Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan saxlanılıb

Tonoyan

Şəklin mənbəyi, MIL.AM

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan saxlanılıb, Putin Erdoğana Sputnik V ilə peyvənd olunmağı "məsləhət görüb", Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın evində "axtarış olub", Prezident İlham Əliyev deyib ki, Azərbaycan Qarabağ münaqişəsinin "həll olunduğunu" hesab edir, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Ermənistanın keçmiş müdafiə naziri Tonoyan saxlanıb

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan saxlanılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edilib, Milli Təhlükəsizlik Xidməti bildirir.

David Tonoyan orduya silah təchizatı ilə bağlı mənimsəmədə şübhəli bilinir.

Raketlərin əldə edilməsinə büdcədən təxminən 4,6 milyon dollar ayırılıbmış. Sonradan bəzi müxalif siyasətçilər raketlərin 2018-ci ildə Tonoyanın müdafiə nazirliyi dövrdə istifadəyə verildiyini bəyan etmişdi.

Sentyabrın 25-də MTX Silahlı Qüvvələrinin keçmiş hərbi aviasiya rəisinin vəzifəsindən sui-istifadə etmək və fırıldaqçılıq ittihamı ilə həbs olunduğunu bildirmişdi.

"Hraparak" (Meydan) qəzetinin məlumatına görə, bundan əvvəl keçmiş hərbi aviasiya rəisi Avetik Muradyanın və Baş Qərargah rəisi müavini Stepan Qalstyanın evlərində axtarış aparılıb.

David Tonoyan Ermənistan müdafiə naziri vəzifəsində 2018-2020-ci illərdə olub.

Putin və Erdogan

Şəklin mənbəyi, Getty Images

Putin Erdoğana Sputnik V ilə peyvənd olunmağı "məsləhət görüb"

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan arasında Soçidə danışıqlar başa çatıb.

Görüş təxminən 3 saat davam edib, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov media nümayəndələrinə bildirirb

Danışıqların yekununa dair mətbuat üçün açıqlama olmayıb.

Prezident Erdoğan Putinlə danışıqlar barədə bunları deyib: "Mən inanıram ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlərimiz gündən-günə daha da güclənir, böyük faydalar verir."

Erdoğanla sağollaşarkən Prezident Putin həmkarına Sputnik V Rusiya peyvəndi ilə vaksinlənməyi məsləhət görüb.

"Özümdə sınamışam. Yoluxmuş köməkçimlə gün ərzində təmasda olsam da, xəstələnməmişəm. Odur ki, növbəti dəfə Sputnik V ilə vaksinlənin", Putin Erdoğana deyib.

"Artıq etmişəm. Pfizer-BioNTech ilə. Üçüncü doza", - Erdoğan cavab verib.

"Onda gələn dəfə edərsiniz", - Putin göz vuraraq Erdoğana söyləyib, TASS xəbər verib.

"Danışıqlar bəzən asan keçmir" - Putin

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan arasında danışıqlar Moskva vaxtı ilə 13:30-da başlayıb.

Görüş vaxtı Rusiya Prezidenti Vladimir Putin, Rusiya ilə Türkiyə arasındakı əməkdaşlığın Dağlıq Qarabağda və bölgədə sabitliyin ciddi təminatı olduğunu bildirib.

"Azərbaycanla Ermənistan arasında sərhəddəki atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi aktiv fəaliyyət göstərir və bu əməkdaşlıq barışmağa yönəlmiş növbəti addımlar üzrə tərəflərin mövqelərinin əlaqələndirilməsinin razılığının ciddi təminatıdır".

Vladimir Putin deyib ki, Türkiyə tərəfiylə görüşlər həmişə asan keçməsə də, iki ölkənin əlaqəli qurum və təşkilatları təmas nöqtəsi tapa bilirlər.

"Danışıqlar bəzən asan keçmir, amma yekun nəticə müsbət olur. Bizim qurumlarımız hər iki tərəf üçün faydalı olan kompromislər tapmağı öyrənib", o əlavə edib.

"Türkiyənin Rusiyaya yatırımları ümumilikdə 1,5 milyard dollara, Rusiyanın Türkiyədəki yatırımları isə 6,5 milyard dollara çatıb. Bütün böyük layihələr planlaşdırıldığı şəkildə davam etməkdədir".

Kreml daha əvvəl yaydığı məlumatlarda müzakirələrin əsasən siyasi və iqtisadi əməkdaşlıqla bağlı olduğunu bildirib. Əlavə edilib ki, dövlət başçılarının Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacağı gözlənir.

İlham Əliyev və İrakli Qaribaşvili

Şəklin mənbəyi, Azertac

Şəklin alt yazısı, İlham Əliyev və İrakli Qaribaşvili

Gürcüstanın Baş naziri: "Əminəm ki, bu gün biz gələcəyimizlə bağlı bir çox məsələləri müzakirə edəcəyik".

