Türkiyədə meşə yanğınları: "38 bölgədə çıxan 163 yanğından 152-si söndürülüb"

Şəklin mənbəyi, Anadolu Agency via Getty Images
Türkiyə günlərdir azı altı şəhərdə davam edən yanğınlarla mübarizəni davam etdirir. Ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli deyib ki, iyulun 28-dən avqustun 3-dək 38 bölgədə 163 yanğın çıxıb, onlardan 152-si söndürülüb.
Onun sözlərinə görə, Antalyada yanğınlar davam etsə də, yanğının qarşısının alınması yönündə "yaxşı xəbərlər" gəlir.
"Yanğınlarla mübarizədə 16 təyyarə, 9 PUA, 51 vertolyot, 1 pilotsuz idarə edilən helikopter, 805 sulayıcı və tanker, 155 iş maşını və təxminən 5200 əməkdaş iştirak edir," - TRT Haber Bekir Pakdemirliyə istinadən yazır.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bütün qurumların yanğınlarla mübarizəyə qoşulduğunu açıqlayıb.

Şəklin mənbəyi, Anadolu Agentliyi
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin növbəti yanğın-xilasetmə qrupu Türkiyədə yanğınsöndürmə işlərinə qoşulub. Azərbaycan FHN onların hazırda Türkiyənin Dənizli şəhəri istiqamətində fəaliyyət göstərdiklərini bildirib.
Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hazırda Dənizlidədir.

Şəklin mənbəyi, Getty Images
Ötən gün vəziyyət necə olub?
Türkiyənin cənubundakı meşələrdən başlayan yanğınlar nəticəsində həlak olan insanların sayı 9 nəfərə çatıb.
Ölkənin 6 şəhərində 13 meşə yanğını ilə mübarizə hələ də davam edir. Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat verib.
Yanğınların davam etdiyi Milas bölgəsinin bələdiyyə başçısı deyib ki, yanğın yaşayış binalarına doğru irəliləyir və əgər qarşısı alınmasa, istilik elektrik stansiyasına çatacaq.
"Burada kritik nöqtədəyik. Yanğın kəndlərdən kənara çıxaraq yaşayış binalarına doğru irəliləyir. Sabah bu fəlakətli yanğın tam hava dəstəyi verilərək aradan qaldırılmalıdır,"- Milas Bələdiyyə Başçısı Muhammet Tokat deyib.

Şəklin mənbəyi, Getty Images
Türk Silahlı Qüvvələrinin azı 400 əsgəri, üç PUA-sı, dörd helikopteri və 50-dən çox texnikası yanğın söndürmə işlərinə dəstək verir.
İspaniya da Türkiyəyə yanğınsöndürtmə işlərində dəstək olub. Ölkədən Türkiyəyə iki yanğınsöndürmə təyyarəsi, bir daşıma təyyarəsi və 27 pilot gəlib.
Yanğınlar yeddi gündür ki, davam edir və son on ilin Türkiyədə ən iri miqyaslı yanğın böhranı sayılır.
Bazar ertəsi günü Türkiyə rəsmiləri 130-dan çox yanğının lokallaşdırıldığını bildiriblər.
Ölkə boyu yanğınsöndürmə işləri davam etdirilir.

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Azərbaycandan Türkiyəyə daha bir heyət gedib
Azərbaycan Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının növbəti qrupu Türkiyədə davam edən meşə yanğınları ilə mübarizə üçün bu ölkəyə gedib.
"Qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir,"- Azərbaycan FHN-in açıqlamasında deyilir.
İyulun 28-dən bəri Türkiyədə davam edən yanğınlar nəticəsində 8 nəfər həlak olub, 400-dən çox insan zərər çəkib.
Yanğınlar sahilyanı kurortların fəaliyyətini pozub, turistlər bəzi istirahət yerlərini və otelləri tərk etməli olub.
Türkiyədə son günlər ərzində 100-dən çox meşə yanğını söndürülüb. Bazar günü Antalya və Muğla vilayətlərində beş yanğının yayılmasının qarşısını almaq hələlik mümkün olmayıb.
Ölkənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirlinin sözlərinə görə, iyulun 28-dən bu yana ölkədə 125 yanğından 117-si ya söndürülüb, ya da nəzarət altına alınıb.
O bildirib ki, hazırda 16 təyyarə, 9 PUA, 45-dən çox vertolyot, 708 çiləyici və 4800 personal ilə meşə yanğınları ilə mübarizə aparılır.
Muğlanın Milas vilayətinin Çökertme kəndində isə yanğın davam edir, lakin rəsmilər deyir ki, buradakı istilik elektrik stansiyası üçün heç bir təhlükə yoxdur.
Avropa Komissiyası bu yanğınlartla bağlı İspaniyadan iki və Xorvatiyadan bir Canadair tipli təyyarə göndərəcəyini açıqlayıb.
Türkiyədəki yanğın fəlakətini yaxından izləyən ölkələr arasında olan Yunanıstan Türkiyəyə yanğınsöndürmə təyyarəsi göndərməyə hazır olduğunu, lakin bununla bağlı müsbət cavab almadığını bildirib.

Şəklin mənbəyi, EPA
Bazar günü nə baş verib?
Türkiyə rəsmilərinin bildirdiyinə görə, Bodrum ətrafında yanğının baş verdiyi sahələrdə vəziyyət nəzarət altına alınıb.
Bundan əvvəl yanğına görə turistlər Bodrumdakı bir neçə oteldən evakuasiya edilmişdi.
Yanğının otellərə və evlərə yayıla biləcəyi təhlükəsiylə bağlı Bodrum da daxil olmaqla Türkiyənin cənub-qərbindəki çimərliklərdən turistlər evakuasiya olunub.
Türkiyə kurortlarına ən çox sayda turist göndərən ölkələrdən biri Rusiyadır.
Rusiyanın Antalyadakı Baş Konsulluğunun nümayəndəsi RİA Novosti-yə bildirib ki, Türkiyədə baş verən yanğınlarla bağlı rusiyalı turistlərdən mümkün problemlər barədə heç bir şikayət daxil olmayıb.
Prezident Recep Tayyib Erdoğan ötən gün Antalya vilayətinin Manavgat şəhərini ziyarət edib. Bu şəhərdə yanğınlar nəticəsində 5 nəfər həlak olub.
Müstəntiqlər yanğınların kimsə tərəfindən qəsdən törədilib-törədilmədiyini müəyyən etməyə çalışırlar.
Türkiyənin Muğla vilayətində meşələri yandırmaqda şübhəli bilinən bir nəfərin saxlandığı məlum olub.

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images
Erdoğan hökuməti yanğın qurbanlarının hamısına yardım göstərəcəyinə söz verib.
Türkiyə prezidenti deyib ki, hazırda yanğınların söndürülməsi əməliyyatına Azərbaycan, İran, Rusiya və Ukraynadan gələn çoxlu sayda təyyarə və helikopterlər cəlb edilib.









