Ermənistandakı zəlzələ Azərbaycanda da hiss edilib

xerite

Şəklin mənbəyi, other

Ermənistandakı zəlzələ Azərbaycanda da hiss edilib, ABŞ Prezidenti Joe Biden vəzifəyə gəldikdən sonra ilk xarici siyasət nitqini söyləyib, Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının "Qış təlimi-2021"-də davam edən iştirakından yazıb, Rusiya Azərbaycanın 28 müəssisəsinin yenidən Rusiyaya alma ixracına icazə verib, Bakıda çoxmərtəbəli binada baş vermiş yanğında iki nəfərə zəhərlənmə diaqnozu qoyulub, Müdafiə Nazirliyi Türkiyədən gətirilən avadanlıqların ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb ediləcəyini bildirib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Fevralın 5-də Ermənistanda 5.1 gücündə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində qeydə alınıb.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss edilib.

Qurum bildirir ki, zəlzələ Qazax,Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Gürcüstan mediası zəlzələnin Gürcüstanda da hiss olunduğunu xəbər verib.

Joe Biden

Şəklin mənbəyi, EPA

ABŞ Prezidenti xarici siyasət nitqində nə deyib?

ABŞ Prezidenti Joe Biden vəzifəyə gəldikdən sonra fevralın 4-də ilk xarici siyasət nitqini söyləyib.

O, Donald Trump-ın 4 illik Öncə Amerika gündəliyindən sonra yenidən qurmanı, ittifaqlara və diplomatiyaya yenidən investisiya qoymağı vəd edərək demokratik dəyərləri vurğulayıb.

Biden çıxışına başladıqdan az müddət sonra başlıq üçün hazırlanmış bir sitat gətirib: "Prezident [Vladimir] Putinə sələfimdən çox fərqli bir şəkildə bunu açıq şəkildə bildirdim. Rusiyanın təcavüzkar hərəkətləri qarşısında ABŞ-ın yuvarlandığı günlər bitdi".

Biden-in nitqində ən diqqətçəkən məqamlardan biri də bundan sonra Səudiyyə koalisiyasının Yəməndəki əməliyyatlarına dəstək verməyəcəyi olub.

Pompeo Ər-Riyadın mübarizə apardığı Yəmən Husi üsyançılarının İran tərəfindən dəstəkləndiyini vurğulamışdı. Biden müharibənin dünyanın ən ağır humanitar böhranını yaratdığını vurğulayıb.

Bayden habelə ABŞ-a gələn qaçqınların say limitini 125 minə qaldıracağını bəyan edib.

Dünyaya Amerikanın "geri döndüyünü" deyən Biden çoxtərəfli mühitlərdə qarşılıqlı problemlərin öhdəsindən gəlmək üçün müttəfiqlərlə əlaqələrini bərpa etməyə hazır olduğunu söyləyib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları "Qış təlimi-2021"-də

Azərbaycan Müdafiə Nazirliyi Türkiyədən gətirilmiş texnika muasir texnika minatəmizləyən

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərini bitirərək aktiv fazada fəaliyyətləri icra edirlər, Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Qurum bildirib ki, Türkiyədə keçirilən "Qış təlimi-2021"-də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları "yüksək peşəkarlıq" nümayiş etdirirlər.

"Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır," - məlumatda deyilir.

Azərbaycanın 28 müəssisəsi yenidən Rusiyaya alma tədarükündə

Alma alma bağları Rusiya Azərbaycandan alma alacaq 28 müəssisə Rusiyaa yenidən alma ixrac edəcək

Şəklin mənbəyi, AZƏRTAC

Rusiya fevralın 8-dən etibarən Azərbaycanın 28 müəssisəsindən alma idxalına icazə verib.

Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti açıqlama yayıb.

"İdxal məhdudiyyətinin aradan qaldırılması barədə qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təqdim etiyi analiz məlumatları əsasında verilib. Almaların idxalı prosesi Agentliyin təminatı ilə həyata keçiriləcək", qurumun açıqlamasında deyilir.

Bundan əvvəl Rusiya Azərbaycandan həm də pomidor idxalına qadağa qoyub, daha sonra həmin qadağa qismən aradan qaldırılıb.

Xəzər rayonunda fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb

Xəzər rayonunun Qala qəsəbəsi Baş Prokurorluq

Şəklin mənbəyi, AZƏRTAC

Fevralın 4-də saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən xəsarət alaraq ölməsi ilə bağlı cinayət işi açılıb, Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Qurum bildirir ki, Vahid Vəliyev adlı şəxs fəhlə işlədiyi fərdi yaşayış evinin təmiri zamanı beton qarışdıran maşının pompasının başına dəyməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb. "Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin "əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanıb", açıqlamada deyilir.

Baş Prokurorluq hazırda "hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini" açıqlayıb.

Bakıda çoxmərtəbəli binada yanğında iki nəfər "zəhərlənib"

Fövqəladə Hallar Nazirliyinin yanğın Xətai rayonu yaşayış binası

Şəklin mənbəyi, AZƏRTAC

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 kv.m olan mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

"Tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".

Türkiyədən Azərbaycana gətirilmiş minatəmizləyən avadanlıqlar

Azərbaycan Müdafiə Nazirliyi Türkiyədən gətirilmiş texnika muasir texnika minatəmizləyən

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Türkiyədən gətirilmiş mühəndis texnikası və avadanlıqları yaşayış məntəqələrinin və əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb ediləcək.

Bu barədə məlumat yayan Azərbaycan Müdafiə Nazirliyi sözügedən texnikanın müasir tələblərə cavab verdiyinin bildirib.

"Texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək," - qurumun açıqlamasında deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də çıxışında Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritəsini vermədiyini, buna görə də "tez-tez partlayışların olduğunu" açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyi Türkiyədən gətirilmiş texnika muasir texnika minatəmizləyən

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi