Şuşaya giriş-çıxışa nəzarət ediləcək? - Milli Məclis qanun layihəsini qəbul etdi

Şəklin mənbəyi, MOD.gov.az
Azərbaycan parlamenti mayın 31-də "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun layihəsini qəbul edib.
Azərbaycan Prezidentinin Milli Məclisə tövsiyə etdiyi qanun layihəsində təklif edilir ki, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılsın və giriş-çıxış tənzimlənsin.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu ilin mayında Şuşa mədəniyyət paytaxtı elan edilib.
Şəhər 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Ötən ilin payızında başlamış 44 günlük müharibənin son günlərində azad edilib və Şuşanın azad edildiyi 8 noyabr günü ölkədə Zəfər Bayramı kimi təsis olunub.
Şuşa şəhəri dövlət qoruğu ola bilər
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-dan izləyin.
Parlamentin qəbul etdiy layihədə göstərilir ki, Şuşada dövlət siyasətinin əsas istiqamətləri şəhərin bərpasını, yenidənqurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək, burda yerləşən abidələri bərpa və mühafizə etmək, o cümlədən şəhərdə turizmi, sahibkarlığı, mədəni fəaliyyəti inkişaf etdirməkdir.
Qanunda göstərilir ki, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilsin və onlardan istifadə təşviq edilsin.
Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar, qanun layihəsində gösərilib.
Azərbaycanda indiyə kimi hansısa bir şəhərin bütöv ərazisi qoruq sayılmayıb. Yalnız Bakının İçərişəhər hissəsi tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Buna görə də, İçərişəhərdə nəqliyyatın giriş-çıxışı məhdudlaşıb.
İçərişəhər ərazisində foto, video və kino çəkilişlərin aparılması da müvafiq qaydalara görə tənzimlənir, yəni, bunun üçün qoruq rəhbərliyinin xüsusi icazəsi tələb edilir.
BBC News Azərbaycancanın icmalında başqa xəbərlər

II Elizabeth-dən bayram təbriki
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabeth Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını 28 may-Respublika Günü ilə əlaqədar təbrik edib.
"Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm," -Kraliça İkinci Elizabeth bildirib.
1918-ci il mayın 28-də Azərbaycanda Cümhuriyyət elan edilib. 1920-ci ilin aprelində süquta uğrayan respublika bir də Sovet İmperiyası dağılandan sonra, 1991-ci ildə özünü bərpa etdi. O vaxtdan bəri hər il ölkədə 28 may Respublika günü kimi qeyd edilir və qeyri-iş günü sayılır.

Şəklin mənbəyi, EPA
Belarus Afina-Vilnüs təyyarəsini Minskə endirib və sərnişinini saxlayıb
Avropa İttifaqı liderləri, NATO və ABŞ Yunanıstandan Litvaya uçan təyyarənin göyərtədə "bomba olması" iddiası ilə "zorla Minskə endirilməsi" və təyyarədəki müxalif jurnalist Roman Protaseviçin saxlanılmasını tənqid ediblər.
Bazar günü Belarus Afinadan Vilnüsə uçan təyyarədə bomba olması iddiası ilə havaya qırıcı qaldırtdırıb və təyyarə enəndən sonra onun göyərtəsində olan belaruslu müxalifyönümlü jurnalist və icitmai fəal, 26 yaşlı Roman Protaseviç saxlanılıb.
Avropa İttifaqının bəzi yüksək səlahiyyətli şəxsləri hadisəni "qaçırılma", ABŞ Xarici İşlər Nazirliyi isə "şokedici hərəkət" olaraq səciyyələndirib.
Belarus mətbuatı MİG-19 qırıcılarının müşayiətilə yolu dəyişdirilən təyyarənin göyərtədə "bomba olması xəbərdarlığına görə" məcburi eniş etdiyini yazıb. "Ryanair" şirkətinə məxsus olan təyyarədə partlayıcının tapılmadığı bildirilir.
Litvaya eniş edən təyyarədəki sərnişinlərdən biri Protaseviçin "çox qorxduğunu" deyib.
Roman Protaseviç 2017-ci ildə təyyarə ilə Minskə qayıdandan sonra da saxlanılmışdı.
AFP Agentliyinə danışan digər bir sərnişin Monika Simkiene Protaseviçin təyyarədəki insanlara "edam cəzası ilə üz-üzə olduğunu söylədiyini" deyib.
İngiltərə xarici işlər naziri Dominic Raab "qəribə hərəkətlərin ciddi nəticələrinin ola biləcəyini" bildirib.
Protaseviçin sərbəst buraxılması üçün çağırışlar edən siyasətçilər arasında keçən il prezident seçkilərində rəsmi nəticələrə görə, Aleksandr Lukaşenkoya uduzan Belarus müxalifət lideri Svetlana Tixanovskaya da var.
Təyyarənin məxsus olduğu Ryanair şirkəti açıqlamasında "ekipajın Belarus (Hava Nəqliyyatı Nəzarəti) tərəfindən təhlükəsizlik təhdidi ilə əlaqədar xəbərdar edildiyini və ən yaxın hava limanı olan Minskə məcburi eniş etməsi üçün təlimat verildiyini" bildirib.
Litva Prezidenti Gitanas Nauseda Avropa İttifaqına müraciət edərək "Belarusa yeni sanksiyaların tətbiq edilməsini" istəyib.
Protaseviçin keçmiş baş redaktoru olduğu Nexta telegram kanalı ötən il Belarusda keçirilən prezident seçkisi vaxtı müxalifət üçün böyük əhəmiyyət daşıyırdı. Kanal seçkilərdən sonra hökumətin xəbərlərə və mətbuata tətbiq etdiyi məhdudlaşdırmaya baxmayaraq, fəaliyyətini davam etmişdi.
Svetlana Tixanovskaya 26 yaşlı Protaseviçin 2019-cu ildə Belarusdan getdiyini və 2020-ci il prezident seçkilərini Nexta vasitəsilə çatdırmağa davam etdiyini deyib. Daha sonra Protaseviç haqqında Belarusda cinayət işi qaldırılıb.
O, "terrorçu kimi dəyərləndirildiyi üçün" Protaseviçin Belarusda edam cəzası ilə üzləşə biləcəyini bildirib.







