Koronavirusun Omicron ştammı immun sistemi zəif olan insanlarda yaranır?

Koronavirus Karonavirus Covid-19 Omikron Omicron .tamm;

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Andrew Harding
    • Vəzifə, BBC-nin Afrika müxbiri

Koronavirusun "Omicron" ştammını kəşf edən Cənubi Afrika alimləri indi də bu suala cavab axtarırlar - mutasiyalar İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyası səbəbindən immun sistemi zəifləmiş orqanizmlərdə baş verirmi?

Tədqiqatçılar müşahidə ediblər ki, Covid-19 virusu İİV-ə yoluxmuş, ancaq müxtəlif səbəblərdən bir neçə ay dərman qəbul etməmiş insanların orqanizmində aylarla qala bilir.

Keyptaundakı Desmond Tutu adına İİV vəqfinin rəhbəri professor Linda-Gayle Bekker deyir ki, "Normalda immun sistemi virusları qısa müddət ərzində məhv edir. Ancaq immun sistemi zəif olan insanların orqanizmində virus aylarla qala bilir".

Professor Bekkerin sözlərinə görə, bu zaman virus çoxalır və mutasiyaya uğrayır.

Elm adamları tədqiqatın gedişində əvvəllər ayrı-seçkiliyə məruz qalmış İİV xəstələrini pis vəziyyətdə qoymamağa çalışırlar.

"Müalicə alan xəstələrdə immunitet sisteminin normallaşdığını vurğulamaq lazımdır," - Bekker belə deyir.

Cənubi Afrikadakı xəstəxanalarda alimlərin marağına səbəb olan iki hal aşkarlanıb.

Bu ilin əvvəlində bir qadının testləri onun təxminən 8 aydır ki, koronavirusdan sağalmadığını göstərib. Bu müddət ərzində virus ən azı 30 genetik dəyişikliyə məruz qalıb.

"Omicron" ştammını aşkar etmiş komandanın rəhbəri, professor Tulio de Oliveyra bildirir ki, Böyük Britaniya da daxil olmaqla, dünyanın digər ölkələrində də 10-15 oxşar hadisə qeydə alınıb.

Professor bunun çox nadir hal olduğunu deyir: "Ancaq virusun immuniteti zəif olan insanlarda təkamül etməsi inandırıcı arqumentdir".

"Omicron" aşkar edildikdən dərhal sonra Qərb ölkələri səyahətləri qadağan etdikləri üçün Cənubi Afrika alimləri sosial mediada böyük tənqidlərə və hətta ölüm təhdidlərinə məruz qalmışdılar.

Buna görə də onlar öz ölkələrinin və ya Afrika qitəsinin yeni ştammların vətəni kimi görünməsinə səbəb olacaq ifadələr işlətməkdən yayınırlar.

İİV üzrə ekspert və Cənubi Afrika hökumətinin Covid-19 üzrə məsləhət komitəsinin keçmiş sədri professor Səlim Kərim də immun çatışmazlığı olan xəstələrlə yeni ştammlar arasında əlaqə ehtimalını çox məntiqli tezis hesab edir:

"Amma bu, sübut edilməyib. Dörd fərqli qitədən beş ştamm ortaya çıxıb. Afrikanı qətiyyən günah keçisi elan etmək olmaz".

Alimlər immun sisteminin müxtəlif səbəblərdən zəiflədiyini qeyd edirlər. Məsələn, "Alfa" ştammının ortaya çıxmasını İngiltərədə xərçəng müalicəsi alan bir xəstəylə əlaqələndirirlər.

"Şəkərli diabet, xərçəng, aclıq, avtoimmün xəstəliklər, xroniki vərəm və piylənmə kimi səbəblərə görə immun sistemi zəifləmiş xeyli insan var" - Keyptaundakı "Groote Schuur" xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri professor Mark Mendelson belə deyir.

Cənubi Afrikada təxminən 8 milyon insan İİV infeksiyasıyla yaşayır, ancaq onların təxminən üçdə biri müxtəlif səbəblərə görə dərman qəbul etmir.

Narahatlığa səbəb olan kovid ştammlarından hansınınsa məhz Afrikada meydana gəldiyinə dair heç bir sübut yoxdur, amma Afrikanın cənubunda "Omicron" kimi sürətlə yayılan yeni bir variantın qəfil yayılması xəstəliyin orada yarandığına dair şübhələrə yol açdı.

Pandemiyaya görə bəzi regionlarda İİV-ə qarşı mübarizəyə laqeyd yanaşıldığını bildirən alimlər ümid edirlər ki, bu xəstəliklə kovid arasında əlaqə ehtimalı bütün dünyada onun müalicəsiylə bağlı səyləri artıracaq.

"Dünya virus infeksiyalarının necə inkişaf etdiyini bilməlidir. Hazırda əlimizdə olan ən yaxşı həll yolu peyvənd olunmaqdır," - professor Bekker belə deyir.

Afrika peyvəndlənmə səviyyəsinə görə dünyanın digər yerlərindən geri qalır.

Cənubi Afrika alimləri vurğulayırlar ki, hazırda virusa adekvat reaksiya verə bilmələri üçün dörd və ya hətta beş doza peyvənd vurulmalı olan zəif immun sistemli insanlara fokuslanmak lazımdır.

Professor Kərimin sözlərinə görə, yeni ştammların yaranma riskini azaltmaq üçün bütün dünyada buna üstünlük verilməlidir:

"İmmun sistemi zəif insanlarda peyvəndlərin təsiri hiss olunana qədər onları təkrar-təkrar peyvənd etmək yeni ştammların meydana çıxması ehtimalına qarşı ən böyük qorunma tədbiridir".