Koçaryan: Putin qarışmasaydı, "Azərbaycan Dağlıq Qarabağı bütövlükdə alacaqdı”

Kocharyan - Pozner
Şəklin alt yazısı, Robert Koçaryan rusiyalı jurnalist Vladimir Poznerin verilişində

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan Rusiya 1-ci kanalına müsahibə verib, DSX əsgərinin intihar etdiyi bildirilir, bu gündən Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayır, - daha ərtaflı BBC News Azərbaycancanın icmalında.

Koçaryan - Poznerə: Putin qarışmasaydı, "Azərbaycan Dağlıq Qarabağı bütövlükdə alacaqdı"

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan Rusiya 1-ci televiziya kanalının "Pozner" proqramı efirində məşhur Moskva jurnalisti Vladimir Poznerə müsahibə verərkən Putinin İkinci Qarabağ Müharibəsində oynadığı rola işıq salıb.

Vladimir Pozner Koçaryana belə bir sual verib: "Demək olarmı ki, Rusiyanın iştirakı olmasaydı, çox güman ki, bu müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağı bütövlükdə alacaqdı?"

Robert Koçaryanın bu suala cavabı belə olub: "Rusiya Prezidenti şəxsən fəal şəkildə işə qarışmasaydı, çox güman ki, sonluq belə də olacaqdı."

Koçaryan Ermənistanda bəzi qüvvələrin Yerevanın müharibədə məğlub olmasında Rusiyanı günahlandırmağa çalışdıqlarını qeyd edib.

Rusiya Ermənistana xəyanət edibmi?

"Bu mövzu çoxdan, hələ müharibədən əvvəldən, xüsusilə Ermənistanın Rusiya meylli olmasından narazı qüvvələr tərəfindən hallandırılır. İndi yeni vəziyyət yaranıb, və həmin qüvvələr Rusiya əleyhinə əhval-ruhiyyələri qızışdırmaq üçün dəridən-qabığdan çıxırlar. Lakin Rusiya müharibəni təhrik etməyib, Rusiya onu dayandırmaq üçün bütün mümkün imkanlardan istifadə edib", - Koçaryan deyib.

Koçaryan hələ oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putinin, azərbaycanlıların Şuşaya qayıtması şərti ilə, "müharibənin dayandırılması təklifini" xatırladıb.

Koçaryanın sözlərinə görə, müharibəni tamam başqa şəraitdə dayandırmaq imkanı olub, lakin Ermənistan Baş naziri Nikol Paşinyan belə qərar üçün məsuliyyəti öz üzərinə götürmək istəmədi. Və nəticədə Ermənistan qat-qat çox ərazi və insan itkisi verdi.

Rusiyanın Azərbaycana silah tədarük etməsi ilə bağlı sualın cavabında Koçaryan deyib ki, Rusiya olmasaydı, Azərbaycan başqa yerdən silah alardı.

Robert Koçaryan: "Ağlı başında olan insan revanş haqqında düşünməz"

Ermənistan ordusunun hazırkı vəziyyəti revanş haqqında düşünməyə imkan vermir, Ermənistanın ikinci Prezidenti Robert Koçaryan Rusiya 1-ci kanalının "Pozner" proqramında deyib.

"Ermənistan ordusu indi elə bir vəziyyətdədir ki, ayıq düşüncəli heç bir insanın ağlına revanş haqqında fikir gəlməz", - deyə Koçaryan "əgər hakimiyyətə gəlsə, revanş haqqında düşünəcəkmi" sualının cavabında bildirib.

O, həmçinin deyib ki, "ədalətsiz sülh uzunmüddətli və əbədi ola bilməz".

"Odur ki, vəziyyətə bu cür baxmaq lazımdır: biz münaqişəyə son qoymaq istəyiriksə, gərək onun ədalətli həllini tapaq," - Koçaryan əlavə edib.

Robert Koçaryan, həmçinin, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti rayonlarına daxil olan itirilmiş ərazilərin bəzi hissələrinin qaytarılması ətrafında danışıqlar aparılmasını mümkün hesab edir.

O, sözügedən ərazilərin hansı statusda qaytarılmasını deyə bilməsə də, müəyyən perspektivlər olduğunu bildirib.

Azərbaycan və Ermənistan arasında ötən payız başlamış və 44 gün davam etmiş müharibə nəticəsində Azərbaycan işğalda olan ərazilərinin böyük bir hissəsini geri qaytarıb.

Hazırda bölgədə rus sülhməramlıları atəşkəsə nəzarət edir.

Koçaryan: "Ermənistan üçün ən böyük təhlükəni Türkiyə kəsb edir"

Robert Koçaryan

Şəklin mənbəyi, 1tv.ru

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan hesab edir ki, ən böyük təhdidi Ermənistan üçün Türkiyə kəsb edir. Bunu o, Rusiya Birinci televiziya kanalının "Pozner" proqramında deyib.

