“Bakı bəyannaməsi ilə Türkiyə, Azərbaycan və Pakistan güclü ittifaq yaradır” - təhlilçi

Şəklin mənbəyi, Milli Məclis
Azərbaycan, Türkiyə və Pakistan "xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı, eləcə də bir neçə digər sahələr üzrə əməkdaşlığı genişləndirməyə" razılaşıblar.
Bu barədə üç ölkə parlamentinin sədrlərinin iyulun 27-də imzaladığı "Bakı Bəyannaməsində" deyilir.
Bəyannamədə "hibrid müharibələr və İslamafobiyaya meyilli ölkələrə" görə ortaya çıxan təhdidlərə qarşı mübarizə, qarşılıqlı maraq kəsb edən regional və qlobal mövzularda yaxından fəaliyyət göstərmək haqqında əməkdaşlıq da qeyd olunub, Anadolu Agentliyi yazır.
Sənəddə üç ölkə arasında nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya və kommunikasiya texnologiyası sahəsində regional əməkdaşlıq üçün hər üç ölkənin hökumətinin dəstək olacağı razılaşdırılıb.
"Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə dostluğunu daha da möhkəmləndirdi. Bu görüşdə imzalanan Bakı Bəyannaməsi ölkələrimizin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir", - Azərtac Mustafa Şentopa istinadən yazır.
Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, bu bəyannamə ilə Türkiyə, Azərbaycan və Pakistan "güclü ittifaq" yaradır.
"Azərbaycanın ayrılıqda həm Türkiyə, həm də Pakistanda strateji əməkdaşlığı var. Məhz bu iki ölkə Azərbaycanın müstəqilliyini tanıyan ilk iki ölkədir. Ermənistanla müharibə zamanı da ən güclü dəstəyi bu iki ölkədən aldıq. İndi bu əlaqələri üçtərəfli formada rəsmiləşdirməyin zamanı yetişib".

Şəklin mənbəyi, Elxan Şahinoğlu/Facebook
Politoloq söyləyir ki, Azərbaycanın iştirak etdiyi Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran kimi üçtərəfli formatların sırasına Azərbaycan-Türkiyə-Pakistan formatını da əlavə etmək olar və bu format çərçivəsində prezidentlər və XİN başçıları görüşə bilərlər.
Elxan Şahinoğlu düşünür ki, imzalanan "Bakı Bəyannaməsi" Azərbaycan "milli və təhlükəsizlik" maraqlarına uyğundur və burada söhbət təkcə "Azərbaycanın ərazi bütövlüyündən getmir".
"İndi Əfqanıstanda ciddi problem yaranıb, Azərbaycan da bu ölkəni özünə dost və qardaş dövlət sayır. Gələn xəbərlərə görə ki, Türkiyə Kabul hava limanını qoruyacaq, orada Azərbaycan hərbçilərini də görmək istəyirlər. Taliban Əfqanıstanda çox böyük gücə sahib olur. Bizim Əfqanıstanla bağlı müəyyən nəqliyyat layihələrimiz var və Taliban hakimiyyətə gəlsə, biz məcbur qalıb onlarla da əlaqə qurmalı olacağıq. Talibanın üzərində əsas təsir imkanları isə Pakistandır. Ona görə, biz Talibanla müəyyən təmaslar qura bilərik".
Cənab Şahinoğlu deyir ki, II Qarabağ müharibəsi və ondan sonrakı dövr göstərib ki, Türkiyə artıq Cənubi Qafqazda və Azərbaycanda "kifayət qədər nüfuz sahibidir və yerləşib".
"Azərbaycan Türkiyə və Pakistanla birgə ittifaq yaratmaqla, bəyannamə imzalamaqla Ermənistana mesaj göndərir ki, keçmişdə olduğu kimi Azərbaycan torpaqlarına hücum edəcəyi halda tək Azərbaycan ordusunu deyil, Türkiyə və Pakistan hərbçilərini görə bilərsiniz. Necə ki, ermənilər deyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onları müdafiə etməlidir, bizim də müdafiə sistemimiz yaradılıb."
Elxan Şahinoğluna görə, bu, həm də "Moskvanın özünə qarşı da mesajdır ki, Azərbaycana qarşı kim təxribat etmək istəsə, artıq qarşısında üç ölkənin hərbi və siyasi ittifaqını görəcək".

Şəklin mənbəyi, BBC






