Putin Əliyevə: “kompromisli həllərin tapıldığına görə sizə təşəkkür etmək istəyirəm"

Şəklin mənbəyi, Azərtac
İlham Əliyev Moskvada işgüzar səfərdədir, Ermənistanda istefa, Amazon şirkətinin yaradıcısı kosmosa uçub qayıtdı,Robert Koçaryan mandatından imtina edib, Azərbaycan və Ermənistan XİN-ləri bir-birini beynəlxalq prinsiplərə hörmət etməməkdə günahlandırır, - daha ətraflı BBC News Azərbaycancanın icmalında
Azərbaycan və Rusiya prezidentlərinin görüşündə Prezident Vladimir Putin "Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsilə bağlı kompromis qərarlar tapdığı" üçün İlham Əliyevə təşəkkürünü bildirib:
"Bilirəm, əlbəttə ki, buna böyük diqqət, əhəmiyyət verirsiniz. Və kompromisli həllərin tapıldığına görə sizə təşəkkür etmək istəyirəm".
İlham Əliyev Vladimir Putinlə daima təmasda olduğunu bildirib, Kremlin yaydığı rəsmi məlumatda deyilir.
"Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim".
İlham Əliyevin dediyinə görə, müharibə başa çatandan sonra Vladimir Putinlə şəxsi ünsiyyət, Moskvada keçirilən görüş, həm də telefon təmasları "vəziyyətin sabitləşməsində çox vacib rol oynayıb".
"Ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb, - Azərtac agentliyində İlham Əliyevin sözləri iqtibas olunur. - Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq".
Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə Prezident Vladimir Putinin dəvətiylə iyulun 20-də gəlib.
Görüşdən əvvəl Kreml bildirib ki, Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların həyata keçirilməsiylə bağlı "praktiki aspektlər" diqqət mərkəzində olacaq.
Moskvada başlayan görüş Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərgin qalmasına təsadüf edir. Son günlər sərhədin Naxçıvan istiqamətində atışmalar davam edib və hər iki tərəfdən yaralananların olduğu bildirilir. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Şəklin mənbəyi, ria.ru
Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Harutyunyan istefa verib
Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Harutyunyan istefa verib.
Onun istefa səbəbləri açıqlanmır.
Ölkə mediası onun yerinə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-mayor Arşak Karapetyanın təyin ediləcəyini yazır.

Şəklin mənbəyi, Blue Origin
Öz gəmisində kosmosa uçan Bezos geri qayıdıb
Çərşənbə axşamı günü göyərtəsində, o cümlədən milyarder Jeff Bezos olan New Shepard kosmik raketi kosmosa uçduqdan 11 dəqiqə sonra paraşütlə Qərbi Texas səhrasına enib.
"Həyəcanlıyam. İnsanlar məndən narahat olub-olmadığımı soruşurlar. Narahat deyiləm, maraq marağım aşıb-daşır. Nə öyrənəcəyimizi bilmək istəyirəm".
Bu sözləri Jeff Bezos uçuşdan əvvəl deyib.
Dünyanın ən varlı adamı olan Jeff Bezos-u onun qardaşı Mark Bezos, 82 yaşlı aero-kosmik sənaye veteranı Wally Funk və 18 yaşlı tələbə - Oliver Daemen müşayiət edib.
Onlar Bakı vaxtilə saat 17:12-da Bezos-un Texas ştatındakı özəl buraxılış sahəsindən havaya qalxıb və sub-orbital uçuşdan sonra paraşütlə yerə qayıdıblar.
New Shepard gəmisi kosmik turizm bazarına xidmət etmək üçün Bezos-un Blue Origin şirkəti tərəfindən inşa edilib.
Bezos bu uçuşu çoxdan planlaşdırırdı. O, şirkətinin gəmisində stratosferin kənarına uçan ikinci "kosmik milyarder" olub.
Birincisi 11 iyulda kosmosa uçuş edən britaniyalı sahibkar Richard Branson olub.

