Bu gündən peyvəndlənmə əleyhinə "Əks göstəriş sertifikatı" veriləcək

Şəklin mənbəyi, AZERTAG
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, Bu gündənvaksinlənmə əleyhinə Əks göstəriş sertifikatının verilməsinə başlanılır, Müdafiə naziri Zakir Həsənov Kəlbəcər və Laçında tank bölmələrinin hazırlığını yoxlayıb - bu və digər xəbərlər daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Bu gündənpeyvəndlənmə əleyhinə "Əks göstəriş sertifikatı" veriləcək
Avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən Covid-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə Əks göstəriş sertifikatının verilməsinə başlanılır.
"Əks göstəriş sertifikatı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir", - Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında bildirilib.
"Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa Əks göstəriş sertifikatı veriləcək."
Məlumatda əks göstərişləri olmayan vətəndaşların nəzərinə bir daha çatdırılıb ki, "virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır."
Türkiyədə ölümcül avtobus qəzası

Şəklin mənbəyi, Getty Images
Türkiyənin Balıkesir bölgəsində bir sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində baş vermiş qəzada 15 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.
Balıkesir valisi Hasan Şıldak, qəzanın səbəbi ilə bağlı "hələ dəqiq bir məlumatın olmadığını" bildirib.
Balıkesirdən Edremit rayonuna yollanan Efe Tur şirkətinə məxsus sərnişin avtobusu Zongudak-İzmir səfərini yerinə yetirirdi.

Şəklin mənbəyi, DHA
Qəza nəticəsində 11 nəfər hadisə yerində həlak olub.
Təcili Xidmət tərəfindən xəstəxanaya çatdırılan 4 yaralını həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
17 yaralı şəhərin 5 fərqli xəstəxanasına yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.
Zakir Həsənov Kəlbəcər və Laçında tank bölmələrinin hazırlığını yoxlayıb

Şəklin mənbəyi, MOD.GOV.AZ
Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən əsaslı təmir olunmuş hərbi hissələrə baxış keçirib.
"Əvvəlcə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb", - MN-in məlumatında deyilib
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi qeyd olunan ərazilərdə dislokasiya olunan digər hərbi hissələri ziyarət edib.
Məlumatda qeyd olunduğu kimi, hərbi hissələrin yerləşdiyi ərazilərin "fasiləsiz elektrik enerjisi ilə təmin olunması" generatorlar vasitəsilə həyata keçirilir.
İstanbuldan Bakıya uçan AZAL-ın təyyarəsi hava boşluğuna düşüb

Şəklin mənbəyi, Azertag
Avqustun 7-də AZAL-ın İstanbuldan Bakıya uçan (J2-176 reysi) A320 təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb, AZAL-ın mətbuat xidməti bildirib.⠀
Təyyarə yerli vaxtla saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda "uğurlu eniş edib."
"Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb", AZAL bildirib.⠀
Aviaşirkət "yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını" bildirib.⠀
AZAL qeyd edib ki, uçuş zamanı "turbulentlik normal haldır və hava gəmiləri üçün təhlükə törətmir."⠀
"Belə təbii hadisə zamanı ciddi xəsarət almamaq üçün AZAL aviaşirkəti sərnişinlərə uçuş boyu kəmərləri bağlı saxlamağı, təşvişə düşməməyi və ekipajın tələblərinə əməl etməyi tövsiyə edir" - AZAL-ın Mətbuat xidmətinin məlumatında deyilib.