"Bizim üçün Türkiyədən gələn təhlükə tarixi, ekzistensial xarakter daşıyır. Bu, ermənilər tərəfindən təhdid kimi qavranılır, və deməliyəm ki, biz də Türkiyə tərəfindən təhlükə kimi qavranılırıq," - Koçaryan deyib.

Onun sözlərinə görə, Ermənistan ehtiyatlanır ki, sərhədlər açılsa, Türkiyə əlindən gələni edər ki, Ermənistan biznes və iqtisadiyyat baxımından Acarıstanın bənzəyişinə çevrilsin.

"Mən burada müəyyən təhlükə görürəm. Ümumiyyətlə bizim Rusiyaya səmtləşməyimiz tək Türkiyəni deyil, amerikalıları da qıcıqlandırır. Və bu geosiyasi təqsimin dəyişməsi üçün Ermənistanda müxtəlif təşkilatlar çox fəal işləyir", - Koçaryan "neoqlobalizm ideya və dəyərlərini təbliğ edən" şərti "sorosçular" adlanan qeyri-hökumət təşkilatları nəzərdə tutduğunu bildirib.

Robert Koçaryan erkən seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak edəcək

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan iyunun 20-də keçirildiyi nəzərdə tutulan erkən parlament seçkilərində partiyalar bloku tərkibində iştirak edəcək. Bu barədə Koçaryan aprelin 5-də Rusiya 1-ci TV kanalının "Pozner" proqramına müsahibəsində bəyan edib.

Koçaryan xatırladıb ki, 10 il ölkə başçısı olsa da, bitərəfdir, heç bir partiya üzvü olmayıb.

"Partiyalar blokunun rəhbəri qismində iştirak edəcəyəm. Yəqin ki, iki partiya olar", - Koçaryan deyib.

Koçaryan blokun hansı siyasi partiyalardan yaradılacağı barədə bir söz deməyib, lakin Ermənistan mediasında bu partiyalardan birinin - Daşnaksutyun Erməni İnqilabi Federasiyası olduğu barədə şayiələr yayılır.

DSX

Şəklin mənbəyi, Azərtac

Dövlət Sərhəd Xidmətinin əsgərinin intihar etdiyi bildirilir

Hərbi hissədə odlu silahdan atəş açaraq özünü öldürdüyü iddia edilən əsgərin ölümü ilə bağlı cinayət işi açılıb.

Hərbi Prokurorluqdan BBC News Azərbaycancaya bildiriblər ki, bu il martın 29-da Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əli İsmayılovun odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, Hərbi Prokurorluq bildirir.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir,"- qurum qeyd edir.

Tass Rusiya Ukrayna

Şəklin mənbəyi, TASS

ABŞ Moskvadan izahat istəyir

ABŞ Dövlət Departamenti bazar ertəsi günü Rusiya qoşunlarının Ukrayna ilə sərhəd yaxınlığında hərəkətliliyi barədə məlumatlara görə Moskvadan izahat istəyir. Rusiya tərəfindən Ukrayna sərhədi yaxınlığına qoşun yığılması Waşinqton və Moskva arasında onsuz da gərgin olan münasibətlərin pisləşməsində bir başqa amil oldu.Dövlət Departamentinin sözçüsü Ned Price ABŞ-ın Moskvanın Ukraynaya hərbi təcavüzə hazırlaşdığına inandığını deməsə də, Waşinqtonun Rusiyanın qonşusunu qorxutmaq cəhdləri ilə məşğul olacaqlarını bildirib.Cümə günü ABŞ Prezidenti Joe Biden telefon söhbətində ukraynalı həmkarı Volodimir Zelenski-yə Waşinqtonun "sarsılmaz dəstəyindən" əmin ola biləcəyini deyib.

İngiltərə Baş naziri Boris Johnson da Zelenski ilə danışaraq, Londonun Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb. "Bu gecə Prezident Zelenskiylə Ukrayna ilə sərhəddə Rusiyanın hərbi fəaliyyətini sabitləşdirməklə bağlı narahatlığımız barədə danışdıq," - deyə Johnson bazar ertəsi Twitter səhifəsində yazıb.Rusiya öz qoşunlarının Ukrayna ilə sərhəd yaxınlığında hərəkətliliyinin bu ölkə üçün hər hansı təhlükə yaratması barədə ittihamları rədd edir.

Bakı və Ankara birgə hərbi rabitə

Şəklin mənbəyi, Getty Images

Bu gün Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb

Bu gündən Bakı və Ankara birgə hərbi rabitə təlimlərinə başlayır.

Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən başlayır.

Azərbaycan Müdafiə Nazirliyinin aprelin 4-də açıqladığı məlumata əsasən, təlimlər zamanı "hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər".

"Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq," - qurum bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya "təlimlərin Azərbaycan ərazisində keçirildiyini" açıqlayıblar.

Təlimlər aprelin 8-dək davam edəcək.