Ermənistanla sərhəddə - Kəlbəcərdə nə baş verib?

Demarkasiya xəttində duran Ermənistan hərbiçiləri

Şəklin mənbəyi, ANDREY BORODULIN/Getty Images

Azərbaycan Ermənistan ordusunun 40-a yaxın şəxsi heyətinin Kəlbəcər istiqamətindən ölkə ərazisinə girdiyini bildirib, Socar benzinin qiymətinin artmasını "dünya bazarlarında qiymət artımı" ilə əlaqələndirir, Hava yolu ilə ölkəyə gələnlərin özünütəcrid etmələri tələb olunmayacaq. Azərbaycan XİN Fransanın dialoqa yardım vədi ilə bağlı açıqlama verib - daha ətraflı BBC News Azərbaycancada.

Azərbaycan Ermənistan ordusunun 40-a yaxın şəxsi heyətinin Kəlbəcər istiqamətindən ölkə ərazisinə girdiyini bildirib.

Ermənistan rəsmiləri məlumatı "dezinformasiya" adlandırıb.

Azərbaycan Müdafiə Nazirliyi bu gün məlumat yayıb ki, iyunun 1-i axşam saatlarında "Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə" Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində "400 metr Azərbaycan ərazisinə daxil olub".

Müdafiə Nazirliyi həmçinin buna dair coğrafi koordinatları da paylaşıb.

Azərbaycan MN dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin ölkə ərazisindən çıxarıldığını bildirib.

Qurum əlavə edib ki, bu zaman silahdan istifadə olunmayıb.

Azərbaycan MN bunu "növbəti təxribat" sayır və hesab edir ki, sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı Azərbaycanın çağırışlarına zidd olaraq Ermənistan "iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür".

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-da izləyin.

Ermənistan nə deyir?

Ermənistan Müdafiə Nazirliyini Azərbaycan Müdafiə Nazirliyi tərəfindən "40 erməni hərbçisinin Azərbaycan sərhədini keçdiyi və Azərbaycan silahlı qüvvələrinin onları öz mövqelərinə qayıtmağa məcbur edilməsi" haqqında məlumatı "növbəti dezinformasiya" adlandırıb.

"Belə bir dezinformasiyanın dövrəyə buraxılması ilə Azərbaycan hərbi-siyasi rəhbərliyi dünya ictimaiyyətində Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində gərginlik yaratmağa cəhd edildiyi haqqında təsəvvür yaratmağa çalışır və Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan ərazisinə daxil olması ilə tarazlıq yaratmaq istəyir", - Ermənistan Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Ermənistan Müdafiə Nazirliyi qeyd edib ki, "ölkə silahlı qüvvələri nə iyunun 1-də, nə də əvvəlki günlər Azərbaycan sərhədini keçməyib".

Ermənistan Müdafiə Nazirliyi həmçinin deyib ki, Azərbaycan tərəfinin bir neçə gün öncə yaydığı və qarşı tərəfin Ermənistan-Azərbaycan sərhədi və Şuşa istiqamətində atəş açıldığı barədə məlumat onlar və Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığı tərəfindən təkzib edilib.

Azərbaycan MN mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikası istiqamətində mövqelərinin atəşə məruz qaldığını və nəticədə bir əsgərin yaralandığını bildirib.

Nazirlik həmçinin açıqlamışdı ki, mayın 24-dən 26-dək Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindən Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərinə və Şuşa şəhəri ətrafında yerləşən postlar istiqamətində avtomat silahlardan havaya atəş açılıb.

Azərbaycan XİN Ermənistanı "təxribatlara son qoymağa" çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi "40-a yaxın erməni hərbçisinin ölkə ərazisinə girməsini" "davamlı təxribatlara əl atmaq və məqsədyölü şəkildə vəziyyəti gərginləşdirmək" addımı kimi qiymətləndirib.

"Bu kimi təxribatların yolverilməzliyini bir daha vurğulayır və sərhəd məsələsində mövcud olan fikir ayrılıqlarının yalnız danışıqlar yolu həllinin vacibliyini vurğulayırıq", - Azərbaycan XİN yaydığı bəyanatda bildirib.

Nazirlik elan edib ki, Azərbaycan iki dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarıdır.

Qurum Ermənistana çağırış edib və sərhəd məntəqələrində "təxribatlara son qoymağa" dəvət edib.

benzinin qiyməti artıb, SOCAR, Aİ95, Euro-98

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Azərbaycanda Premium Euro-95 və Super Euro-98 markalı avtomobil yanacağının qiymətləri artıb

Benzin bahalaşıb

Azərbaycanda "Premium" və "Super" markalı benzinin hər litri üçün qiyməti 15 qəpik artıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov BBC News Azərbaycancaya deyib ki, AI-95 markalı benzinin qiyməti 1.25 manatdan 1.40 manata, AI-98 markalı benzinin qiyməti 1.40 manatdan 1.55 manata yüksəlib.

Socar sözçüsü bildirib ki, AI-95 və AI-98 markalı benzin Azərbaycanda istehsal olunmadığına görə idxal olunur, qiymət artımı da "dünya bazarlarında neft və neft məhsullarının qiymətinin dəyişilməsi ilə bağlıdır".

İbrahim Əhmədov söyləyib ki, pandemiya zamanı Azərbaycanda sözügedən benzin markaları ucuzlaşsa da, indi qiymətlər artıb.

"Pandemiyadan əvvəl AI-95, yəni, "Premium" markalı benzinin litri 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə ​​bu rəqəm 1,10 manatadək düşmüşdü, bu da bir müddət neft və neft məhsullarının qiymətinin kəskin düşməsi ilə bağlı olub. Daha sonra bu benzin növünün qiyməti artıb və demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə qayıdıb".

İbrahim Əhmədov Azərbaycanda ən çox "Aİ-92" markalı benzindən və dizel yanacağından istifadə olunduğunu, bu yanacaq növlərinin yerli istehsal olduğu üçün qiymətin dövlət tərəfindən tənzimləndiyini və qiymətinin bahalaşmadığını bildirib.

Azərbaycana hava yolu ilə gələn sərnişinlərdən artıq "Özünütəcrid barədə bəyannamə" imzalaması tələb olunmayacaq

Şəklin mənbəyi, AZERTAG

Hava yolu ilə ölkəyə gələnlərin özünütəcrid etmələri tələb olunmayacaq

Azərbaycana hava yolu ilə gələn sərnişinlərdən artıq "Özünütəcrid barədə bəyannamə" imzalaması tələb olunmayacaq.

Azərbaycan Nazirlər Kabineti təyyarə ilə səfər edənlər qaydalarında dəyişiklik edib.

Bundan başqa artıq ölkədaxili uçuşlar zamanı da sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq.

Amma ölkədaxili uçuşlar zamanı Bakı aeroportuna gələn sərnişinlərdən PCR testlərin keçirilməsi məqsədilə tibbi heyət yaxma götürəcək, Nazirlər Kabineti qərarını şərh edib.

Azərbaycan Xarici İşlər Nazirliyi

Şəklin mənbəyi, Azertag

Azərbaycan Qarabağla bağlı üçtərəfli dialoqda Fransanın "hər hansı rolunu görmədiyini" deyir

Bölgədə atəşkəs təmin olunur, bu məsələdə Fransanın hər hansı rolunu görmürük, - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun bu açıqlaması Fransadan Azərbaycan-Ermənistan dialoquna yardım vədindən sonraya təsadüf edir.

Ötən gün Parisdə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşərkən Fransa Prezidenti Emmanuel Macron deyib ki, Fransa sülhün bərpasına və Ermənistanla Azərbaycan arasında dialoqun inkişafına "yardım edəcək".

Bundan başqa, Fransa Prezidenti ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ və Rusiya ilə birlikdə, o cümlədən tərəflər arasında "birbaşa dialoqun bərpası və gərginliyin aradan qalxması üçün əlindən gələn hər şeyi etmək" niyyətində olduğunu bildirmişdi.

"Öncə vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır. Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük", - Leyla Abdullayeva bildirib.

Azərbaycan XİN sözçüsü tərəflər arasında dialoqun "artıq baş verdiyini" qeyd edib.

"11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur", - bəyanatda deyilir.

Çərşənbə axşamı günü Ermənistan Milli Məclisində baş nazir müavini vəzifəsini icra edən Mher Qriqoryan Azərbaycan-Ermənistan-Rusiya birgə işçi qrupunun işini "davam etmədiyini" açıqlamışdı.

Rəsmi Yerevan hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə görə, Azərbaycan-Ermənistan-Rusiya birgə işçi qrupu formatında konstruktiv işləmək mümkün deyil.

Üç ölkə baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrup Azərbaycan-Ermənistan arasında nəqliyyat kommunikasiyasının bərpası üzərində çalışır.

"Hazırda komissiyanın işi davam etmir, çünki işin səmərəliliyi üçün müvafiq fon olmalıdır, ən azı, vəziyyət stabil olmalıdır. Bu gün sərhəddəki vəziyyət konstruktiv iş üçün imkan vermir," - Ermənistan rəsmisi deyib.

BBC News Azərbaycanca işçi qrupun fəaliyyətinin işini dayandırması ilə bağlı Azərbaycan Nazirlər Kabineti və Azərbaycan Xarici İşlər Nazirliyindən şərh ala bilməyib.

Yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvada keçirilən görüşü zamanı üç ölkənin baş nazirinin müavinləri səviyyəsində Qarabağda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına fokuslanacaq işçi qrupun yaradılmasına qərar verilib.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk ötən ilin sonunda verdiyi açıqlamada işçi qrupunun görüşlərinin ilk növbədə "Bakı və Yerevandan asılı olduğunu" bildirmişdi.

Mayın 12-dən isə Azərbaycan-Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.