Məndə koronavirus varmı?

Şəklin mənbəyi, Tass/Getty images
Koronavirus infeksiyası dünyada və Azərbaycanda yayılmağa davam edir. Azərbaycanda virusa yoluxanların ümumi sayı 640 mini keçib. Bəs görəsən, koronavirusa yoluxmanı necə tanımalı, özünü qorumaq üçün nə etmək lazımdır? BBC News Azərbaycanca koronavirusla bağlı sizdə yarana biləcək suallara cavab tapmağa çalışıb.
Koronavirusun simptomları hansılardır?
Koronavirusun üç əsas simptomu qızdırma, davamlı quru öskürək, qoxu və ya dadbilmə hissinin itməsidir.
Simptomlar arasında həmçinin, boğaz və baş ağrısı, ishal və iy və dad bilmə hissinin itirilməsi də qeyd olunur.
Ardıcıl olaraq, dünya boyunca bir neçə yeni ştam yayılsa da, tibb işçiləri bu simptomlar aktual qaldığını deyirlər.
Azərbaycanda yayılan koronavirusun Omicron variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur.
Həkimlər davamlı quru öskürəyə fikir verməyi tövsiyə edirlər. Belə öskürək bir saatdan artıq davam edir. 24 saat ərzində üç və ya daha çox öskürək epizodu ola bilər.
Bədən temperaturu 37.8C yuxarı qalxarsa, qızdırma, üşütmə və ya titrətmə hiss edə bilərsiniz.
Virusa yoluxmadan sonra bu əlamətlər adətən 5-6 gün ərzində müşahidə edilir. Lakin bəzi hallarda simptomların üzə çıxması ləngiyə də bilər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) inkubasiya dövrünün 14 günə qədər davam etdiyini bildirir.
İnsanlar xəstəxanaya nə vaxt getməlidirlər?
Koronavirusa yoluxan insanların əksəriyyətində xəstəlik mülayim, bəzən də simptomsuz keçir. Lakin, o cümlədən tənəffüs çətinliyi ilə bağlı müalicənin xəstəxanada keçirilməsinə ehtiyac yarana bilər.
İlkin olaraq yüngül gedişatlı xəstəliyi olan bəzi şəxslərdə klinik vəziyyət xəstəliyin ikinci həftəsində ağırlaşa bilər, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi bildirir.
"Həmin xəstələrə stasionar və ya ambulator şəraitdə tibbi xidmətin göstərilməsi barədə qərar müvafiq vəziyyətə fərdi yanaşma əsasında qəbul edilməlidir".
İnsanlar narahat olduqda birbaşa xəstəxananın təcili yardım bölməsinə getməkdən çəkinməlidirlər.
Özünüzdə koronavirusun əlamətlərini hiss edirsinizsə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminizə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edin.
Reanimasiyada nə baş verir?
Reanimasiya bölmələri xəstəliyi daha kəskin keçən pasiyentlər üçün xüsusi palatalardır.

Şəklin mənbəyi, EPA
Koronavirus xəstələrinə burada ya üz maskası, ya da buruna yerləşdirilən boru vasitəsilə oksigen dəstəyi verilə bilər.
Ən çətin prosedur isə ağır halda olan xəstələr üçün nəzərdə tutulub – onlar ağciyərlərin ventilyasiya aparatına qoşulur.
Bunun üçün hava ilə oksigen qarışığı, ağız, burun borusu və ya boğazdakı kiçik bir kəsiklə ağciyərlərə ötürülür.
Simptomlarım yüngül olarsa nə etməliyəm?
COVID-19-un yüngül əlamətləri olan insanların mütləq xəstəxanaya hospitalizasiyası və müalicəsi tələb olunmur.
Müvafiq qərar verilərsə, onlar ev şəraitində də təcrid olunaraq müalicə oluna bilərlər.

Ailə həkiminiz sizin sağlamlıq vəziyyətinizi dəyərləndirdikdən sonra ehtiyac olarsa COVID-19 (PZR) testinin götürülməsi üçün yaşadığınız ünvana tibb işçisini yönləndirə bilər.
Evdə müalicə və təcrid olunma təyin edilərsə, aşağıdakı tövsiyələrə əməl olunmalıdır.
• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;
• Maska taxın;
• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin;
• Təcrid olduğunuz yeri tez-tez havalandırın;
• Ortaq istifadə olunan sahələri mütəmadi dezinfeksiya edin;
• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;
• Bol maye qəbul edin;
• Yuxu rejiminə riayət edin (gün ərzində ən az 7 saat dərin və rahat yuxu);
• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;
• 5 gündən çox müddətdə idarə olunmayan yüksək hərarət (>38.5℃, hərarət salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ailə həkiminə məlumat verin;
• Həkim təyinatı olmadan heç bir müalicəni qəbul etməyin;
• Tibb bacıları və kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından çəkinin;
• Ehtiyac yarandığı təqdirdə vitaminlər (Vitamin C və D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul edə bilərsiniz

Covid-19-a qarşı immunitet necə əmələ gəlir?
Tədqiqatlar göstərir ki, Covid-19-dan sağaldıqdan sonra əksər xəstələrin qanında spesifik anticismlər əmələ gəlir.
Hətta xəstəliyi simptomsuz keçirənlərdə belə. Bir çox digər hallarda olduğu kimi, xəstəliyi ağır formada keçirənlərdə anticismlərin konsentrasiyası daha yüksək olur. Lakin bir müddət sonra onların həcmi azalır.
Anticismlərlə yanaşı infeksiya ilə mübarizədə bədənin müdafiə sisteminin digər tərkib mexanizmləri də iştirak edir.
Səhiyyə qurumları qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu vurğulayırlar.
Özümü necə qoruyum?
Ən yaxşısı, əllərinizi mütəmadi yumaqdır.
Koronavirus infeksiyasına yoluxmuş şəxs öskürərkən və ya asqırarkən içində virus olan kiçicik damcılar havaya atılır.
Bu damcılar nəfəslə içəriyə yol tapa bilər. Onların düşdüyü səthə toxunandan sonra əlinizi burun, göz və ya ağzınıza vurarkən infeksiyaya yoluxa bilərsiniz.
Buna görə də, öskürərkən və ya asqırarkən ağzınıza salfet tutmaq, yuyulmamış əlinizlə üzə toxunmamaq və məsafə saxlamaq vacibdir.