Azərbaycan və Gürcüstan arasında "siyasi dialoq" həmişə fəal olub, bunu Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə deyib.

İrakli Qaribaşvili çərşənbə günü Azərbaycana bir günlük rəsmi səfərə gəlib.

İlham Əliyev deyib ki, Azərbaycan Gürcüstanla xarici siyasətlə bağlı məsələlərdə "sıx əməkdaşlıq" edirlər: "Xüsusilə indi yeni çağırış və imkanlar olan regionumuzda".

Azərbaycan Prezidenti ümid etdiyini bildirib ki, Baş nazirin bugünkü səfəri neft və qaz, elektrik enerjisi, nəqliyyat sahələrindəki əməkdaşlığa "yeni təkan" verəcək.

İrakli Qaribaşvili deyib ki, onlar regionda sülh və sabitliyin olmasında maraqlıdırlar: "Bu, güclü iqtisadi inkişafın təməli olacaq"

O bu görüşün səmərəli olacağına əmin olduğunu söyləyib:

"Əminəm ki, bu gün biz gələcəyimizlə bağlı bir çox məsələləri müzakirə edəcəyik".

İrakli Qaribaşvilinin Azərbaycandan sonra Ermənistana səfər edəcəyi gözlənir.

Bundan bir neçə gün əvvəl Türkiyə Prezidenti Recep Tayyib Erdoğan bildirmişdi ki, Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri vasitəsilə onunla görüşmək istədiyini çatdırıb.

İlham Əliyev

Şəklin mənbəyi, President.az

İlham Əliyev Qarabağın statusu haqqında: "Bu, artıq müzakirə mövzusu deyil"

Prezident İlham Əliyev Fransanın "France-24" televiziya kanalına müsahibəsində deyib ki, Azərbaycan və Ermənistan sülh və regionu daha sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıdır.

O söyləyib ki, Azərbaycan Qarabağ münaqişəsinin "həll olunduğunu" hesab edir və burada "keçmişə qayıdış olmamalıdır".

Cənab Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistanla dialoqa başlamağa hazır olduğunu bir neçə dəfə "açıq şəkildə" bildirib.

"Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir".

Prezident əlavə edib ki, Azərbaycan həm də sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlara hazır olduğunu bildirsə də, qarşı tərəfdən cavab almayıb.

"Yeri gəlmişkən, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər".

"Ermənistan özünü yaxşı aparmalıdır"

İlham Əliyev deyib ki, Azərbaycanın Ermənistana qarşı olmasa da, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var:

"Onlar hələ də iddia edirlər ki, "Dağlıq Qarabağ" bizə məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, "müstəqil" bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində "Dağlıq Qarabağ" adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Biz isə adekvat münasibət göstərəcəyik".

Prezident söyləyib ki, Azərbaycan ölkədə yaşayan ermənilərə "müəyyən səviyyədə özünüidarəetmə" verməyə hazır olub, lakin onlar bunu "rədd edib".

O vurğulayıb ki, muxtariyyət verilməsi "artıq müzakirə mövzusu" deyil:

"Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır".

İlham Əliyev deyib ki, Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlı verilən bəyanatlar "yersiz və təhlükəlidir".

"Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o necə həll olunmalıdır. "Dağlıq Qarabağ" dedikdə, onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var".

"Fransa özünü dürüst vasitəçi kimi aparmadı"

İlham Əliyev söyləyib ki, Fransa Qarabağ müharibəsi zamanı "Ermənistanın tərəfini seçib" və bununla özünü "dürüst vasitəçi kimi aparmayıb".

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri və vasitəçi olan ölkə "bitərəf" olmalıdır.

Cənab Əliyev söyləyib ki, Fransanın müharibə dövründəki bəyanatları Azərbaycanda "narahatlıq"doğurub, lakin Azərbaycan "səhifəni çevirmək istəyir".

"Əminəm ki, Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik".

Ermənistan Azərbaycanla dialoqa getmək üçün bir neçə şərt irəli sürüb. Onlardan biri Azərbaycanda saxlanan erməni hərbçilərdir. Ermənistan onları hərbi əsir kimi tanıyır, amma Azərbaycan erməni hərbçiləri Azərbaycan Cinayət Məcəlləsi ilə mühakimə edib.

Ermənistanın digər tələbi budur ki, Azərbaycan Zəngəzur bölgəsində Qaragöl istiqamətində tutduğu mövqeləri geri çəksin. Azərbaycan isə işğaldan sonra öz sərhədlərini bərpa etdiyini bildirib.

Rəsmi Yerevan Dağlıq Qarabağa status tələb edir və danışıqların yalnız status məsələsinin həllindən sonra baş tutacağını deyir.