İran və Azərbaycan arasında gərginliyin səbəbi nədir, sonu nə olacaq?

Azərbaycan-İran sərhədi

Şəklin mənbəyi, getty/Images STRINGER

    • Müəllif, Səadət Akifqızı
    • Vəzifə, Bakı, BBC Azərbaycanca

İran quru qoşunları komandanlığının cümə günü Azərbaycanla sərhəddə başlatdığı və "Xeybər fatehləri" adını verdiyi hərbi təlimlərə "zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və hərbi aviasiyadan" atəş açmaq taktikası daxil edilib.

İranın siyasi rəsmiləri bu təlimləri bölgənin "stabilliyi və sülhü" naminə apardıqlarını desələr də, ölkənin hərbi təmsilçiləri müharibə oyunlarının məqsədini "bölgədə sionist təhlükə" ilə izah ediblər.

Ordunun quru qoşunları komandanı İranın şimal-qərb sərhədinə həssaslığının "artdığını" və İsrailin oradakı fəaliyyətinin "tam nəzarət altında" olduğunu bildirib.

Bəzi Azərbaycanlı təhlilçilərin fikrincə, bir ölkənin digər ölkənin sərhədində hərbi təlimlər keçməsi yalnız "güc nümayişi" kimi qiymətləndirilə bilər. "Amma İran qırmızı xəttin hardan keçdiyini, hardan qayıtmaq lazım olduğunu da bilir", siyasi şərhçi Sülhəddin Əkbər BBC News Azərbaycancaya deyib.

Politoloq Zərdüşt Əlizadəyə görə, İran və Azərbaycanın "ziddiyyətli maraqları" zaman-zaman onların arasında gərginlik yaratsa da, "müştərək bağlar" bu ziddiyyəti kəskin toqquşmaya gətirib çıxarmağa imkan vermir.

Azərbaycan polisi Gorus-Qafan yolunda avtomobilləri yoxlayır

Şəklin mənbəyi, Gavriil Grigorov\TASS via Getty Images

Şəklin alt yazısı, Azərbaycan polisi Gorus-Qafan yolunda avtomobilləri yoxlayır

"Gorus-Qafan yolunda nəzarət" narazılığı

İki ölkə arasında münasibətlərin gərginlik xətti üzrə irəliləməsi sentyabrın 12-dən, Azərbaycan Gorus-Qafan yolunda polis postu qoyaraq İrana məxsus yük maşınlarını yoxlamağa başlamasından sonra müşahidə olunub.

Bundan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Prezident köməkçisi Hikmət Hacıyevlə görüşsə də, bundan bir-iki gün sonra həmin yoldan istifadə edən iki iranlı sürücü "Azərbaycan ərazilərinə qanunsuz girmə" ittihamı ilə saxlanıb.

Prezident İlham Əliyev xarici mediaya verdiyi müsahibələrin birində bildirib ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra da Qarabağa İrana məxsus yük maşınlarının girməsi məlumatlarını alıblar və bunu dayandırmaq üçün İranla "dostca danışıblar və buna son qoyulmalı olduğunu deyiblər".

İlham Əliyevin sözlərinə görə, bu ilin iyul ayında, verdiyi bu göstərişdən sonra İrana məxsus yük maşınlarına Ermənistan qeydiyyat nişanı yapışdırmaqla "Azərbaycanı aldatmağa çalışıblar".

Prezident bildirib ki, İrana iki xəbərdarlıqdan sonra Azərbaycan öz ərazisinə keçən yola nəzarət etməyə başlayıb və bununla Qarabağa gedən yük maşınlarının sayı sıfıra enib.

Azərbaycan təkcə yola nəzarət etməklə kifayətlənməyib, eyni zamanda İrana məxsus yük maşınlarının sürücülərini gömrük rüsumu ödəməyə cəlb edib.

Türkiyənin TRT kanalı iranlı jurnalist Fatimə Kərimxaniyə istinadən yazır ki, İran Ermənistanın işğal etdiyi ərazilər üzərindən əsasən gömrük rüsumlarını ödəmədən Rusiya və Qərbi Asiyaya çıxış əldə edirdi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Əli Əlizadanəni qəbul edərkən Gorus-Qafan yolu ilə bağlı Azərbaycanın tutduğu mövqedən narazılığını bildirib. O, Azərbaycanda İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinə göstərilən münasibəti "yaraşmayan rəftar" kimi dəyərləndirib və iki sürücünün saxlanmasından "məyus" olduğunu deyib.

Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər hesab edir ki, İranın "qapalı kanallarla ona çatdırılan bu xəbərdarlığa əhəmiyyət verməməsi vəziyyəti onun güc nümayişi göstərməsinə" gətirib çıxarıb.

"İran da müstəqil dövlətdir, Azərbaycan da. Hər iki arasında müştərək bağlar da var, ziddiyətli maraqlar da. Bəzi hallarda müştərək bağları qorumağa çalışırlar, bəzi hallarda isə fərdi maraqları. Azərbaycan hesab edir ki, İran Ermənistanla yaxınlıq etməməlidir, İran da hesab edir ki, Azərbaycan İsraillə yaxın olmamalıdır", -siyasi şərhçi Zərdüşt Əlizadə BBC News Azərbaycancaya deyib.

