Omicron ştamı necə müəyyən edilir?

Şəklin mənbəyi, Getty Images
Koronavirusun Omicron ştamı artıq Azərbaycanda da dominant variant olub. İlk dəfə Cənubi Afrikada ortaya çıxan bu ştam bir çox ölkədə geniş yayılıb.
Omicron variantının aşkar edilməsinə daha çox vaxt tələb olunduğu üçün yoluxmaların sayı bilinən statistikadan daha artıq ola bilər.
Bəs görəsən, Omicron ştamının digər variantlardan fərqi nədir? BBC News Azərbaycanca Omicron ştamı ilə bağlı bu və dgər suallara cavab tapmağa çalışıb.
Omicron ştamı necə müəyyən edilir?
Koronavirusa yoluxma PZR testi üçün götürülən yaxma nümunələrinin öyrənilməsi vasitəsilə təsbit edilir.
Bəzi laboratoriyalarda infeksiyanın Delta, Omicron və ya hansısa başqa ştamdan qaynaqlandığını müəyyən etmək olur. Ancaq bütün laboratoriyalarda bu texnologiya yoxdur.
Ştamları yalnız gen ardıcıllığı adı verilən analiz müəyyən edə bilir.
Omicron sürətli antigen testiylə aşkar edilə bilərmi?
Evdə tətbiq edilə bilən sürətli antigen testləri insanda koronavirus olub-olmadığını müəyyən edə bilər, amma hansı ştam olduğunu göstərməz.
Bu, Omicron ştamına yoluxmuş şəxslər üçün də keçərlidir.

Şəklin mənbəyi, Getty Images
Omicron ştamının digər ştammlardan fərqi nədir?
Omicron ştamında indiyə qədər rast gəlinməmiş mutasiyalarla yanaşı, koronavirusun əvvəlki mutasiyaları da qalmaqdadır.
Onların çoxu virusun sünbül protein hissəsində baş verib və peyvəndlərin əksəriyyəti məhz bu hissəni hədəfə alır. Ona görə də vaksinlərin yeni ştamda effektiv olub-olmayacağı sual altındadır.
Standart testlər Omicron-da "S gen çatışmazlığı" olduğunu göstərir. Delta ştamında isə buna az rast gəlinir. Beləliklə, "S geninin çatışmazlığı" Omicron-un aşkar edilməsi üçün bir ipucu ola bilər.
Ancaq bunu bütün hallara aid etmək olmaz və qəti qənaət üçün tam gen ardıcıllığı analizi tələb olunur.
Gen ardıcıllığının rolu nədən ibarətdir?
Hər həftə Britaniyada müsbət test nəticələrinin 20 faizi (təxminən 60 000 test) gen ardıcıllığı (PZR) analizinə göndərilir. Alimlər ştamın növünü və Omicron-un yayılma dərəcəsini bu analizin nəticələrinə əsasən müəyyən edə bilirlər.
Britaniya və Cənubi Afrikada laboratoriyalar uyğun texnologiyayla təchiz olunduğu üçün yeni ştamların əksəriyyəti bu ölkələrdə aşkar edilir. Ancaq bu, yeni mutasiyaların ilk dəfə həmin ölkələrdə peyda olması demək deyil.
Omicron haqqında nə bilirik?
Omicron variantına yoluxanlarda çox az simptomların üzə çıxdığı, sadə bir boğaz ağrısı və ya öskürəklə müşahidə olunduğu və ağır olmadığı bildirilir.

Şəklin mənbəyi, Getty Images
Omicron digərlərindən daha sürətlə yoluxurmu, daha ağır fəsadlar törədirmi, mövcud peyvəndlərin ona qarşı qoruyuculuğu nə qədərdir - bu suallara hələ cavab verilməyib. Ancaq statistika narahatlıq doğurur.
Bəzi hökumətlərin hansısa ölkələrə səyahəti qadağan etməsi cavabların mənfi ola biləcəyi ehtimalından qaynaqlanır.
Omicron variantının əlamətləri hansılardır?
Cənubi Afrikada yoluxma halları daha çox gənclərdə müşahidə edildiyi üçün əlamətlər səthi olub. Omicron ştamının Delta-dan fərqli simptomlara malik olduğu, məsələn, qoxu və dad hissiyatının itmədiyi, bununla belə, qəti qənaətə gəlmək üçün hələ tez olduğu bildirilir.
Başqa sözlə, öskürək, qızdırma, qoxu və dad itkisi hələ də koronavirusun əsas əlamətləri hesab olunur.
Cənubi Afrika xəstəxanalarında vəziyyəti ağır olan xəstələr var. Ancaq onların əksəriyyəti ya peyvənd olunmayıb, ya da cəmi bir doza vurdurub. Bu isə koronavirusun köhnə və yeni ştamlarından qorunmaq üçün iki doza və bir də gücləndirici doza peyvənd vurdurmağın ən yaxşı variant olduğunu göstərir.







