"Müharibə heç kimə sərf etmir". Ekspertlər Ermənistan və Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinin səbəbləri haqqında

Şəklin mənbəyi, Reuters
Bir neçə gün ərzində toqquşmalar və artilleriya atəşi davam etmiş Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur.
İyulun 12-dən başlayan döyüşlərdə Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb. Bu, 2016-cı ilin aprel ayından bəri regionda baş verən ən ciddi sərhəd münaqişəsidir.
Bakı ilə Yerevan arasında münaqişənin yeni kəskinləşməsi bazar günü Azərbaycanın Tovuz rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında sərhəd sahəsində başlayıb.
Gərginlik ocağı Ermənistan və Azərbaycanın artıq 30 ildən çoxdur ki, uğrunda mübarizə apardıqları Dağlıq Qarabağdan təxminən 300 km. aralıda yerləşir. Azərbaycanın Tovuz rayonu Gürcüstanla da həmsərhəddir.
Qarşılıqlı ittihamlar
Dağlıq Qarabağa görə 30 il münaqişə vəziyyətində olan Ermənistan və Azərbaycan bir-birini mübahisəli bölgədən şimalda yerləşən birgə sərhəd sahəsində atəşkəs rejimini pozmaqda ittiham ediblər.
İyulun 12-də Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan hərbçiləri dövlət sərhədini iki dəfə pozaraq dayaq məntəqəsini ələ keçirməyə cəhd ediblər.
Bakıda bəyan ediblər ki, Ermənistan tərəfi heç bir səbəb olmadan artilleriya silahlarından birinci olaraq atəş açıb və bununla da atəşkəs rejimini kobudcasına pozub.
Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, erməni hərbçiləri Azərbaycanın kəndlərini deyil, yalnız infrastruktur və texnikanı atəşə tutub.
Azərbaycan tərəfi də Ermənistanda dinc sakinləri və mülki yaşayış məntəqələrini atəşə tutmadığını bəyan edib.
Bakıda etirazlar
Bakıda çərşənbə gecəsi miqyaslı etiraz aksiyası keçirilib. İştirakçılar “Qarabağ!”, “Qəhrəmanlar ölməz, Vətən bölünməz!” şüarları səsləndirib, orduya dəstək bildirib və Qarabağın geri qaytarılmasını, prezidentdən isə Ermənistana müharibə elan etməyi tələb ediblər.
Gecə yarısı kütlə Şəhidlər Xiyabanı və yaxınlıqda yerləşən Milli Məclisin binası qarşısına toplaşıb. Bir çoxlarının əlində Azərbaycan və Türkiyə bayraqları olub.
Kütlənin bir hissəsi parlament binasına daxil olub. Yalnız bundan sonra polis gözyaşardıcı qaz və su şırnağı tətbiq edərək insanları meydandan sıxışdırmağa başlayıb və bəzi iştirakçıları saxlayıb.
Kortəbii aksiyanın iştirakçılarının dəqiq sayını hesablamaq çətindir, lakin söhbət ən azı minlərlə iştirakçıdan gedir. Aksiya Bakıda gündə iki saatdan artıq müddətdə küçəyə çıxmağa və beş nəfərdən çox adamın yığışmasına qadağa qoyulduğu karantin rejiminə baxmayaraq keçirilib.
Belə icazəsiz aksiyalar Azərbaycana xas deyil. Siyasi şərhçi Şahin Rzayev qeyd edir ki, son dəfə bu miqyasda aksiya 2016-cı ildə yüzlərlə əsgərin həyatına son qoymuş Qarabağda dördgünlük müharibə zamanı baş verib.
Yerevan nə deyir
Rəsmi Yerevan eskalasiya müddəti ərzində sərhəddə vəziyyətin Ermənistan ordusunun nəzarətində olduğunu təkrar-təkrar bildirib və mütəmadi olaraq Azərbaycan texnikasının və mövqelərinin məhv edildiyini xəbər verib.
Axşam çərşənbə axşamı 10 dronun, çərşənbə səhər isə daha iki dronun məhv edildiyi bildirilib. Lakin həmin saya özünü məhv edən dronların daxil olub-olmadığı dəqiqləşdirilmir.
Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan və Ermənistan tərəfinin Elbit Hermes 900 İsrail pilotsuz təyyarəsi kimi müəyyənləşdirdiyi dronun məhv edilməsi videosu hərbi ekspertlər arasında maraq doğurub.
Ermənistan rəsmilərinin sözlərinə görə, o, (SSRİ-də istehsal olunan) "Osa" zenit-raket kompleksi ilə vurulub. Bakıda pilotsuz uçan aparatın itirilməsini inkar edirlər və iddia edirlər ki, erməni dronunu vurublar, lakin bunun sübutu təqdim olunmayıb.
Ermənistan XİN-I eləcə də yaşayış məntəqələrinin atəşə tutulduğunu bildirib. Bu məqalənin işıq üzü gördüyü anadək erməni tərəfində mülki əhali arasında tələfat olmayıb.
KTMT və Rusiyaya suallar
Ermənistan - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, həmin müqavilənin 4-cü maddəsi nəzərdə tutur ki, dövlətlərdən birinə qarşı təcavüz hamıya qarşı təcavüz kimi qiymətləndirilir. Yerevanda əmindirlər ki, sərhəddə atışma məhz Azərbaycanın təcavüzündən başlayıb və bu mövqeyi rəsmi nümayəndələr Moskvaya çatdırıblar.
"Biz KTMT-yə müraciət edərək diqqəti ona cəlb etməyə çalışdıq ki, Ermənistana qarşı təcavüz faktı baş verir", - deyə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan RİA Novosti agentliyinə bildirib.
Əgər status mübahisəli olan Dağlıq Qarabağda toqquşmalar baş verdiyi halda KTMT-nin müdaxilədən yayınmaq üçün formal səbəbləri qalırdısa, indi söhbət beynəlxalq birlik tərəfindən tanınmış Ermənistanla Azərbaycan arasındakı sərhəddən gedir.
Lakin KTMT-də Yerevanı dəstəkləməyə tələsmirlər və ziddiyyətli siqnallar göndərirlər. Bazar ertəsi təşkilatın saytında eskalasiyanın müzakirəsi üçün təcili iclas keçirilməsi barədə xəbər yayılmışdı, lakin tezliklə həmin xəbər saytdan yığışdırıldı. Təşkilat hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırıb.
Bütün bunlar bir sıra erməni siyasətçilərini və şərhçilərini bloka üzv olmağın məqsədəuyğunluğunu və Rusiyanı ölkənin təhlükəsizliyinin qarantı kimi müzakirə etməyə məcbur edir.
KTMT Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın da orada iştirakına baxmayaraq, ilk növbədə, Rusiyanın xarici siyasətinin aləti kimi qəbul olunur.
"Ermənistan KTMT-nin üzvüdür. Azərbaycan KTMT-nin üzvü DEYİL. Məhz buna görə də KTMT Azərbaycanın təxribatlarını pisləməli, yalnız Azərbaycan tərəfini atəşi dayandırmağa çağırmalı, hər iki tərəfə yönəlmiş mənasız bəyanatlar verməməlidir", -parlament müxalifətinin liderlərindən olan Edmon Marukyan Twitter-də yazıb.
Ermənistanın "Aravot" qəzetinin redaktoru Aram Abraamyan KTMT-nin Ermənistan üçün faydasını "keçidən süd gözləməklə" müqayisə edib. O yazır ki, KTMT Ermənistanın təhlükəsizliyinə zəmanət vermir, lakin blokdan çıxmaq Moskva ilə münasibətlərin pisləşməsi ilə nəticələnə bilər, odur ki, yeganə realistik mövqe - kağız üzərində mövcud olan bu alyansla dil tapmaq və ondan heç nə gözləməməkdir.
Rusiya ümumilikdə bu qarşıdurmadan məsafə saxlayaraq hər iki tərəfi atəşi dayandırmağa çağırır və danışıqlarda vasitəçilik etməyi təklif edir.
İrəvanın müttəfiqinin bitərəfliyi Türkiyənin mövqeyi ilə kəskin ziddiyyətdədir.
