İsrail-Fələstin qarşıdurmasında ölənlərin sayı 49-a çatıb, 250-dən çox yaralı var

Şəklin mənbəyi, EPA
İsrail və fələstinlilər arasında gecə hücumlar davam edib, Rusiyada çərşənbə axşamı məktəbdə atışma baş verib, şagirdlər və müəllimə öldürülüb. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə Bakıda danışıqlar aparıb, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
İsrail və Qəzza: hücumlardavam edib
Çərşənbəyə keçən gecə İsrail və Qəzzadakı fələstinli silahlılar bir-birlərinə zərbələr endiriblər.
Qəzza Səhiyyə Nazirliyindən verilən məlumata görə, İsrailin hava hücumları nəticəsində 13-ü uşaq olmaqla azı 43 adam həlak olub, 269 yaralı var.
İsrail de bəyan edib ki, Qəzzadan atılan raket hücumu nəticəsində bir nəfər həyatını itirib, bununla da toqquşmalar başlayandan bəri İsraildə ölənlərin sayı 6-ya çatıb.

Şəklin mənbəyi, Reuters
İsrail qüvvələrinin hava zərbələri nəticəsində Qəzzada HƏMAS qruplaşmasının yerləşdiyi 13 mərtəbəli "Bürc Hanadi" binası dağılıb. Bildirilir ki, hücumdan saat yarım əvvəl İsrail mülki əhalini təcili evakuasiya olunması ilə bağlı xəbərdar edib.
"Bürc Hanadi"nin dağılmasından bir müddət sonra fələstinli qruplar Təl-Əvivə 130 raket atdıqlarını bildiriblər. Şəhərdə hava basqını sirenaları eşidilib, yoldan keçənlər və restoranda olanlar sığınacaqlara qaçmağa məcbur olublar, bəzi insanlar səki üzərinə uzanıb. İsrailə atılan raketlərin əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən tutulur.
Bir müddət əvvəl İsrailin əsas hava limanı Ben Gurion işini dayandırıb. Raketlərin bəzisi Eylat və Aşkelon şəhərləri arasındakı boru kəmərinə dəyib.
Bu, son illərdə regionda ən ciddi qarşıdurma kimi qiymətləndirilir.
Geniş həcmli son hərbi qarşıdurma 2014-cü ildə baş vermişdi.

Şəklin mənbəyi, Reuters
Fələstin ərazilərinə nəzarət edən silahlı HƏMAS qrupu, Qüdsün Əl-Əqsa məscidini İsrailin "təcavüz və terrorizmindən" qorumaq üçün səy göstərdiyini bəyan edib.
Bu ərazini həm müsəlmanlar, həm də yəhudilər müqəddəs sayırlar.
Bu hadisələr fələstinlilərlə yəhudilər arasındakı gərginliyin son ay ərzində artmasının nəticəsidir.
Fələstinlilərin Şərqi Qüdsdəki evlərindən qovulmaq təhlükəsi ilə üzləşməsi onların qəzəbinə səbəb olub. İsrail məhkəməsi Şərqi Qüdsdə bir neçə fələstinli ailənin evlərindən çıxarılması barədə qərar verib. Məhkəmə qərarı üçün bir əsas kimi həmin evlərin keçmişdə yəhudilərə məxsus olduğu göstərilib.
Qərardan sonra Qüdsün əsasən ərəb əhalisi yaşadığı hissəsində etirazçılarla İsrail polisi arasında bir ayadək davam edən toqquşmalar başlayıb.
ABŞ, Avropa İttifaqı və Britaniya hər iki tərəfi ən qısa zamanda gərginliyi azaltmağa çağırıblar.
Ötən gecə İsrail Qəzzaya qarşı hava hücumları həyata keçirib, 130 hədəfin vurulduğunu bildirib. Səhiyyə rəsmiləri doqquzu uşaq olmaqla, 24 fələstinlinin öldürüldüyünü və 100-dən çox insanın yaralandığını açıqlayıblar.
Bundan əvvəl isə fələstinli silahlılar İsrail istiqamətində 300-dən çox raket buraxıblar, 31 israilli yaralanıb.

Şəklin mənbəyi, EPA
Kazan şəhərində məktəbdə atışma
Rusiyada Kazan şəhərindəki bir məktəbdə baş verən atışma nəticəsində azı yeddi şagird və bir müəllimə öldürülüb, xəbərlərdə bildirilir.
Hərçənd ki, ölənlərin sayı və atəş açan barədə ilkin məlumatlar ziddiyyətli olub.
Hadisə yerinə gələn Tatarıstan rəhbəri Rüstəm Minnixanov 8-ci sinifdə oxuyan azı yeddi şagirdin öldürüldüyünü, şəhər meri həmçinin bir müəllimənin vurulduğunu, media isə ümumilikdə 11 nəfərin öldüyünü yazıb.
İlkin xəbərlərdə eləcə də məktəbə iki nəfərin hücum etdiyi deyilib, lakin Minnixanovun sözlərinə görə, hücum edən yalnız bir nəfər olub.
"Onun 19 yaşı var və o saxlanılıb", - Minnixanov deyib.
Polis istintaqa başlayıb.
Hələlik heç bir səbəb müəyyən edilməyib.

Şəklin mənbəyi, President.az
Lavrov Bakıda danışıqlar aparıb
Çərşənbə axşamı günü Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparıb. O, Ermənistandan sonra ötən gün Azərbaycana gəlib və artıq İlham Əliyevlə görüşüb.
Sergey Lavrov Bakıya gələn kimi ilk görüşünü Prezident İlham Əliyevə keçirib.
Azərbaycan Prezidentinin saytının məlumatına görə, bazar ertəsi günü Rusiya Prezidenti Vladimir Putin də İlham Əliyevə zəng edib və Sergey Lavrovla görüşdən əvvəl onlar müzakirə aparıblar.
Prezidentlər Vladimir Putin və İlham Əliyev əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.
"Telefon söhbəti zamanı dövlət başçıları İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini səmimi təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərmiş veteranlara dərin minnətdarlıq bildirilir", - rəsmi məlumatda bildirilib.








