Ermənistanın Naxçıvanla sərhədində yenə "atışma olub", Ağdamda yeni hərbi hissə, Almaniyada sel 80-dən çox adamın həyatı

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət axşam saatlarında yenidən gərginləşib.

Şəklin mənbəyi, Müdafiə Nazirliyi

Şəklin alt yazısı, Foto: Arxiv

Azərbaycan Müdafiə Nazirliyi Sədərək rayonu istiqamətində mövqelərinin atəşə tutulduğunu açıqlayıb. Ağdamda yeni hərbi hissə açılıb, Avropada güclü yağışlar nəticəsində çaylar daşaraq selə səbəb olub - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Cümə günü Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində yenə "atışma olub". Bundan əvvəl baş vermiş atışmada Azərbaycan ordusunun hərbi qulluqçusu yaralanmış, Ermənistanın isə bir əsgəri həlak olmuşdu.

Bu, İkinci Qatabağ müharibəsindən sonra yaranmış atəşkəs şəraitində ilk ölüm hadisəsidir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, iyulun 16-da Naxçıvanda Sədərək istiqamətində silahlı qüvvələri Ermənistan hərbçiləri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub.

Qurum bildirib ki, qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananların olmadığı açıqlanıb.

Azərbaycan Müdafiə Nazirliyi iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyətin "tam şəkildə Ermənistanın üzərinə düşdüyünü" qeyd edib.

Ermənistan hələ ki, hadisəyə şərh verməyib.

Bir neçə gündür ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin Kəlbəcər, Şuşa və Naxçıvandakı mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu açıqlayır.

hərbi hissə

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Ağdamda yeni hərbi hissə açılıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, modul tipli növbəti hərbi hissə müasir avadanlıqla təchiz olunub.

Qurum işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin tikintisinin davam etdiyini bildirib.

1993-cü ildə işğal edilmiş Ağdam şəhəri ötən payız başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsindən sonra noyabrın 20-də, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr atəşkəs razılaşması əsasında geri qaytarılıb.

Almaniyada sel

Şəklin mənbəyi, Reuters

Almaniyada sel nəticəsində azı 80 nəfər ölüb, yüzlərlə insan itkin düşüb.

Avropada güclü yağışlar çayların daşmasına səbəb olub.

Bəzi siyasətçilərə görə, aramsız yağışların səbəbi iqlim dəyişikliyidir.

Mütəxəssislər deyirlər ki, iqlim dəyişikliyi ekstremal metereoloji hadisələrin tezliyini artıra bilər, lakin onlar hər hadisəni qlobal istiləşmə ilə əlaqələndirməyin "çətin məsələ" olduğunu düşünürlər.

Almaniya kansleri Angela Merkel Vaşinqtonda ABŞ Prezidenti Joe Biden ilə görüşündə deyib ki, "faciənin tam miqyasını ancaq növbəti günlərdə görə biləcəklər".

Seldən ən çox zərər çəkən Almaniya olsa da, Belçika və Hollandiya da Lüksembuq və İsveçrədəki seldən ziyan çəkib.

Cümə günü regionda daha güclü yağışların yağacağı ehtimal olunur.

Almaniyada sel

Şəklin mənbəyi, Reuters