Müdafiə naziri Hulusi Akarın sözlərinə görə, onun rəhbərliyi "qardaş Azərbaycanı" qeyd - şərtsiz dəstəkləyir və hətta Ermənistanı təhdid edir, baxmayaraq ki, formal olaraq Bakı və Ankara bir hərbi blokda deyil (Türkiyə NATO-nun üzvüdür).
BBC-nin Rus xidməti ekspertlərdən Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsinin səbəblərini, eləcə də vəziyyətin mümkün inkişaf variantları barədə soruşub.
Münaqişənin kəskinləşməsi nə üçün baş verib?
Vladimir Novikov, politoloq, MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri:
Ermənistan-Azərbaycan dövlət sərhədində bu cür insidentlər əvvəllər də olub. Hadisələri izləyənlər Paşinyan və Əliyevin görüşdüyü və birgə mətbuat konfransı keçirdikləri bu ilin Münhen Təhlükəsizlik konfransını xatırlayırlar. Həmin görüşdə tərəflər nəyinki dil tapmadılar, onların sonrakı ictimaiyyət qarşısındakı dialoqu, yumşaq deyilsə, təkcə mehribançılıq yox, qarşılıqlı anlaşılmadan da uzaq idi.
Daxili siyasi səbəblər də var - Azərbaycana aid, onlar Əliyevi və onun silahdaşlarını hərəkətə həvəsləndirə bilərdi. Ölkədə epidemioloji vəziyyət o qədər də yaxşı deyil, kütləvi narazılıq artır. Başa düşdüyümüz kimi, "koronavirus böhranının" nəticələri Azərbaycana kifayət qədər güclü zərbə vuracaq. Buna görə narazıların diqqətini hansısa obyektə yönəltmək zərurəti yaranır. Tamamilə aydındır ki, Qarabağa görə daim közərən münaqişə belə bir obyekt roluna uyğun gəlir.
Biz Ermənistanda bir-birinin üzərinə düşən bir neçə prosesi görürük. Birincisi, Ermənistan "koronaböhrandan" regionun ən çox zərər çəkmiş ölkəsidir. İkincisi - hakimiyyətlə müxalifət arasında mübarizənin növbəti mərhələsi başlayan Ermənistanın özündəki siyasi vəziyyətdir. Və görünür, Bakıda belə qərara gəliblər ki, bu məqamda daxili tamaşaçıya hesablanmış asan zəfərli hərbi manevr nümayiş etdirmək olar.
İsmayıl Ağakişiyev, politoloq, MDU nəzdində Qafqazşünaslıq Mərkəzinin rəhbəri:
Biz xatırlayırıq ki, Ermənistanda inqilabdan sonra hakimiyyətə xalq tərəfindən seçilmiş yeni hökumət gəldi. Nikol Paşinyan özünün bildiyi kimi korrupsiyaçılarla mübarizə aparıb və söz verib ki, iqtisadi sıçrayışa nail olacaq. Və gücü nəyə çatırsa, onu edir.
Lakin Azərbaycanla münaqişə və iqtisadi blokada şəraitində (Azərbaycan və Türkiyə tərəfindən) vəd edilənləri yerinə yetirmək çox çətindir. Ermənistan rəhbəri vəzifəsində hər hansı digər siyasətçi də belə vəziyyətə düşərdi. Belə fors-major şəraitdə iqtisadiyyat necə inkişaf edə bilər? Bəli, erməni diasporu çox zəngindir, lakin onlar fors-majorlu əraziyə pul yatıran deyil.
Nikol Paşinyan vədlərini yerinə yetirmədi, çünki qeyd etdiyim vəziyyətdə bunu edə bilməyib. Pandemiya ilə bağlı isə vəziyyət daha da mürəkkəbləşib. Üstəlik, siyasi mübarizə də gedib: [Paşinyanın gəlişi ilə] hakimiyyəti itirmiş qüvvələr, təbii ki, narazıdırlar və təhlükə var idi ki, onlar əhalini mövcud hakimiyyətə qarşı qaldıra bilər.