İlham Əliyev

Şəklin mənbəyi, Anadolu Agentliyi

Bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev xarici mediaya verdiyi müsahibəsində bu təlimlərə "təəccübləndiyini" bildirmişdi, çünki 30 ildi İran sərhədində belə bir təlim keçirməyib:

"Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olarkən heç bir təlim keçirilmirdi? Niyə bu biz bu torpaqları azad edib 30 illik əsarət və işğala son qoyandan sonra edilir?"

Azərbaycan Prezidenti ümid edib ki, İranın bu davranışı onların "qanuni addımlarına emosional reaksiyası müvəqqəti" olacaq: "Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır".

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sentyabrın 24-də jurnalistlərə açıqlamasında deyib ki, "İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox".

Onun sözlərinə görə, sözügedən təlimlər "planlı" olub və bu barədə məlumat aylar öncə Azərbaycan tərəfinə bildirib.

"Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz", - o deyib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 28-də verdiyi açıqlamada deyib ki, İranın şimal-qərb bölgəsində keçirdiyi hərbi təlimlər İranın "suveren hüququdur" və bu, "bölgədə sülhün və sabitliyin təmin edilməsini" hədəfləyib.

İranın Quru Qoşunları komandiri Kiomars Heydari Azərbaycan Respublikası ilə Türkiyənin İran sərhədlərində də manevrlər keçirdiyini xatırladıb.

Azərbaycanın Türkiyə və Pakistanla müttəfiqliyi

Siyasi şərhçi Zərdüşt Əlizadəyə görə, gərginliyin əsas səbəbi Azərbaycanın Türkiyə ilə münasibətləri, o cümlədən Pakistanın bölgəyə gəlməsidir: "Azərbaycanın İsraillə, Türkiyə və Pakistanla yaxınlığı müşahidə edəndə, bu, İranda qıcıq oyadır. Amma İran bu təlimləri öz ərazisində keçirir, bu onun suveren hüququdur. Biz də ərazimidə təlim keçiririk; ikitərəfli, üçtərəfli. Buna görə İrandan izacə almırıq ki?"

Yayın sonlarında, sentyabr ayının əvvəllərində Azərbaycan Türkiyə ilə ikitərəfli, sonra isə Pakistanla "Üç qardaş - 2021" adlı hərbi təlim keçirib. Bu ərəfədə isə Bakıda hər üç ölkənin parlament sədrlərinin və nümayəndə heyətlərinin ilk üçtərəfli iclasında "Bakı Bəyannaməsi" adlı sənəd imzalanıb.

Sənəddə Azərbaycan, Türkiyə və Pakistan "xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı, eləcə də bir neçə digər sahələr üzrə əməkdaşlığı genişləndirməyə" razılaşıblar.

"Azərbaycanın İkinci Qarabağ müharibəsindən qalib kimi çıxması, beynəlxalq aləmdə yerini möhkəmlətməsi, Türkiyə ilə strateji müttəfiqliyi, Pakistanla əlaqələrin sıxlaşması, İsraillə, Böyük Britaniya ilə strateji münasibətlər qurması - bütün bunlar İranı narahat edir və bu güc göstərişinin arxasında da bu dayanır", - Sülhəddin Əkbər deyib.

Siyasi şərhçi hesab edir ki, İran hələ də Azərbaycanı öz tarixi ərazisi kimi gördüyündən "Arazın bu tayındakı Azərbaycanın" müstəqil, dünyəvi və demokratik olmasını öz "ərazilərinə təhdid kimi" görür.

Onun fikrincə, İran "hərbi güc nümayiş" etdirməklə Azərbaycanı yoxlamağa çalışır: "Amma artıq Azərbaycan əvvəlki dövlət deyil, İran da -Türkiyə və Pakistanla müttəfiqliyi, üstəlik də arxasında İsrail və Böyük Britaniyanın dəstəyini nəzərə alsaq, hansı güclə üz-üzə olduğunu görür".

İranın Quru Qoşunları komandiri Kiomars Heydari

Şəklin mənbəyi, Iribnews

Şəklin alt yazısı, İranın Quru Qoşunları komandiri Kiomars Heydari deyib ki, təlimlərin məqsədi "bölgədə döyüş hazırlığıını" artırmaqdır.

"Bölgədə sionist rejim təhlükəsi" narahatlığı

İranın Quru Qoşunları komandiri Kiomars Heydari deyib ki, təlimlərin məqsədi "bölgədə döyüş hazırlığıını" artırmaqdır. O əlavə edib ki, bölgədə "çağrılmamış və dağıdıcı bir təhlükəsizlik elementi var və bu, qeyri-qanuni Sionist rejimidir", - BBC Farsca İRNA-nın Urmiya müxbirinə istinadən yazır.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın səfiri Əli Əlizadə ilə görüşündə də "regionda sionist rejimə dözməyəcəklərini və rejimin fəaliyyətinə qarşı lazımi tədbirlər" görəcəklərini bildirib.

