ÜST rəhbəri: Peyvənd bərabərsizliyinə son qoymaq mümkün olsa, pandemiya 2022-ci ildə bitəcək

Vaksinasiya

Şəklin mənbəyi, Reuters

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Ghebreyesus bildirib ki, 2022-ci il koronavirus pandemiyasının sonuncu ili ola bilər, lakin yalnız bir şərtlə ki, dünya ölkələri vaksinlərin bölüşdürülməsində ədalətsizliyi və bərabərsizliyi aradan qaldıra bilsin.

Yeni il müraciətində Ghebreyesus Covid-19-un yeni variant olan Omicron-un ortaya çıxmasına "dar millətçilik və bəzi ölkələr tərəfindən həddindən artıq vaksin ehtiyatlarının yaradılmasının" səbəb olduğunu qeyd edib.

ÜST dünyanın zəngin dövlətlərini dəfələrlə tənqid edərək bildirib ki, bir çox regionlarda əhalinin böyük hissəsi peyvəndin ilk dozasını hələ də almadığı halda, zəngin ölkələr öz vətəndaşlarına üçüncü buster peyvənd vurulmasını təklif edir.

ÜST başçısının sözlərinə görə, bu cür yanaşma "Omicron-un ortaya çıxması üçün ideal şəraityaradıb."

"Ədalət prinsipi nə qədər çox pozulacaqsa, virusun yeni variantlarının yaranması riski də o qədər yüksək olacaq və biz bunun qarşısını nə ala, nə də proqnozlaşdıra bilmərik", - Ghebreyesus bildirib.