflikt bölgələrdə bərpa işləri üçün 2 milyard manatdan artıq vəsait nəzərdə tutulub, gələn il isə bu rəqəm ikiqat artıb 5 milyarda çata bilər, - Natiq Cəfərli deyir.

"Xarici şirkətlər büdcədən alınan vəsaitlər üçün məmnuyyətlə çalışırlar. Bu, çox sərfəlidir".

Lakin belə görünür ki, Avropa üçün bu layihələrdə iştirak Bakıdan göründüyü qədər cəlbedici deyil.

"Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının Avropa biznesi üçün bir çox iqtisadi fürsətlər vəd etdiyinə dair arqument də inandırıcı görünmür: bazar payı nisbətən azdır və şübhəsiz ki, bu, Bakının Aİ ilə daha sıx əlaqələr üçün istifadə edə biləcəyi bir vasitə deyil," - Eldar Mamedov belə hesab edir.

Azərbaycanın Avropa ilə münasibətlərdə xüsusi rolunu vurğulayanlar, Bakının Aİ ilə enerji təhlükəsizliyinə dair ayrıca sənəd imzalayan yeganə Şərq Tərəfdaşlığı ölkəsi olduğunu göstərirlər.

Azərbaycan uzun müddətdir ki, bloklara meylli olmadığını nümayiş etdirir. Bu səbəbdən Moldova, Ukrayna və Gürcüstandan fərqli olaraq, o, Aİ ilə Assosiyasiya sazişindən imtina edib ikitərəfli sazişlərə üstünlük verir.

Mart ayında hakim YAP partiyasının aktivi qarşısında çıxış edən İlham Əliyev Avropa ilə daha sıx yaxınlaşmanı nəzərdə tutan əvvəlki sazişi "təlimat kitabçası" adlandırıb.

"Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb".

Azərbaycan Aİ ilə istədiyi müqavilə ilə bağlı danışıqların tezliklə yekunlaşacağına dair nikbin bəyanatlar verir.

Lakin onun gözləntiləri nə qədər realdır? Belə görünür ki, Avropa qurumlarında insan haqlarına görə tənqidlərlə üzləşən Azərbaycan üçün sazişin imzalanmasından sonra onun Avropa Parlamentində təsdiqlənməsi əngəllənə bilər.

"Azərbaycanın bir sıra Aİ ölkələləri ilə - Fransa, Yunanıstan, Kiprlə - münasibətləri pisdir. Hər hansı bir yekun razılaşmanı təsdiqləməli olacaq Avropa Parlamentindəki Azərbaycanın reputasiyası zəifdir," - Eldar Mamedov qeyd edir.

Müsahibimizin sözlərinə görə, hadisələr "boşluqda" inkişaf etmir və hər hansı saziş imzalansa belə, onun təsdiqi həmçinin siyasi baxımdan dəyərləndiriləcək.