“Şuşanı məmurlar paytaxtı elan etməmişəm”- İlham Əliyev qurumları niyə tənqid etdi?

Şəklin mənbəyi, President.az
İlham Əliyev dövlət qurumlarını niyə tənqid etdi, Dmirtri Medvedev Qarabağın statusundan danışıb, Myanmarda ordu hakimiyyəti ələ keçirib, ölkədə bir illik fövqəladə vəziyyət elan edilib, Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə "başlanıb", TƏBİB Azərbaycanda uşaqların Covid-19-a "kütləvi yoluxması" xəbərinin ajiotaj məqsədli olduğunu bildirir, orta məktəblərdə əyani tədris bərpa olunub, kafe-restoranlar açılıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
"Şuşanı məmurlar paytaxtı elan etməmişəm"- İlham Əliyev dövlət qurumlarını niyə tənqid etdi?
"Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin",- bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib və Azərbaycan televiziyasının suallarını cavablandırıb.
O, müsahibəsində Şuşada filial açmaq istəyən Mərkəzi Bank, AZAL, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Avtomobil Yolları kimi bir sıra dövlət qurumlarını tənqid edib.
Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın sədrinin Şuşada nümayəndə açmaqla bağlı sözlərini "özbaşınalıq" adlandırıb, president.az yazır.
"Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.
Cənab Əliyev deyib ki, işğaldan yeni azad olunmuş ərazilərdə işlər ardıcıllıqla aparılacaq.
O, ilk növbədə köçkünlərin geri qayıtması, minalardan təmizlənmə məsələlərinin həll edilməli olduğunu bildirib.
O deyib ki, Ermənistan Azərbaycana mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər və buna görə də "indi partlayışlar da tez-tez olur".
Onun sözlərinə görə, minalar təmizlənəndən sonra ziyan qiymətləndiriləcək və bundan sonra təzminat məsələsi gündəmdə olacaq.
O qeyd edib ki, artıq yeni işğaldan azad olunmuş ərazilərdə icra ediləcək infrastruktur layihələri ilə bağlı göstəriş verib.
Prezidetin sözlərinə görə, şəhərlərin baş planları hazırlanır və bu, zaman tələb edir.
"Yoxsa biri oradan duracaq deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq", Prezident qeyd edib.
"İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir", o əlavə edib.
İlham Əliyev deyib ki, ona başqa qurumlar da müraciət edib.
"Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. .... Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin".
İlham Əliyev AZAL-ın və Dövlət Gömrük Komitəsinin Şuşada müraciətlərinə də mənfi cavab verib.
"AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?"
Prezidentin tənqid etdiyi digər dövlət qurumları isə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti olub.
"Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim burada bir rezidensiyam olsun".
"Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin", ölkə başçısı bildirib.
İlham Əliyev vətəndaşlara deyib ki, "bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır".
"Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək".
Türkiyəyə vizasız hansı sənədlə gedib-gəlmək olar?
Azərbaycanla Türkiyə arasında vizasız gediş-gəliş haqqında 25 fevral 2020-ci il tarixli Sazişə dəyişikliklər edilməsinə dair 1 saylı Protokolun təsdiq edilməsi barədə qanun layihəsi bu gün Milli Məclisin müzakirəsinə çıxarılaraq təsdiqlənib.
Sənəddə Azərbaycana səyahət edən Türkiyə vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı aşağıdakı kimi müəyyənləşib:
1. Türkiyə Respublikasının diplomatik pasportu;
2. Türkiyə Respublikasının xüsusi pasportu;
3. Türkiyə Respublikasının xidməti pasportu;
4. Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi
5. Türkiyə Respublikasının Dənizçinin kitabı;
6. Hava gəmisi heyətinin səyahət sənədi;
7. Qatarlar və Lokomativ heyətinin səyahət sənədi;
8. Səyahət sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Medvedev Qarabağın statusundan danışıb

