1918-ci ilə baxış: Mayın 28-nə aparan o yaz günlərində həyat necə idi?

Bakı neft yataqları

Şəklin mənbəyi, Topical Press Agency

Şəklin alt yazısı, Bakı, 1 dekabr 1918: Qırmızı, yaxud Ağ, Rusiya vətəndaş müharibəsinin qalibi tez, ya gec Bakını ələ almağa çalışacaqdı.
    • Müəllif, Dr. Harun Yılmaz
    • Vəzifə, Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü

Bu il Azərbaycan Demoktratik Respublikasının elan edilməsinin 100 illik yubileyidir. BBC Azərbaycanca bu ərəfədə Azərbaycan xalqının epik və mühüm günlərini həftəlik esselərlə təqdim edəcək.

1918-ci ildə Azərbaycanda real vəziyyət necə olub? Azərbaycanlılar hansı problemlərlə üzləşiblər? Əgər zaman maşını bizi Cümhuriyyətin elanından bir az əvvələ - 1918-ci ilin yazına apara bilsəydi, nə ilə qarşılaşardıq?

Yüzillik yubiley ərəfəsində biz bu sualları cavablandırıb, Azərbaycan xalqının həmin epik və mühüm günlərini həftəlik esselərlə təqdim edəcəyik.

line

Həmçinin oxuyun:

line

Ən azından demək lazımdır ki, həyat sadə insanlar üçün asan olmayıb. 1917-18 illərdə Bakı sakinləri dörd fərqli hökumət görüblər.

1918-ci ilin martında Bakının bəzi hissələrinə od vurulmuş və minlərlə insan öldürülmüşdü. Hər yer minlərlə miqrant, silahlı dəstələr və terror ilə dolu idi.

Bakı Azərbaycanın inkişaf etmiş sənaye şəhəri olsa da, Azərbaycan əhalisinin doxsan faizi kəndlərdə yaşayan savadsız kəndlilərdən ibarət idi. Muğan çölləri, Zaqatala və Quba kəndliləri Bakı sakinlərindən fərqli həyat yaşayırdılar. Xüsusilə də xaos dolu həmin günlərdə ucqar ərazilərin əhalisi çox vaxtları bir-birindən ayrı düşür və yerli problemləri ilə məşğul olmaq məcburiyyətində qalırdılar.

İmperiya sisteminin dağılması küçədə gəzən adi insanlar üçün yaxşı xəbər deyildi. 1917-ci ilin Fevral İnqilabı eyni anda ümid və qorxu gətirmişdi. Lakin 1917-ci ilin Oktyabr İnqilabı ilə köhnə imperiya sistemi tamamilə çökdü.

Artıq Rusiya İmperiya Ordusu sərhədlər və ön cəbhələrdən yoxa çıxmışdı. Qatarlar normal işləmirdi və telefon və teleqram əlaqəsi məhdud idi.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Sovetinin heyəti: ortada Azərbaycan Nazirlər Sovetinin sədir Usub bəy Nəsirbəyov, Hərbiz nazir Səməd ağa Mehmandarov; (sağdan-sola) - maliyyə naziri Əliağa Həsənov; xarici işlər naziri Fətəli Xan Xoyski, əmək və ədliyyə naziri A. Səfikürdski, portfelsiz nazir Amastor, səhiyyə naziri Taskanov, Nazirlər Sovetinin iş icraçısı Mirzə Qacar; soldan-sağa - yol nəqliyyat naziri Məlik Aslanov, teleqraf naziri Camo bəy Hacınski, nəzarət naziri Nəriman bəy Nərimanbəyov, ədliyyə nazirinin köməkçisi Teymur bəy Makinski, yol nəqliyyat nazirinin köməkçisi Yusif Məmmədbəyov, əkinçilik nazirinn köməkçisi Hidayət bəy Sultanov, xarici işlər nazirinin köməkçisi Adilxan Ziyadxanov

Şəklin mənbəyi, Azərbaycan Republikası Kino-Foto Sənədləri Arxivi

Şəklin alt yazısı, Arxiv: 1919-cu il, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Sovetinin iclası

Sərhədlərdəki gömrük xidməti işləmirdi. Köhnə rus əskinasına artıq etibar etmək olmazdı. Artıq bank xidmətləri də qaydasında aparılmırdı.

İdxal və ixrac bir yana, ölkə daxilində ticarət etmək son dərəcə çətinləşmişdi. Vətəndaşların mülkləri və həyatları təhlükə altında idi. Çünki nə polis, nə də məhkəmələr normal işləyirdilər.

line
line

Daimi xarici hədə qorxusundan insanlar özlərini təhlükəsiz hiss edə bilmirdilər. Yeni respublikanın Gürcüstan ilə ərazi ixtilafı, Qarabağda isə ermənilərlə silahlı münaqişəsi var idi.

Şimalda isə Rusiya o vaxtacan tarixin ən qanlı vətəndaş müharibəsini yaşayırdı. Rusiyadan qayıdan insanlar hər gün qorxulu xəbərlər gətirirdilər.

1918-ci ildə heç kəs nəticəni təxmin edə bilməzdi. Bolşeviklər çıxılmaz vəziyyətdə idi və əksəriyyət sonda Ağ ordunun qələbəsini gözləyirdi.

Amma gözlənilən bir şey var idi. Həm Bolşeviklər, həm də Denikin və ya Kolçakın Ağ ordusu neftlə zəngin Bakını əldən vermək istəmirdi. Qırmızı, yaxud Ağ, vətəndaş müharibəsinin qalibi tez, ya gec Bakını ələ almağa çalışacaqdı.

Cənubda isə İran, qonşuluqda Azərbaycan adlı ölkənin meydana çıxmaqda olmasını görməkdən məmnun deyildi. Çox keçmədən İranda da qarışıqlıq, xaos və rejim dəyişikliyi yaşanacaqdı. Azərbaycanın yeganə dəstəkçisi olan Türkiyə də 1918-ci ilin noyabrından sonra ölüm yatağında idi.

Bu sonsuz qara buludlar arasında üfüqdə bir qrup idealist yaranmışdı. Məhəmməd Əmin Rəsulzadə, Fətəli-xan Xoyski, Əlimərdan Topçubaşov, Əhməd bəy Ağaoğlu və digərləri 1918-ci ildə Azərbaycan bayrağını qaldırdılar...

Gələn həftədən başlayaraq biz ADR həyatınınmüxtəlif aspektlərinə nəzər salacağıq.

Növbəti yazımızda: Qafqaz İslam Ordusu Bakıya qədər döyüşərək Azərbaycanın paytaxtına sentyabrın 15-i çatır. Həmin yayın əvvəlində Məhəmməd Əmin Rəsulzadə demişdi ki, "Bakısız Azərbaycan - başsız bədəndir!" Artıq bədən ilə baş birləşmişdi...