"Omicron" haqqında yaxşı və pis xəbərlər hansı qənaəti yaradır?

Omicron Omikron həyat sağlamlıq koronavirus karonavirus virus pandemiya Covid-19 pandemiyası

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, James Gallagher
    • Vəzifə, BBC-nin səhiyyə və elm müxbiri

"Omicron" dalğası sürətlə bütün dünyaya yayılmaqdadır. Elm adamları, siyasətçilər və xalqlar bunun həyatımıza necə təsir edəcəyini öyrənməyə çalışırlar.

Britaniyada və digər Avropa ölkələrində bu ştamma qarşı mübarizə tədbirləri gücləndirilir.

"Omicron" haqqında davamlı olaraq yeni məlumatlar paylaşılır. Bəziləri narahatedici, bəziləri isə müsbət xəbərlərdir. Onlar hansı qənaəti yaradır?

Bu, pandemiyanın son qışı deyil

Bəlkə unutmuşuq, amma indiki vəziyyət keçən ilin eyni günləriylə müqayisədə daha yaxşıdır.

Ötən il Milad bayramında eyni evdə yaşamayanların görüşməsinə izacə verilmirdi.

2020-ci ilin son aylarında ortaya çıxan "Alfa" ştammı noyabr ayından etibarən qapanma qərarlarına yol açmış, ilin son günlərində vaksinasiya prosesi başlamışdı.

Builki qaydalar və məhdudiyyətlər keçən ilkinə nisbətən daha yumşaqdır.

Xəstəliyin ağır keçməsi ehtimalı azdır

Digərləriylə müqayisədə "Omicron" ştammına yoluxanlarda xəstəliyin ağır keçmə ehtimalı daha azdır.

Dünya üzrə aparılan araşdırmalar göstərir ki, "Omicron" "Delta"dan daha təhlükəsizdir və bu ştamma yoluxanların xəstəxanaya yerləşdirilmə ehtimalı 30-70 faiz arasındadır.

Koronavirusun bu variantı bir çox insanda soyuqdəymə kimi boğaz ağrısı, burun axması və baş ağrısına səbəb olur. Ancaq bu, yoluxanların hamısının xəstəliyi yüngül keçirəcəyi demək deyil.

Virusun mutasiyaları daha zərərsiz görünür, amma bunda peyvəndlərin və əvvəlki ştammların da rolunu unutmaq olmaz.

Çox sürətlə yayılır

Xəstəxanaların "Omicron" dalğasına tab gətirib-gətirməyəcəyini müəyyən edən yeganə şey xəstəliyin ağırlığı deyil: yoluxma sürəti tənliyin digər yarısıdır.

Bu ştamma yoluxmada stasionar müalicə zərurəti 50 faiz az olsa da, yayılma sürəti iki dəfə çoxdur və bu iki cəhət bir-birini neytrallaşdırır.

"Omicron"un güclü tərəfi insanlara tez bir zamanda yoluxmasıdır - digər ştammlardan daha sürətlə yayılır, əvvəlki vaksinlər və infeksiyalar sayəsində yaranmış immuniteti dəf edə bilir.

İngiltərədə cümə axşamı yoluxmaların sayı demək olar ki, 120 min nəfərə çatıb. Üstəlik, "Omicron"a yoluxan şəxslərin heç də hamısının test etdirmədiyini və bir dəfədən çox xəstələnənlərin qeydiyyata alınmadığını nəzərə alsaq, real rəqəmin daha çox olduğunu təxmin edə bilərik.

Yaşlılara necə təsir etdiyini bilmirik

"Covid-19" xəstəliyinin ağırlaşmasına ən çox təsir edən risk faktoru yaşdır.

Böyük Britaniyada "Omicron"a yoluxanların və xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin yaşı 40-dan azdır. Ona görə də bu ştammın yuxarı yaş qruplarına necə təsir edəcəyini bilmirik.

"Omicron"un immun sistemindən qismən yan keçməsi onun "Delta"dan daha çox yoluxmasına səbəb ola bilər.

Bir çox insan təkrar peyvənd olunub, amma təsirləri müvəqqətidir.

Peyvəndin iki dozası "Omicron"a qarşı qorunmaya kifayət etmir, ona görə də Britaniyada xatırlatma dozası proqramı hazırlanıb.

31 milyondan çox insana peyvəndin üçüncü dozası vurulub.

Ancaq müşahidələrə görə, "Omicron"a qarşı peyvəndlərin effekti 10 həftədən sonra azala bilir.

Omicron Omikron həyat sağlamlıq koronavirus karonavirus virus pandemiya Covid-19 pandemiyası

Şəklin mənbəyi, Getty Images

Yeni dərmanlar

"Omicron"a yoluxanlar yeni dərmanlar sayəsində xəstəxanaya düşməkdən qurtula bilərlər.

Bu dərmanlar yüksək risk qruplarına, o cümlədən xərçəng xəstələrinə və orqan köçürülmüş şəxslərə verilir.

"Molnupiravir" bədənimizdə "Omicron" hüceyrələrinin çoxalmasına mane olan və xəstəxanalıq olmaq riskini 30 faiz azaldan dərmandır.

"Sotrovimab" virusları təsirsiz hala gətirən və xəstəxanaya yerləşdirilmə riskini 79 faiz azaldan antikor terapiyasıdır.

Hər iki müalicə virusa təzyiq edərək immun sisteminin işə düşməsinə şərait yaradır.

Səhiyyə sisteminə də təsir edir

"Omicron" dalğası xəstəxanaya yerləşdirilən insanların sayını artırır, onlara qulluq edəcək tibbi personalın sayını isə azaldır.

Britaniyada "Omicron"a yoluxan çox sayda insan arasında həkimlər, tibb bacıları və digər səhiyyə işçiləri də var. Digərləri kimi onlar da təcrid edildikləri üçün həmin dövrdə işləyə bilmirlər.

Dekabrın 19-da kovid səbəbiylə işə çıxmayan tibb işçilərinin sayı əvvəlki həftəyə nisbətən 54 faiz artaraq 19 minə çatıb.

Britaniyadakı xəstəxana və təcili yardım işçilərini təmsil edən "NHS Provayders" təşkilatı bunun səhiyyə sistemində indiyə qədərki ən çətin Milad dövrü olduğunu açıqlayıb.

Xəstəxanalarda böyüklər üçün çarpayıların 94,5 faizi doludur. Ötən ilin eyni dövründə bu göstərici 89 faiz olub.

Qarşıdakı həftələr həlledici olacaq

Bizim xeyrimizə olan irəliləyişlər (xəstəliyin yüngül keçməsi, antiviral dərmanlar və xatırlatma dozalarının mövcudluğu) bu günə qədər görünməmiş sürətlə yayılan yeni ştammın öhdəsindən gəlməyə bəs edəcəkmi?

Yoxsa "Omicron"un qarşısını almaq üçün daha ciddi məhdudiyyətlər lazım gələcək?

Xəstəliyin sürətlə yayılması sayəsində tezliklə bu sualların cavabını biləcəyik.