Koronavirus vaksinləri: İndiyədək Azərbaycanda və digər ölkələrdə nə qədər insana peyvənd vurulub?

Şəklin mənbəyi, Getty Images/Aziz Karimov
Vaksinləşdirmə məsələsi ilə bağlı insanların əksəriyyətini daha çox bir sual düşündürür - mənə növbə nə vaxt gəlib çatacaq?
Bir neçə ölkə özü üçün olduqca konkret hədəflər seçib, lakin dünyanın qalan hissəsində bu məsələdə aydınlıq daha azdır. Bəs bizim bu barədə bildiyimiz nədir?
Dünyanın Covid-19-a qarşı peyvəndlənməsi ölüm-dirim məsələsidir.
Bu situasiya mürəkkəb elmi proseslər, transmilli şirkətlər, bir çox ziddiyyətli dövlət vədləri və böyük dərəcədə bürokratiya və idarəçilik məsələləri ilə əlaqəlidir. Bu da peyvəndlərin dünya boyu nə vaxt və necə tətbiq olunacağı prosesini mürəkkəbləşdirən amillərdir.
Fevralın 23-də Azərbaycanın Səhiyyə Nazirliyi bəyan edib ki, artıq 200 mindən artıq vətəndaş COVID-19 infeksiyasına qarşı vaksinləşdirilib.
Nazirlik bildirib ki, hazırda peyvəndləmə prosesi 50 yaş və daha yuxarı şəxslərin vaksinləşdirilməsi ilə davam edir.
Qurum vətəndaşları peyvəndləmə prosesində aktiv olmağa çağırıb və yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksin vurdurmağa dəvət edib.
Səhiyyə Nazirliyi bildirib ki, 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq növbə götürməlidir.
Elektron xidmət vasitəsilə qeydiyyatda çətinlik çəkənlərə ərazi üzrə poliklinikaya zəng edərək kömək istəmələri tövsiyə olunub.
Nazirlik bildirib ki, COVID-19-a qalib gəlmək üçün kollektiv immunitet qazanılmalıdır və peyvəndlənənlərin sayının artması ölkədə yayılan COVID-19 infeksiyasının qarşısını alacaq.
Azərbaycanda koronavirusa qarşı peyvənd ilkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanıb.
Azərbaycanda koronavirusa ilk yoluxma halı 2020-ci il, fevralın 28-də qeydə alınıb.





