General Muradov Qarabağda sülhməramlıların qalmasını şərh edib

Rüstəm Muradov

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Rüstəm Muradov

Bu günün xəbərləri: General Muradov Qarabağda sülhməramlı qüvvələrin qalmasını şərh edib, Azərbaycanlı bəzi şərhçilər hesab edirlər ki, Rusiya bölgədə "özünün diqtə edən tərəf" olduğunu "nümayiş etdirmək" istəyir. Azərbaycan BMT-də Ukraynanı dəstəkləyib. Hakimiyyətdə olan YAP Binəqədi rayon təşkilatının sədri olmuş Ramiz Göyüşov YAP-dan xaric edilib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Rusiyanın Azərbaycandakı sülhməramlı qüvvələrinin keçmiş komandanı hərbi kontingentin bölgədə qalma müddəti və fəaliyyəti barədə danışıb.

General-leytenant Rüstəm Muradov bu mövzuya Rusiya vətənpərvərlik aksiyasının iştirakçıları ilə Mahaçqalada keçirilən görüş vaxtı toxunub. Rusiya generalının sözlərinə görə, sülhməramlılar baş verən münaqişədən sonra beş il müddətinə bölgədə qalacaq.

"İlk beş il - üç dövlət başçıları tərəfindən imzalanan razılaşmaya əsasən. Sonradan, Rusiya sülhməramlı kontingentinin [qalma müddətinin] uzadılması ilə bağlı qərar veriləcək", - Rüstəm Muradovun sözləri TASS agentliyində iqtibas olunur.

Rusiyalı general sülhməramlı qüvvələrin fəaliyyətinə müsbət qiymət verib.

(Rusiya Federasiyası sülhməramlı missiyasının fəaliyyətini) yalnız müsbət qiymətləndirirəm. Bizə mülki əhali qiymət verir - bu gün Qarabağda həyat tam sürətlə gedir. Təbii ki, çox mürəkkəb məsələlər var, amma proses gedir - insanların geri qayıtması, bir sıra problemli məsələlərin həlli. Ona görə hər şeyin yaxşı olacağını düşünürəm".

Cümə günü Rüstəm Muradov onu əvəzləyən Rusiya sülhməramlılarının yeni komandanı Mixail Kosobokovu Azərbaycan Müdafiə naziri Zakir Həsənova təqdim edib.

"Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib", - Müdafiə Nazirliyinin rəsmi açıqlmasında deyilir.

Laçın dəhlizi

Şəklin mənbəyi, Getty Images

Mariya Zaxarova: "Azərbaycan və Ermənistan arasında gedən sülh müqaviləsi danışıqlarını yaxından izləyirik"

Cümə axşamı günü Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, onun ölkəsi Azərbaycanla Ermənistanın sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələrini yaxından izləyir.

Azərbaycanda bəzi şərhçilər hesab edirlər ki, Rusiya bölgədə özünün "diqtə edən tərəf" olduğunu "nümayiş etdirmək" istəyir.

Hələ ki, nə Azərbaycan, nə də Ermənistan tərəfi hər hansı bir sülh danışıqlarının aparılması barədə rəsmi məlumat verib. Amma tərəflər Rusiyanın da iştirakı ilə Baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirirlər.

Azərbaycan Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, Rusiya XİN nümayəndəsi "sülh müqaviləsi barədə" danışıqlar deyəndə baş nazirin müavinləri səviyyəsində aparılan müzakirələri nəzərdə tutur.

"Rusiya öz tərəfindən ATƏT-in Minsk qrupuna həmsədr təyin edib və o, Azərbaycan və Ermənistana səfər edib. Ola bilsin, o, hansısa təklifləri təqdim edib, ancaq bilavasitə nə xarici işlər nazirləri səviyyəsində, nə də dövlət, hökümət başçıları səviyyəsində heç bir danışıqlar getmir,"- Rasim Musabəyov deyib.

Millət vəkilinin sözlərinə görə, Baş nazirlərin müavinləri səviyyəsində qrup kommunikasiya xətlərinin açılması məsələləri ilə məşğuldur, delimitasiya məsələləri üzərində isə ayrıca qrup işləməlidir.

Onun fikrincə, bu qrupun tərkibində sərhəd qoşunlarının nümayəndəsi, kartoqraflar, ekspertlər olmalıdır.

"Belə bir format nəzərdə tutulub. Rusiya bu məsələdə həm vasitəçiliyini, həm də texniki yardımını təklif edib. Hələlik, bu məsələ başlamayıb," - Rasim Musabəyov bildirib.

Mariya Zaxarova çıxışında deyib ki, Rusiya tərəfi üçün hazırda prioritet üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsidir.

Ötən ilin 10 noyabrında imzalanan atəşkəs bəyanatının bəzi şərtləri yerinə yetirilsə də, hələ də bəzi bəndlərə əməl olunmayıb. Bu bəndlərdən biri də Rusiya sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə bölgəyə yerləşdirilməsi barədədir.

