Covid-19 simptomları: məndə soyuqdəymədir, yoxsa koronavirusa yoluxmuşam?

Qadın

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Michelle Roberts
    • Vəzifə, Səhiyyə məsələləri üzrə redaktor, BBC News online

Koronavirus və onun simptomları haqqında getdikcə daha çox məlumat əldə edilir.

Birləşmiş Krallığın Milli Səhiyyə Xidməti insanlara Covid-in klassik simptomlarının necə olduğunu xatırladır:

  • yeni, davamlı öskürək
  • qızdırma/yüksək temperatur
  • iybilmə və ya dadbilmə hissiyatının dəyişməsi və ya itirilməsi

Lakin tədqiqatçılar deyirlər ki, bəzi insanlar Covid-i baş və boğaz ağrısı, burun axma simptomları ilə müşahidə olunan "kəskin soyuqdəymə kimi" keçirə bilərlər.

Əgər Covid-ə yoluxmanıza dair şübhəniz varsa, test verməyiniz vacibdir. Hətta əgər insan özünü çox xəstə hiss etmirsə də, o, başqalarını yoluxdura bilər.

Qızdırma mənim koronavirusa yoluxduğumdan xəbər verir?

Temperatur 37,8 °C və ya daha yuxarı olanda bu, yüksək hərarət sayılır. Bu cür qızdırma bədən infeksiya ilə mübarizə apararkən olur - söhbət təkcə koronavirusdan getmir.

Termometrdən istifadə etmək məsləhət görülür. Əgər termometriniz yoxdursa, sizin və ya narahat olduğunuz şəxsin sinə və ya kürəyinə toxunduqda isti olub-olmadığını yoxlayın.

Soyuqdəymə zamanı yüksək temperaturun olması ehtimalı azdır.

Yüksək temperaturunuz varsa, koronavirus testi verin.

Bəs, öskürək necə?

Soyuqdəyməniz varsa və ya qripsinizsə, digər simptomlar ilə yanaşı öskürəyiniz də ola bilər.

Qrip adətən qəflətən başlayır və xəstələrdə çox vaxt öskürəklə yanaşı əzələ ağrıları, titrəmə, baş ağrısı, yorğunluq, boğaz ağrısı, burun axması və ya burun tutulması kimi simptomlar olur. Bu, bərk soyuqdəymədən daha ağır keçən xəstəlikdir.

Soyuqdəymə zamanı da insan özünü naxoş hiss etsə də, bu, adətən, tədricən inkişaf edir və nisbətən yüngül keçir. Öskürək ilə yanaşı asqırma, boğaz ağrısı və burunaxmaı ola bilər. Qızdırma, titrəmə, əzələ ağrıları və baş ağrıları nadir hallarda baş verir.

Koronavirus öskürəyi bir saatdan çox davam edə bilər, bəzən bu cür bərk öskürək üç saat və ya ondan daha çox çəkə bilər, bəzi hallarda isə öskürək "epizodları" 24 saat ərzində özünü göstərə bilər.

Ağciyərlərin xroniki obstruktiv çatışmazlığı kimi uzun müddətli bir xəstəliyə görə öskürəyiniz varsa, vəziyyət daha pis ola bilər.

Yeni davamlı bir öskürəyiniz başlayırsa, koronavirusu yoxlamaq üçün test verməlisiniz.

İybilmə və ya dadbilmə hissiyyatının itirilməsi və ya dəyişməsi nədən xəbər verir?

Bunlar koronavirusun əsas simptomlarıdır və bu cür halların olması koronavirus üçün test verməli olduğunuza dəlalət edir.

Ola bilər ki, bu, siz sadəcə soyuqlamısınız. Ancaq virusun yayılması riskinin qarşısını almaq üçün özünüzü hətta naxoş hiss etmədiyiniz halda da yoxlamadan keçməyiniz məsləhətdir.

Asqırmaq koronavirusa tutulmaq deməkdirmi?

Asqırma koronavirusun klassik simptomu deyil və Britaniyanın Milli Səhiyyə Xidmətinə əsasən, əgər temperaturunuz, öskürəyiniz və ya iybilmə və dadbilmə hisləriniz yerindədirsə, testə ehtiyacınız yoxdur.

Ancaq asqırma nəticəsində əmələ gələn damcılar infeksiyanı yaya bilər, buna görə damcıların yayılmasının qarşısını salfetlə alıb onu zibil qutusuna atın və sonra əllərinizi yuyun.

Koronavirus və digər xəstəliklərin yayılmasının qarşısını almağa kömək edən tədbirlər bunlardır:

  • Əllərinizi müntəzəm yuyun
  • Sosial məsafənin mümkün olmadığı hallarda üz maskasından istifadə edin
  • Birgə yaşamadığınız şəxslərdən uzaq durmağa çalışın

Burunaxma, burun tutulması və ya baş ağrısı nədən xəbər verə bilər?

Britaniyanın Milli Səhiyyə Xidmətinə görə, burun axma, burun tutulması və ya baş ağrısı hələ Covid testi verməyi zəruri etmir.

Lakin araşdırmalar göstərir ki, Covid testi pozitiv olanların bəzilərində bu simptomlar özünü göstərib.

ABŞ-dakı tibbi təlimatlarda aşağıda göstərilən simptomların Covid ilə əlaqəli ola bilməsi qeyd edilib:

  • Qızdırma və ya titrəmə
  • Öskürək
  • Nəfəs çatışmazlığı ya nəfəs alma çətinliyi
  • Yorğunluq
  • Əzələ və ya bədən ağrıları
  • Baş ağrısı
  • İybilmə və dadbilmə hissiyyatının yeni itirilməsi
  • Boğaz ağrısı
  • Burun axma və ya burun tutulma
  • Ürəkbulanma və ya qusma
  • İshal

Özümü çox pis hidd edirəmsə, bu, nədən xəbər verir?

Koronavirusa tutulan insanlar simptomları müxtəlif ola bilər - yüngülündən tutmuş ağır formayadək. Bəzi insanlarda simptomın heç biri olmaya da bilər, lakin onlar hələ də infeksiya mənbəyi ola bilərlər.

Koronavirus infeksiyasına yoluxan adamda simptomlar özünü yoluxmadan iki həftə ərzində göstərə bilər, lakin bu, adətən təxminən beş gün çəkir.

Təngnəfəslik hissi daha ciddi koronavirus infeksiyasının əlaməti ola bilər.

Nəfəsalma ilə bağlı hər hansı bir probleminiz yaranarsa, həkimə və ya təcili tibbi yardıma müraciət edin.