Koronavirus: evdə müalicə və təcrid vaxtı nə etməli, ailə üzvlərini necə qorumalı? 5 suala cavabda

bu gün, maska, covid-19, koronavirus

Azərbaycanda COVİD-19-u törədən koronavirusa yoluxmuş şəxslər simptomlardan asılı olaraq ev şəraitində də müalicə olunur.

BBC News Azərbaycanca evdə müalicə vaxtı təcrid və davranış qaydalarına aid bəzi tövsiyə və məsləhətləri bir araya gətirib.

Kimlər evdə müalicə olunmalıdır?

Səhiyyə Nazirliyinin evdə müalicə ilə bağlı açıqladığı qaydalara əsasən yoluxma halı təsdiqlənərsə, xəstəliyi yüngül formada keçirən şəxslər “həkim rəyinə əsasən”, yaşadıqları və ya olduqları yerdə təcrid olunur və onların üzərində tibbi “müşahidə həyata keçirilir”.

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşına əsasən, xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələr də ev şəraitində həkim nəzarətində olmalıdır.

Tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadənin dediyinə görə, testi pozitiv çıxan, lakin heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir.

Özünün COVİD-19 virusuna yoluxduğuna şübhəsi olan vətəndaşlar ilk addım olaraq poliklinikaya telefon vasitəsilə zəng etməlidir.

koronavirus
xətt

"Bundan sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVİD-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir", Səhiyyə Nazirliyinin saytında Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova iqtibas edilir.

Məlumata görə, testin cavabı 1-3 gün ərzində SMS vasitəsilə vətəndaşa bildirilir. Bu müddətdə isə sahə həkimi vətəndaşın vəziyyətini izləməli və test nəticəsi müsbət olarsa, vətəndaş qeydiyyata alınır.

Səhiyyə Nazirliyinin rəsmisi bildirir ki, "xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur."

Evdə müalicə neçə gün davam edir?

Sahə həkimləri koronavirusa yoluxmuş evdə müalicə alan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə etməlidirlər, əgər ağırlaşma olarsa, o zaman həkimlər vətəndaşın stasionar şəraitdə müalicəsini davam etdirmək barədə qərar verməlidir.

Yəni, orta hesabla müalicə müddəti 2 həftədir. Ağırlaşmış xəstələrdə bu müddət uzana bilər.

"Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, xəstəliyin ağırlıq dərəcəsi və s. kimi şərtlər mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərdən aslı olaraq müalicə müddəti dəyişilə bilər", - Vüqar Cavadzadə deyir.

Onun sözlərinə görə, evdə müalicə prinsiplərinə elə riayət olunmalıdır ki, "sonradan xəstə ağırlaşıb xəstəxanaya düşməsin".

"Qeyd etdiyim kimi xəstəliyi simptomsuz keçirən şəxslərə heç bir müalicə təyin edilmir. Bu şəxslər yalnız özlərini ev şəraitində 2 həftə təcrid etməlidir".

İzolyasiyaya gəldikdə isə, Covid-19-un inkubasiya dövrü 21 gün təşkil etdiyindən bu müddətdə xəstələrə yaşayış yerlərini tərk etməyə icazə verilmir.

Necə izolyasiya olunmalı?

Evdə isə həmin şəxslər ayrıca bir otaqda izolyasiya olunmalıdır.

Buna şərait əl vermirsə, xəstənin yatağını digərlərindən ən azı 2 metr məsafədə yerləşdirmək məqsədəuyğundur, Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova deyir.

Onun sözlərinə görə, həm xəstə, həm də onunla eyni evdə qalan bütün şəxslər evin daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə ilə özləri və ətrafdakıları yoluxmadan qorumuş olurlar.

Tibbi maskanı hər iki saatdan bir dəyişmək tövsiyə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan hökumətinin daha bir tövsiyəsinə görə, evdəki insanlar əşyaları, məsələn, qab-qacaq, dəsmal və yataq dəstlərini bölüşməkdən çəkinməlidir.

"Evdə COVID-19-a yoluxmamış şəxslər varsa onlar qeyd etdiyimiz tədbirlərlə yanaşı, immun sistemin zəifləməsinin qarşısını almaq məqsədilə özlərini soyuqdan qorumalı, kifayət qədər vitaminli və zülalla zəngin olan qidalar qəbul etməlidir", - Vüqar Cavadzadə əlavə edir.

Antibiotik istifadəsi nə zaman təyin edilir?

Xəstəliyi simptomsuz və yüngül keçirən şəxslərə antibiotik təyin edilmir, Vüqar Cavadzadə deyir.

Onun sözlərinə görə, xəstəliyi orta-ağır keçirənlərə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməli və onun düzgün seçimi üçün "antibiotikoqramma aparılmalıdır".

"Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotiklər qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur".

Yeməyi kim hazırlamalıdır?

İmmuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür.

İnfeksiyaya yoluxmuş şəxsin yeməyini onun otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Və təbii ki, öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır, Nailə Daşdəmirova deyir.

Xəstələrə və onlarla eyni evdə yaşayanlara vitaminlərlə zəngin pəhriz tövsiyə olunur.

Evdə müalicədə ən çox edilən səhvlər nələrdir?

Vüqar Cavadzadənin dediyinə görə, xəstələrin böyük əksəriyyəti digər şəxslərin istifadə etdikləri "dərmanları qəbul edirlər".

"Həkimə müraciət etmədən ev şəraitində özbaşına ehtiyac olmadan müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonal və s. kimi preparatlar qəbul edirlər".

O, bir çox hallarda insanların ehtiyac olmadığı "vena daxili infuziyalardan istifadə" etdiyini qeyd edir. Bunun nəticəsi olaraq, xəstəliyin gedişi ev şəraitində ağırlaşır və xəstəni xəstəxanaya köçürməli olurlar.

"İnsanların çox hissəsi sanki düşünür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir. Qeyd edim ki, dərmanlar həkim tərəfindən təyin ediləndə, dərmanların göstəriş və əks-göstərişləri, əlavə təsirləri mütləq nəzərə alınır", - Vüqar Cavadzadə deyir.

Antiviral preparatlar nə dərəcədə effektlidir?

Səhiyyə Nazirliyinin saytındakı məlumatda bu suala cavab verən Vüqar Cavadzadə COVID-19 infeksiyasının müalicəsində antiviral preparatların effektivliyinin elmi-tədqiqatlarla sübuta yetirilmədiyini bildirir.

Qadın

Şəklin mənbəyi, TASS/Getty Images

O, həkim məsləhəti olmadan belə dərmanların qəbulunun müxtəlif fəsadlara yol aça biləcəyini deyir.

"Bu gün apteklərdə müxtəlif antiviral preparatlar satılır. İnsanlar bəzən 3-4 antiviral preparatlar alıb qəbul edirlər. Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə bu preparatları alıb qəbul edirlər ki, buda sonradan müxtəlif fəsadlara yol açır".

Xəstənin təmasda olduğu əşyalar necə təmizlənməli?

Xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin toxunduğu əşyalar mütləq dezinfeksiya olunmalıdır.

ÜST qapıların qulpu kimi səthləri tez-tez təmizləməyi tövsiyə edir.

Covid-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli mayələr ilə təmizlənməlidir, xəstənin paltarları isə ayrıca 60-90 dərəcədə yuyulmalıdır, Nailə Daşdəmirova deyir.

Eynilə otaqları tez-tez havalandırmaq da tövsiyə olunur.