Paşinyan: "Qadınlar orduda xidmətə daha geniş miqyasda cəlb olunmalıdır", Yerevan: parlament işini dayandırmalı olur, millət vəkilləri dalaşır

Nikol Paşinyan

Şəklin mənbəyi, Press Office of the Government of Armenia

Nikol Paşinyan qadınların orduda xidmətə daha geniş miqyasda cəlb olunacağını bildirib, Ermənistan parlamentində deputatlar arasında dava düşüb. Bir-birinə su süşələri atan deputatların davasına görə parlamentin iclası bir neçə dəfə dayanmalı olub. Azərbaycanda COVİD-19-a qarşı 3-cü doza peyvəndləmə başlayır-daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Paşinyan: "Qadınlar orduda xidmətə daha geniş miqyasda cəlb olunmalıdır"

Qadınlar daha geniş miqyasda silahlı qüvvələrə döyüş bölmələrində xidmətə cəlb olunmalıdırlar, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 24-də parlamentdə təqdim etdiyi beşillik proqramı təqdim edərkən deyib.

O, bunun proqram üzrə nəzərdə tutulan ordu islahatları ilə bağlı olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, bunu Ermənistanın demoqrafik vəziyyəti tələb edir, çünki, statistikaya əsasən, qadınlar ölkə əhalisinin böyük hissəsini təşkil edir.

"Bu, o demək deyil ki, orduda kişi olduğu qədər də qadın olmalıdır. Sözüm mövcud potensialın mümkün qədər səmərəli istifadə edilməsindəndir və bu potensial hələ aşkar edilməlidir", - Ermənistan Baş naziri deyib.

Ermənistan: parlament işini dayandırmalı olur, millət vəkilləri dalaşır

Ermənistan parlamentində dava düşüb

Şəklin mənbəyi, a1plus

Şəklin alt yazısı, Ermənistan parlamentində dava düşüb

Çərşənbə axşamı günü Ermənistan parlamentinin növbəti iclası zamanı müxalif və iqtidar deputatlar arasında dava düşüb, onlar bir-birilərinə su butulkaları atıblar.

Dava iqtidardan olan Vətəndaş Müqaviləsi fraksiyasının üzvü Hayk Sarkisyanın çıxışı zamanı başlayıb.

Hayk Sarkisyan keçmiş hakimiyyəti və hərbi rəhbərliyi korrupsiyada günahlandırıb.

O deyib ki, "müdafiə naziri olduqları dövrdə rüşvətlə və ya telefon zəngi ilə hərbi xidmətdən azad edilmə hallarına yol verənlər vətən xainləridir".

Onun bu sözlərindən sonra Ermənistanın keçmiş müdafiə naziri (2008-2016-cı il), hazırda Hayastan müxalif fraksiyanın rəhbəri Seyran Ohanyan tribunada olan iqtidar millət vəkili istiqamətində su butulkası atıb.

Bundan sonra iclas zalında iqtidar və müxalif deputatlar arasında butulka atışması başlayıb.

Parlamentin sədri Alen Simonyan vəziyyəti sakitləşdirmək üçün mühafizə xidmətini zala dəvət edib və fasilə elan edib.

Fasilədən sonra parlament işinə davam edib, amma sonradan yenidən iclas dayanmalı olub.

İqtisadi məsələlər üzrə parlament komissiyasının sədri, müxalif Hayastan fraksiyasınin nümayəndəsi Vahe Hakobyanın çıxış zamanı iqtidar fraksiya üzvlərindən kimsə onun ünvanına replika atıb.

Müxalif millət vəkili öz çıxışını kəsib, iqtidar Vətəndaş Müqaviləsi fraksiyası istiqamətində hərəkət edib.

Bundan sonra söz davası başlayıb və deputatlar əlbəyaxaya keçiblər. İqtidar millət vəkili Vahaqn Aleksanyan müxalif həmkarı Vahe Hakobyana təpik atıb.

Parlamentin sədri ikinci dəfə iclasa fasilə elan edib və canlı yayıma xitam verdirib.

Avqustun 24-dən Ermənistan Milli Məclisində 5 illik hökumət proqramı müzakirə olunur. Baş nazir Nikol Paşinyan dünən proqramı Milli Məclisə təqdim edib. Bu gün müzakirələr davam edir.

Müxalif fraksiya nümayəndələri öz çıxışlarında ötən il Qarabağ müharibəsində məğlubiyyət görə Paşinyan hakimiyyətini və onun şəxsini tənqid edir, bəzən təhqiranə ifadələr işlədir buna görə iclasa dəfələrlə fasilə verilir.

Azərbaycanda COVID-19-a qarşı 3-cü doza peyvəndlənmə başlayır

Azərbaycanda vaksinlənmə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Azərbaycanda COVID-19-a qarşı 3-cü doza peyvəndlənmə başlayır

Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza ilə peyvəndlənmələri tövsiyə edilir.

Çərşənbə günü Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu barədə məlumat yayıb.

Məlumata əsasən, vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Səhiyyə Nazirliyinin saytının məlumatına görə, "Peyvənd sertifikatı" müddətsizdir və 3-cü dozanın vurulması onun müddətinə təsir etmir.

Səhiyyə Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, 3-cü doza olaraq hansı vaksinin vurulmasında "seçim sərbəstdir və vətəndaşın özünə aiddir".

"Virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır", - Azərbaycan Səhiyyə Nazirliyi bildirib.

Azərbaycanda peyvəndlənmə

Yanvarın 18-də COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

Avqustun 24-dək olan məlumata görə, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 6 milyon 250 minə yaxındır.

Təxminən 2,5 milyon nəfər peyvəndin iki dozasını alıb.

Azərbaycanda koronavirusa ilk yoluxma halı ötən il fevralın 28-də qeydə alınıb.

Azərbaycanda Pfizer-BioNTech, CoronaVac, AstraZeneca və Sputnik V vaksinləri tətbiq olunur.