Şəklin mənbəyi, Blue Origin
Koçaryandan imtina qərarı

Şəklin mənbəyi, VAHRAM BAGHDASARYAN/AFP/Getty Images
Ermənistanın ikinci prezidenti Robert Koçaryan mandatından imtina edib.
O bu barədə Facebook hesabında yazıb.
Robert Koçaryan erkən parlament seçkisində "Ermənistan" blokundan ölkənin baş nazirliyinə namizəd idi.
Keçmiş prezident deyib ki, yerini komandasının bir üzvünə verməsi daha düzğün olardı, çünki o, "xaraktercə icra hakimiyyətinə mənsubdur".
Robert Koçaryan vurğulayıb ki, onun parlamentə getməmək qərarı mübarizədən geri çəkilməyi mənasına gəlməməlidir. O, blokun lideri olaraq qalacağını və gündəlik, davamlı olaraq "gələcək qələbəyə töhfə verəcəyini" bildirib.

Şəklin mənbəyi, Azertac
Leyla Abdullayeva: "Əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüz siyasəti olmasaydı..."
Azərbaycan Ermənistanın Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlamasını "növbəti cəfəngiyyat" sayır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirir ki, Ermənistan tərəfinə Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərində hələ də minlərlə erməni yaşadığını xatırlatmaq istəyir: "Əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüz siyasəti olmasaydı, bu rəqəm çox yüksək olardı".
Azərbaycan XİN-i Ermənistanı "bölgənin ən kiçik və zəif ölkəsi" kimi "tarixi" xülyalardan çıxış edərək qonşu ölkələrə qarşı ərazi iddiaları ilə" çıxış etməkdə ittiham edir və bunun "heç də müdrik siyasət" olmadığını deyir.
Leyla Abdullayevanın açıqlamasında vurğulanır ki, bölgədə sülh və təhlükəsizliyi təmin etmək, iki ölkə arasında münasibətləri normallşdırmaq üçün "tarixdə saysız-hesabsız "kəşflərin" müəllifi olan Ermənistanın yeni "icadına"ehtiyac yoxdur, bunun yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməkdir".
Ermənistan XİN-in nə deyib?
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) iyulun 19-da bildirib ki, Ermənistana qarşı "saxta ərazi və tarixi iddialar irəli sürən Azərbaycan bir tərəfdən Dağlıq Qarabağ münaqişəsini beynəlxalq gündəmdən çıxarmağa, digər tərəfdən regional təhlükəsizlik və sabitliyə yeni təhdidlər yaratmağa çalışır".
Ermənistan XİN-i yerli mediaya açıqlamasında 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməsi ilə bağlı Azərbaycan XİN-in əvvəlki açıqlamasına toxunaraq qeyd edib:"Əgər sözü gedən sənədin müvəqqəti köçkünlərin yerləşdirilməsinə dair müddəasına Azərbaycanın interpretasiyasından yanaşsaq, onda erməni qaçqınlar Naxçıvan, Gəncə, Bakı, Sumqayıt və indiki Azərbaycanın əvvəllər yaşadıqları ərazilərinə qayıtmalıdırlar".
Ermənistan XİN-in açıqlamasında deyilir ki, onlara Azərbaycanın "tarixi" sözünün müəyyən edilməsinin kriteriyasını anlamaq çətindir".
"Məcburuq bir də yada salaq ki, tarix, coğrafi və siyasi tarixi bir əsrdən az olan ölkənin güclü tərəfi ola bilməz. Azərbaycanlı sözü isə ümumiyyətlə ondan da təzə sözdür," -Ermənistan XİN-i açıqlamasında bildirib.
Ermənistan XİN-in açıqlamasında göstərilib ki, onlar Dağlıq Qarabağda erməni xalqının xalqının öz müqəddaratını təyinetmə hüququnu reallaşdırması, "etnik təmizləməyə məruz qalmış ərazilərinin işğaldan çıxarılması" və 10 noyabr bəyanatına uyğun şəkildə erməni əhalinin bu ərazilərə qaytıması mövqeyindən çıxış etməkdə davam edəcək.
Ermənistan XİN-i vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında dinc tənzimləmə prosesinin bərpası regionda uzunmüddətli sülh üçün ilkin şərtlər yarada bilər.