Ötən cümə günü Ərdəbilin imamı Həsən Ameli cümə namazı xütbələrində bu təlimin Azərbaycan Respublikasında "İsrailin varlığına cavab" olduğunu söyləyib.

İranın daxili işlər naziri Ahməd Vahidi dünən gecə Ərdəbildə danışaraq İranı "Azərbaycan Respublikasının dostu və yoldaşı" adlandıb, lakin İsraili iki ölkə arasındakı dostluq əlaqələrini çoxlu sui-qəsd (konspirasiyalar) nəzəriyyələri ilə sarsıtmaqda ittiham edib.

İsrail Azərbaycanın əhəmiyyətli neft müştərilərindən biridir və eyni zamanda Azərbaycan İsraildən hərbi silah idxal edir.

"Azərbaycanla İsrailin yaxın əlaqələri uzun illərdir ki, var, "sionist rejim"ə qarşı dözülməyəcəyi bəyanatları daha çox daxili auditoriyaya, şiə cəmiyyətinə yönəlib ki, Azərbaycan İsrailin müttəfiqidir. İranda qeyri-rəsmi statistikaya görə, 30 milyondan çox azərbaycanlı yaşayır. İran həm də öz azərbaycanlı əhalisinə göstərmək istəyir ki, onun işi "Azərbaycandakı sionist rejimlədi, əhali ilə yox", - Sülhəddin Əkbər deyir.

aviasiya

Şəklin mənbəyi, Getty Images

Millət vəkili, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Fazil Mustafa bölgədə İrana qarşı Azərbaycan vasitəsilə hər hansı təhdid olacağını düşünmür. Onun sözlərinə görə, Azərbaycan ərazisindən İrana hər hansı hücum ola bilməz ki, bu bölgədə "döyüş təcrübəsinə də ehtiyac yaransın". Millət vəkilinin sözlərinə görə, Azərbaycan qonşuluq münasibətlərində səmimidir və İrana qarşı da eyni xətti tutur: "Azərbaycan heç İrana qarşı sanksiyalara da qoşulmayıb".

Həssas məsələ: İran Azərbaycanı

BBC News Farsca yazır ki, İranın bəzi media siyasi qruplar İran Azərbaycanın ayrılaraq Azərbaycan Respublikasına birləşməsini istəyirlər və bu məsələ Tehran və Bakı arasında "ən həssas məsələlərdən biri" sayılır.

Əgər ötən əsrin 90-cı illərində müstəqillik qazanandan sonra Azərbaycanda İran Azərbaycanı ilə birləşmək çağırışları səslənirdisə, xüsusilə AXC hakimiyyəti dövründə "Cənubi Azərbaycan mövzusu" aktual idisə, son 20 ildir ki, belə siyasi çağırışların azaldığı müşahidə olunur.

Millət vəkili Fazil Mustafa əlavə edir ki, Azərbaycanın İranla hər hansı problemi yoxdur: "Ölkənin daxili işlərinə qarışmırıq. Əvvəlki illərdən fərqli olaraq, İrana qarşı hər hansı siyasi çıxışların sayı da minimuma enib".

İran ordusu

Şəklin mənbəyi, IRNA

İranın hərbi təlimlərindən sonrakı münasibətlər: Nə gözlənir?

BBC News Azərbaycancaya danışan təhlilçilər düşünür ki, İran-Azərbaycan arasında müşahidə edilən bu gərginlik hər hansı ciddi hərbi toqquşmalara səbəb olmayacaq, əksinə, getdikcə səngiyəcək.

Zərdüşt Əlizadəyə görə, bunu İran-Azərbaycan arasındakı ortaq maraqlar diktə edir: "Siyasətdə belə manevrlər olur. Amma köklü maraqlar tələb edir ki, hər iki ölkə sadiq münasbiətləri qoruyub saxlasın".

Fazil Mustafa İrandan Azərbaycandan hər hansı hərbi təhlükə olmayacağı əminliyini həm də Şuşa bəyannaməsi ilə əsaslandırır.

İkinci Qarabağ müharibəsi zamanı azad edilmiş Şuşada bu yay Türkiyə və Azərbaycan arasında imzalanan Müttəfiqlik sazişinə görə, hər iki ölkə üçüncü ölkənin onun ərazisinə təcavüzü olduğu təqdirdə bir-birini müdafiə etmək öhdəliyi götürüb.

Sülhəddin Əkbər Azərbaycanla İran arasında münasibətlərin sakit axara düşəcəyini deyərək İranın daxili işlər naziri Ahmed Vahidinin son açıqlamasına istinad edir: "İran təcrübəli dövlətdir və bilir ki, qırmızı xətt hardan keçir və hardan geri dönmək lazımdır".

Ahmad Vahidi deyib ki, onlar Azərbaycan daxil bütün qonşuları ilə "dostluqlarını elan ediblər".

"Əgər bəzi məsələlər və yanlış anlaşma varsa, bunlar diplomatik yolla çözülək", - deyə o əlavə edib ki, daxili işlər nazirliyi bununla məşğul olur.