Aleksandr İskandaryan, Qafqaz İnstitutunun direktoru (Yerevan):
Mən deməzdim ki, münaqişənin kəskinləşməsi qəfil olub. Bəli, həqiqətən, 2016-cı ildən bəri belə böyük toqquşma olmayıb. Özü də ki, 2016-cı ildə bu, Azərbaycan-Qarabağ sərhədində olub, indi isə Azərbaycan-Ermənistan sərhədində baş verir.
Amma orada həmişə atəş açılır, mən orada şəxsən olmuşam - Movses və Çinari kəndləri Azərbaycan tərəfindən atəşə tutulurdu. İkincisi, tarlalar atəşə tutulurdu, insanlar iş görə bilmirdi.
Mən bu problemi Sovet İttifaqının dağılmasından sonra ölkələr arasında sərhədlərin normal delimitasiyasının olmaması adlandırardım. Ermənistanda və Azərbaycanda bu problem münaqişə ilə daha da ağırlaşır. Münaqişənin mövcudluğu şəraitində sərhədlərin müəyyən olunmaması ona gətirib çıxarır ki, sistemdə daim belə qüsurlar baş verir.
Bu məsələnin həll edilməməsi ona gətirib çıxarır ki, vaxtaşırı sərhəddə toqquşmalar baş verir. Bu dəfəki isə kifayət qədər böyük toqquşmadır, insanlar həlak olub, olduqca çox sayda uçan aparatlar vurulub. Amma mən deməzdim ki, bu, prinsipcə nəsə yeni bir şeydir.
Thomas de Waal, Qafqaz üzrə mütəxəssis, CarnegieAvropa Mərkəzi:
Burada təsadüfi bir şey yoxdur. Atəşkəsin pozulması - siyasi qərardır. 2018-ci ildə Ermənistanda inqilabdan sonra hər iki liderin təlimatları və 2019-cu ilin "hər iki cəmiyyəti sülhə hazırlamaq" vədi sayəsində zorakılıq demək olar ki, heçə endi.
Bu, (hələ) 2016-cı ilin dörd günlük müharibəsinin təkrarı deyil. Mübarizə beynəlxalq səviyyədə tanınmış sərhəddə gedir. 2018-ci ilə qədər bu, sıx əhalisi olan bölgə atəşkəs razılaşmasının pozulduğu yer olub.
Lawrence Broers, Qafqaz münaqişələrinin tədqiqatçısı, "Barış resursları" təşkilatının Qafqaz proqramının direktoru, Londonda Beynəlxalq Münasibətlər Kral İnstitutunun eksperti ("Chatham-house”):
Münaqişənin bu eskalasiyasının miqyasının nə dərəcədə hesablandığı və ya planlaşdırıldığı hələlik aydın deyil. Göründüyü kimi, bu dərəcədə güclü olan qarşılıqlı atəşə məhz gözlənilməzlik elementi səbəb olub.
2016-cı ilin aprelində olduğundan fərqli olaraq bu dəfə böyük bir hücum əməliyyatının olmasına dair sübutun olmamasına baxmayaraq, hər iki tərəfin geri çəkilmək imkanının olmaması faktı mühüm görünür. Bu, müharibəyə hazırlığın çox yüksək dərəcədə olduğunu və hər iki dövlətin liderlərinin öz ölkələrində hakimiyyətin konsolidasiyası prosesləri başa çatmamış pandemiya vəziyyətinə düşdükləri faktını göstərir.
Bu, həmçinin onların üç illik atəşkəsdən istifadə etmək və yaranmış indiki vəziyyəti sakitləşdirməyə kömək edəcək sülh strategiyalarına investisiya etmək imkanını əldən verdiklərini göstərir.

Kim birinci olub?
İsmayıl Ağakişiyev:
Atışmanın Ermənistan tərəfindən başlanması - birmənalıdır. Çünki Azərbaycan hərbçiləri yalnız onların ərazisini işğal etmiş qüvvələrə qarşı atəş açardılar.
Üstəlik, onlar yaxşı başa düşürlər ki, Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq haqqında müqavilə var və Ermənistan KTMT-yə daxildir.
