Azərbaycan-Türkiyə təlimləri mediada: Ermənistana "göz dağı"

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir. İki ölkənin silahlı qüvvələrinin iştirak etdiyi birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib, Müdafiə Nazirliyinin bazar günü yaydığı məlumatında deyilib.
"Plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb", - rəsmi məlumatda deyilib.
Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.
Təlimlər davam edir.
F-16 təyyarələri Azərbaycana gəlib

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
"TurAz Qartalı-2020" təlimlərində iştirak edəcək F-16 təyyarələri Azərbaycana gəlib, Müdafiə Nazirliyi cümə günü məlumat yayıb.
"TurAz Qartalı-2020" birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti isə cümə axşamı günü Gəncə şəhərinə gəlib.
Cümə axşamı günü Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinə görə, birgə manevrlər hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq illik plana əsasən keçirilir.
BBC News Azərbaycanca təlimlər barədə mediaya nəzər salıb.
Ermənistan "vəziyyəti izləyir"
Azərbaycana türk əsgərləri gələn gün Rusiya ilə Ermənistan arasında görüş keçirilib. Bu barədə Lraqir.am portalı bildirir.
Məlumatda deyilir ki, Ermənistanın müdafiə naziri David Tonoyan və Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin regional vəziyyəti müzakirə ediblər.
David Tonoyan deyib ki, "Ermənistan hərbçiləri və vahid erməni-rus qruplaşması vəziyyətə nəzarəti davam etdirir və hadisələrin hər hansı inkişafına hazırdır."
Təxribat, yoxsa sülhə töhfə?
Bununla yanaşı, rəsmi Yerevan təlimlərə öz etirazını bildirib.
Bu məlumatı Ria Novosti də daxil, Rusiyanın aparıcı agentlikləri yayıb. Xəbərə görə, Ermənistanın XİN-in nümayəndəsi Anna Naqdalyan hərbi təlimləri münaqişənin həllinə maneə törədəcək “təxribat” kimi səciyyələndirir.
Ria Novosti həmçinin Azərbaycanın rəsmi mövqeyinə də yer ayırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayevanın sözlərinə əsasən, təlimlər regional sülhün və təhlükəsizliyin möhkəmlənməsinə “töhfə verir”.
Hərbi və təbliği komponent
Sputnik Ermənistan nəşrindəki məqalədə təlimlərin iki mühüm hissədən ibarət olduğu vurğulanır.
"Bu təlimləri təhlil etsək, onda iki - sırf hərbi və təbliği tərkibi vurğulamağa dəyər. Hərbi baxımdan, yeni bir şey görmürük - əvvəlki illərdə oxşar formatda təlimlər keçirilib,” - Orbeli analitik mərkəzinin hərbi eksperti Taron Hovhannisyan bildirir.
Ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında hərbi və silah-sursat standartları arasında fərqlər mövcuddur və bu amili nəzərə almaq lazımdır.
"Türkiyə əsasən NATO silahları ilə təchiz olunub," - Taron Hovhannisyan deyr.
"Bildiyimiz kimi, Azərbaycanda əsasən Sovet/Rusiya istehsalı olan silahlardır. Hava hücumundan müdafiəyə aid bəzi təmas nöqtələri var, ola bilsin diqqəti bu mövzuya yönəltməyə çalışacaqlar".

Şəklin mənbəyi, MÜDAFIƏ NAZIRLIYI
Türkiyə və Azərbaycan "hərəkətə keçdi"
Təlimlər haqqında yazan bəzi türk qəzetləri Azərbaycan və Türkiyənin konkret hərbi əməkdaşlığa başladığını qeyd edir. Bunun misalını Vatan qəzetinin başlığında görmək olar: “Və tamamlandı! Türkiyə və Azərbaycan hərəkətə keçdi”.
“Hazırlıqlar tamamlandı! Türkiyə və Azərbaycandan ortaq təlimlər,” - yazan Milliyet nəşri Naxçıvana gələn türk əsgərlərinin təntənəli qəbulunu təsvir edən video yayıb.
Akşam qəzeti isə təlimlər barədə öz yazısının başlığına Azərbaycan rəsmisinin sözlərini çıxarır: “Azərbaycan Prezidentinin köməkçisi Hacıyevin Türkiyə ilə ortaq təlimlər açıqlaması: düşmənə güclü bir mesaj verəcək”.
Hüriyyetin "Ermənistana qarşı göz dağı: Azərbaycanla nəhəng təlim" başlıqlı xəbərində deyilir ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz bölgəsində aparılan döyüşlərdən sonrakı gərginlik ardınca Türkiyə Bakıya dəstəyini göstərməyə qərar verdi.
Bu çərçivədə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı ortaq təlimləri Ermənistana "göz dağı olacaq," - Hürriyet nəşrinin yazarı Uğur Erqanın məqaləsində deyilir.
Azərbaycan və Türkiyənin manevrləri kontekstində bir çox yazıda Tovuzda baş verən döyüşlər və Rusiya qoşunlarının Qafqazlardakı son təlimləri də yada salınır.
Eadaily nəşri Rusiyanın Şimali və Cənubi Qafqazda batalyon taktiki təlimlərində 5 min əsgərin iştirak etdiyini qeyd edir. Məqaləyə əsasən, "Qafqaz-2020" genişmiqyaslı təlimlərə hazırlıq sayılan bu manevrlər Dağıstan, Şimali Osetiya, Çeçenistan, Abxaziya və Cənubi Osetiyada keçirilib.







