Azərbaycan-Ermənistan sərhədində gərginlik: Rusiya "atəşkəsə təşəbbüs edib"

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Ermənistan Müdafiə Nazirliyinin "yoxlanılmış məlumatına görə", Ermənistan və Azərbaycana silahlı qüvvələri bölmələri arasında çərşənbə günü atəşkəsin pozulması nəticəsində 4 erməni hərbçi yaralanıb.

Daha əvvəl verilən məlumata əsasən, tərəflər arasında atışma nəticəsində bir zabit və iki sıravi əsgər həlak olub, Ermənistan MN bildirib.

Azərbaycan da iki hərbçisinin yaralandığını açıqlayıb.

Tərəflər arasında atəşkəs çərşənbə gününə keçən gecə pozulub.

Azərbaycan və Ermənistan atəşkəsin pozulmasında bir-birini ittiham edir.

Rusiya sülhməramlısı

Şəklin mənbəyi, Alamy

Şəklin alt yazısı, Foto. Arxiv. Rusiya sülhməramlısı

Rusiya təşəbbüsü ilə atəşkəs:

Ermənistan Müdafiə Nazirliyindən alınan məlumata görə, hazırda Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminə ümumiyyətlə əməl olunur.

"Rusiya Federasiyası sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan qoşunlarının şimal-şərq istiqamətində təmas xəttində əldə olunmuş atəşkəs rejiminə hazırda ümumiyyətlə əməl olunur," - məlumatda deyilir.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, "Azərbaycan tərəfinin təxribatı nəticəsində başlanmış döyüş əməıliyyatları zamanı yüngül odlu silah və minaatanlardan istifadə edilib, lakin Ermənistan SQ bölmələri minaatanlardan Azərbaycan tərəfinin həmin silah növündən atəşinə cavab olaraq istifadə edib".

Məlumata əsasən, təmas xətti dəyişməz qalır və "vəziyyət Ermənistan SQ bölmələrinin nəzarəti altındadır,"- qurum açıqlayıb.

Ermənistan mediası atışmanın davam etdiyini yazır.

Azərbaycan Müdafiə Nazirliyi bir neçə saat əvvəl yaydığı son məlumatda bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünü qəbul etsələr də, "Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqeləri atəşə tutmaqda davam edir".

Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, iyulun 28-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Nəticədə Azərbaycanın iki hərbi qulluqçusu - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb, nazirlik bildirib.

Ermənistan Müdafiə Nazirliyi isə baş leytenant Hayk Gevorqyan, sıravilər Koryun Harutyunyan və David Koçaryanın həlak olduqlarını bəyan edib.

Tərəflər bir-birini günahlandırır

Azərbaycan MN sərhəddə gərginliyin artmasına görə bütün məsuliyyətin "tam şəkildə Ermənistanın üzərinə düşdüyünü" qeyd edib.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhədin şimal-şərq hissəsində vəziyyətin gərginləşdiyini, Azərbaycan hərbçilərinin onların mövqelərini atəşə tutduğunu bildirib. "Lokal döyüşlər gedir. Vəziyyətin gərginləşməsi üçün bütün məsuliyyət Azərbaycan hərbi-siyasi rəhbərliyi üzərinə düşür," - Ermənistan MN mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycan Müdafiə Nazirliyi çərşənbə günü saat 10:00-a olan məlumatında Kəlbəcər istiqamətində "gərginliyin davam etdiyini" bildirib.

Qurum Ermənistan ərazisində mülki obyektlərə zərər yetirilməsi barədə iddiaları "yalan və dezinformasiya" adlandırıb.

Ermənistan Ombudsmanı Arman Tatoyan Azərbaycanı Ermənistanın kəndlərinə atəş açmaqda ittiham etmişdi.

Azərbaycan MN Ermənistanı vəziyyəti "qəsdən gərginləşdirməkdən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa" çağırıb.

Ermənistan Müdafiə Nazirliyinin saat 9:20-yə olan məlumatında deyilir ki, "Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itkilər verərək əvvəlki mövqelərinə geri qaytarılıb".

"Ermənistan-Azərbaycan sərhədinin digər sahələrində vəziyyət stabildir və Ermənistan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır," - qurumun məlumatında deyilir.

Rəsmi Yerevan hərbi əməliyyatların "Azərbaycan tərəfindən" başladığını və gərginliyə görə bütün məsuliyyətin "Bakının üzərinə düşdüyünü" bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyəti gərginləşməsində Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Azərbaycan XİN-i Ermənistanı bölgədə yaranmış "yeni reallıqları" qəbul etməyə, "hərbi təxribatlara" son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırır.

Qurum bəyan edir ki, Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və buna qarşı atılacaq "hər hansı addımlar qətiyyətlə cavablandırılacaq".

Son günlərdə bu cür atışmaların sayı artıb. Hər iki ölkə atəşkəsi pozmaqda bir-birini ittiham edir.