Azərbaycan qoşunları Ermənistan ərazisinə keçsə, Azərbaycanın problemləri yalnız Ermənistanla olmayacaq, bu, Azərbaycanın KTMT-nin bütün iştirakçılarına müharibə elan etməsinə bərabər olacaq. Bu isə Azərbaycana sərf etmir.
Thomas de Waal:
İndi kimin başladığı aydın deyil, lakin Azərbaycan daha maraqlıdır, çünki o, dünyaya vəziyyətin "normal olmadığını" xatırlatmağı sevir və 2018-ci ildən bu yana siyasi irəliləyişin olmamasından narazıdır. İyulun 7-də prezident Əliyev bu barədə açıq deyib.
Lakin, bir tərəf başlayan kimi, qarşı tərəf cavab verir və hər ikisi geri çəkilmək istəmir. Bu münaqişəyə hər iki tərəf dərin həssaslıqla yanaşır.
Biz hər iki ölkədə toparlanma effektinin təsirini görürük. Bu, hər iki hökumət üçün faydalıdır, çünki iqtisadi çətinliklər və pandemiyadan diqqəti yayındırır.

Niyə Qarabağda yox?
Azad İsazadə, hərbi ekspert:
Tovuzda sərhəddə təxribat baş verərsə, Azərbaycanın əməliyyat məkanını daxil olmaq imkanı yoxdur, çünki cəbhə xəttindən dərhal sonra erməni yaşayış məntəqələri yerləşir və Azərbaycan bu halda təcavüz edən tərəfə çevrilə bilər.
Azərbaycan yarım kilometr - bir kilometrlik eni olan zolaqda iş görməyə məcburdur, yəni Ermənistan risk altında deyil ki, Azərbaycan cəbhə xəttini yara bilər və 2016-cı ildən fərqli olaraq, dərinə irəliləyə biləcək heç bir hücumdan onlar artıq ehtiyatlanmır.

Bundan sonra nə olacaq?
Vladimir Novikov:
Burada, mənə elə gəlir ki, iki faktorun nisbəti məsələsi var. Birincisi, siyasətçilərin öz maraqlarını anlaması, ikincisi isə - bu siyasətçilərə ictimai rəy tərəfindən təzyiq. Əgər biz rasional maraqdan danışırıqsa, aydındır ki, həm Yerevanın, həm də Bakının rasional marağı bunu mümkün qədər tez dayandırmaqdan ibarətdir.
Nəticə göstərdi ki, geniş kütləyə hesablanan belə gözəl kiçik bir hərbi tamaşa alınmır, deməli, onu dayandırmaq lazımdır. İndi isə Bakı rəhbərliyinin ictimai rəyin girovuna çevriləcəyi ehtimalının nə dərəcədə mümkün olması sualı var.
Bəli, şübhəsiz, bir sıra əlamətlər - Bakıda mitinqlər, Türkiyənin bəyanatı və sairə - bunlar onu göstərir ki, regionda böyük müharibənin yaranması riski var. Lakin, lakin, lakin... Bunun bir çox "lakinləri" var. Biri var - ritorika, biri də var ki, indi insanlar hərbi vəziyyətə keçmək istəyirlərmi, ya yox.
Daha bir məqam - Moskva üçün xoşagəlməz olan bir situasiyadır, çünki faktiki olaraq, bu cür vəziyyət növbəti dəfə KTMT daxilində hansısa böhranın olduğunu göstərir. Biz başa düşürük ki, bunun baş verdiyi yer, artıq KTMT-nin məsuliyyət zonasıdır və biz artıq Ermənistan cəmiyyətində KTMT-nin işləmədiyi, KTMT-nin ölü qurum olduğu barədə səslər eşidirik.
Şübhəsiz ki, Moskva burada, başa düşdüyümə görə, özünün günahı olmadan, özü üçün o qədər də rahat olmayan vəziyyətə düşür.
Biz anlayırıq ki, KTMT-də qarşılıqlı öhdəliklərlə bağlı yekdillik yoxdur və bunun olmamasının səbəbkarı nə Moskva, nə də Yerevan deyil, Lukaşenkonun simasında üçüncü tərəfdir, hansı ki, dəfələrlə deyib ki, Belarus əsgərlərini Belarusun xaricində olan yerlərə göndərməyəcək.
Belə olan təqdirdə sual yaranır: Bəs onda Belarus KTMT çərçivəsində üzərinə öhdəliklər niyə götürürdü?
İsmayıl Ağakişiyev:
Genişmiqyaslı müharibə heç kimə sərf etmir. Azərbaycana sərf etmir, çünki Azərbaycan Ermənistan ərazisində göz dikməyib, Azərbaycan yalnız onu istəyir ki, onun əraziləri azad edilsin.
Ermənistan başa düşür ki, bu müharibə onlara da sərfəli deyil, çünki KTMT ölkələri məsələnin həllini təxirə salıblar. İqtisadi böhran şəraitində və pandemiya ilə bağlı vəziyyətdə KTMT ölkələrinə bu münaqişə lazım deyil, Belarusda isə tezliklə seçkilər olacaq.
Thomas de Waal:
Hər iki tərəflə möhkəm münasibətləri olan Rusiya atəşkəsə dair yeni razılaşmaya can atacaq. Ancaq 2016-cı ildə olduğu kimi, biz artıq hər iki ölkədə antirusiya əhval-ruhiyyəsini görürük və bu, Rusiyanın mövqeyini zəiflədir. Azərbaycanda narazılıq Moskvanın Ermənistanın hərbi himayədarı olması ilə bağlıdır, Ermənistandakı narazılıq isə Rusiyanın öz müttəfiqini dəstəkləməməsi ilə bağlıdır.
Türkiyə Azərbaycanı tam dəstəkləyir və o, vasitəçi olmaq iddialarını kənara qoyub. İran kənarda durur və hər iki tərəflə yaxşı münasibətlər saxlamaq istəyir. İranın hansısa şəkildə cəlb olunduğunu söyləyənlərə inanmayın.
ABŞ Minsk Qrupunun həmsədri olsa da (Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarılmasına başçılıq edən ATƏT ölkələrinin bir qrupu - BBC) yenə də özünü heç cür göstərmir. Nə vaxtsa Ermənistan və Azərbaycan ağrılı kompromislərə gedərək, barışmalı və yenidən qonşu kimi yaşamalı olacaqlar.
Yeni toqquşmalar yalnız qan tökür, kədər gətirir, mifləri qidalandırır, siyasəti zəhərləyir və o günü uzaqlaşdırır.
Aleksandr İskandaryan:
Azərbaycan tərəfinə ciddi zərbə vurulub və Bakıda hazırda küçələrə çıxan insanlar səviyyəsində kifayət qədər revanşist diskussiyalar baş verir. Ehtimal etmək olar ki, vəziyyətin kəskinləşməsinə gedə biləcək hansısa dəliqanlılar tapıla bilər, lakin düşünmürəm ki, bunun ehtimalı böyükdür. Risklər çox böyükdür.
İstənilən bu cür aksiya təxribatdır - çünki o, cavab addımına təkan verir. Əgər bu aksiyanın genişmiqyaslı hərbi əməliyyatların başlanmasına dair daha geniş planın bir hissəsi olub-olmadığını düşünsək, onda yox, mən belə düşünmürəm. Bu olduqca böyük, lakin lokal bir toqquşmadır.
Lawrence Broers:
Risklər indi olduqca böyükdür. İndi bu hadisənin baş verdiyi sərhədyanı ərazidə Dağlıq Qarabağın təmas xəttindən fərqli olaraq dinc sakinlər hər iki tərəfdən çox sıx məskunlaşıb və insan tələfatı çox böyük ola bilər.
Söhbət, o cümlədən, Ermənistan ərazisindən də getdiyindən bu, həm də regionda önlənmənin təmin edilməsi baxımından Rusiya və KTMT üçün bir sınaqdır.
Lokal hərbi toqquşmalar zamanı Rusiya və KTMT minimal addımlarla keçinə bilər, lakin daha geniş miqyaslı münaqişələr baş verərsə, onların regionda bu funksiyanın yerinə yetirilməsində səriştəliliyi məsələsi daha qabarıq tərzdə ortaya çıxacaq.