Azərbaycan bu yaxınlarda Rusiyadan bu bəndin yerinə yetirilməsini tələb edib.

Millət vəkilinə görə, Rusiya üçtərəfli razılaşmanın yerinə yetirilməsini prioritet hesab etdiyini deməklə bildirmək istəyir ki, burada "diqtə edən tərəf" o olacaq: "Nə düzdür, nə düz deyil, mən [Rusiya] müəyyənləşdirəcəm, amma səhv düşünür".

Rusiya XİN nümayəndəsi ötən günkü çıxışında deyib ki, Azərbaycan və Ermənistan arasında siyasi mövzularda əsas fikir ayrılıqları hələ də qalır.

Rasim Musabəyova görə, müharibədən sonra fikir ayrılıqları və çətin sülh prosesi normaldır, "bunun əksini düşünmək illuziya olardı".

Cənab Musabəyov deyib ki, Azərbaycanın istəyi Ermənistanla qonşu dövlət kimi bir-birinin sərhədlərini tanımaq, daxili işlərinə qarışmaması barədə razılığa gəlməkdər. Amma Ermənistan şərt kimi Dağlıq Qarabağın statusunun müəyyən olunmasını ortaya qoyur.

Onun sözlərinə görə, Azərbaycan üçün artıq Dağlıq Qarabağ anlayışı yoxdur, nəinki onun statusunu müəyyənləşdirmək.

"Qarabağdakı erməni icması var. Lazım gəlsə, onlarla da Azərbaycandaxili dialoq qurulacaq. Azərbaycanın bu məsələyə Ermənistanı qatmaq imkanı və həvəsi yoxdur," - Rasim Musabəyov deyib.

Emine Caparova

Şəklin mənbəyi, NurPhoto/Getty images

Azərbaycan BMT-də Ukraynanı dəstəkləyib

Ukrayna nümayəndəsi BMT Baş Məclisində Ukraynanın "işğal olunmuş" ərazilərindəki vəziyyəti nəzərdən keçirəcək sənədin gündəliyə salınmasına dəstək verən ölkələrə minnətdarlığını bildirib.

Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparovanın bu günkü tvitində konkret ölkənin adı çəkilməsə də, onun paylaşdığı səsvermə cədvəlində Azərbaycanın Rusiyadan fərqli səs verdiyini görmək olar.

"BMT Baş Məclisi sadə səs çoxluğu ilə (lehinə - 71, əleyhinə - 12, bitərəf - 45) Ukrayna üçün vacib olan "Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərindəki vəziyyət" barədə maddənin saxlanılmasını və onun Baş Məclisin 76-cı sessiyasının gündəlik layihəsinə əlavə olunmasını dəstəkləyib," - Əminə Caparova yazıb.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Əminə Caparova səsvermə zamanı Ukraynaya və "beynəlxalq hüquqa" dəstək verən ölkələrə təşəkkür etməklə yanaşı sənədin əleyhinə çıxan Rusiyanı tənqid edib.

"Rusiyanın Baş Məclisin nüfuzuna xələl gətirən addımları yalnız ümumbəşəri qınağa layiqdir," - yüksək rütbəli ukraynalı diplomat deyib.

Rusiya dəfələrlə Krım və Sevastopolun qanuni əsaslarla Rusiyanın tərkib hissəsi olduğunu bildirib.

YAP "videosu yayılan" Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovu partiyadan çıxarıb

Ramiz Göyüşov

Şəklin mənbəyi, Binəqədi Rayon İcra Hakimiyyəti

Şəklin alt yazısı, Ramiz Göyüşov

Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri olmuş Ramiz Göyüşov YAP-dan xaric edilib.

Yerli medianın YAP-a istinadən yaydığı məlumata görə, bu gün YAP-ın İdarə Heyətinin iclası keçirilib və onun partiyadan çıxarılması qərarı verilib.

BBC News Azərbaycanca YAP-la əlaqə saxlaya bilməyib.

Ramiz Göyüşov yerli mətbuata müsahibəsində deyib ki, bu video ondan qisas almaq, onun "ictimai-siyasi nüfuzuna kölgə salmaq məqsədi daşıyır".

Bu ilin aprel ayında YAP-ın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da sosial şəbəkələrdə yayılan, qeyri-etik davranışı əks olunan "videosuna" görə partiyadan uzaqlaşdırılıb.

Onun partiyadan uzaqlaşdırılması qərarı YAP İdarə Heyətinin iclasında qəbul edilib.

Sosial mediada yayılan, işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik rəftarın əks olunduğu görüntülərin yayılmasından sonra sabiq deputat Hüseynbala Mirəlimov çalışdığı universitetdən də çıxarılmışdı.

O, eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.