Şəklin mənbəyi, Getty Images
"Qarabağın statusu məsələsi həll olunmayıb, amma indi onu müzakirə etmək olmaz. Bunu gələcəyə təxirə salmaq daha yaxşıdır," - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu barədə jurnalistlərə müsahibəsində bildirib.
O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin Qarabağda vəziyyətin nizama salınması üzərində bütün incəlikləri nəzərə alaraq işləyib.
Medvedyev bildirib ki, "əgər onun (Putinin) səyləri olmasa idi, münaqişə hələ də davam edəcəkdi".
O qeyd edib ki, münaqişənin qaynar mərhələsi başa çatdıqdan sonra vəziyyət ümumilikdə sakitləşib.
"İnsanlar həlak olmurlar, inkişaf üçün imkanlar var. Yanvarın 11-də üç ölkənin liderləri Moskvada görüşdülər və vəziyyətin iqtisadi cəhətdən sağlamlaşdırılması yollarını müəyyən etdilər. Bu, çox vacibdir," o deyib.
Dmitri Medvedevin fikrincə hazırda müəyyən parametrləri, o cümlədən Rusiya sülhməramlı kontingentini saxlamaqla iqtisadi əməkdaşlığı inkişaf etdirmək imkanı var.
Cənab Medvedev Qarabağda vəziyyətin nizama salınması məsələsinin Türkiyə ilə müzakirə olunmasının vacibliyini də diqqətə çatdıraraq vurğulayıb ki, "regionda reallıq belədir".
"Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Türkiyə həm də Azərbaycana çox yaxın ölkədir. Bu amili nəzərə almamaq olmaz. Moskva və Ankara arasında səmərəli dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə əlaqədar daim ünsiyyətdədirlər, ümumi vəziyyətə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət xüsusi nəzarət mərkəzi yaradılması barədə qərar qəbul edilib. Bu da ümumi sabitləşmə elementidir. Lakin mən bunu uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməz, yaxud konspiroloji nəzəriyyələrdən birini qurmazdım", o deyib.
Cənab Medvedev daha sonra bildirib ki, tərəflər regionda mövcud reallıqları nəzərə almağa "borcludur".
"Reallıq isə belədir ki, bu gün bu məsələni həm də Türkiyədən olan tərəfdaşlarımızla müzakirə etməliyik," - Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ Müharibəsi zamanı və ondan sonra öz çıxışlarında dəfələrlə Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı "heç bir statusdan söhbət gedə bilməyəcəyini" bildirib.
Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə 2020-ci ilin sentyabrın 27-də başlayıb, noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladıqları birgə bəyanatla başa çatıb. Nəticədə Azərbaycanın Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Şuşa və digər bəzi əraziləri geri qayıdıb.
Myanmar lideri lideri Aung San Suu Kyi həbs olunub

Şəklin mənbəyi, Reuters
Myanmarda hərbçilər hakimiyyətə nəzarəti ələ keçirib. Fevralın 1-i səhər Myanmar Hakim Demokratiya Uğrunda Milli Liqa partiyasının rəhbəri, dövlət müşaviri və ölkənin faktiki lideri Aung San Suu Kyi, Myanmar Prezidenti Vin Myin və digər siyasi rəhbərlik nəzarətə alınıb.
Hərbi televiziya kanalından edilən açıqlamada bütün səlahiyyətlərin üst ordu komandirinə verildiyi və bir illik fövqəladə vəziyyət elan edildiyi bildirilib.
Çevriliş, xanım Suu Kyi-nin Milli Demokratiya Uğrunda Ligasının (NLD) qazandığı böyük seçki qələbəsindən sonra baş verib.
O, tərəfdarlarını "bunu qəbul etməməyə" və "çevrilişə etiraz etməyə" çağırdı.
Gözlənilən həbsinə hazırlaşmaq üçün yazdığı məktubunda, o, hərbi əməliyyatların ölkəni diktatura rejiminə qaytardığını bildirib.
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə "başlanıb"

Şəklin mənbəyi, Getty Images
"İndiyə qədər təxminən 10 nəfərə yaxın şəxs peyvəndlənib," bu barədə Bakıdakı 2 saylı poliklinikanın Baş həkiminin müavini Şahin Quliyev BBC News Azərbaycancaya bildirib.
Cənab Quliyev vurğulayıb ki, peyvənd "yalnız özü gəlib müraciət edən şəxslərə vurulur".
"Çalışırıq ki, gələnlərin hamısını müayinədən tam keçirək, hazır olduqdan sonra 65 yaşlı şəxslərin vaksinasiyasını davam etdirəcəyik. Hələliksə, tibb işçilərinin vaksinasiyasını başa çatdırmağa çalışırıq," - o bildirib.
Şahin Quliyev deyib ki, 65 yaşdan yuxarı şəxslər peyvəndlənməzdən əvvəl onlardan ümumi anamnez toplanır:
"Yaşı 65-dən yuxarı olan peyvənd vurdurmaq istəyən şəxslərin təzyiq və hərarətlərini yoxlayırıq, ağciyərlərinə və ürəklərinə qulaq asırıq, ümumi anamnez toplayırıq. Onların allergiyası da yoxlanılır. Əks-göstəriş və kəskin xəstəlik yoxdursa, vaksinasiya təyin edilir," - cənab Quliyev vurğulayıb.
Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, "ölkədə vaksinasiya strategiyaya uyğun davam edir".
Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə bu il yanvarın 18-də səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Bildirilir ki, peyvənd olunacaq 65 yaşdan yuxarı şəxslər risk qrupuna aid edilir və tibb işçiləri, hüquq mühafizə orqanları əməkdaşları ilə bir sırada ilkin vaksinasiyadan yararlana biləcəklər.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" təsdiq edilib.
Ölkədə koronavirusa ilk yoluxma halı 2020-ci ilin fevralın 28-də aşkarlanıb.
TƏBİB Azərbaycanda yeni ştammın indiyədək qeydə alınmadığını açıqlayıb

Şəklin mənbəyi, Getty Images
"Yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə, araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub", TƏBİB sözçüsü Elnarə Baxış BBC News Azərbaycancaya deyib.
O, "WhatsApp" vasitəsilə Azərbaycanda "uşaqların kütləvi şəkildə koronavirusa yoluxması" ilə bağlı yayılmış səs yazısında səsləndirilən iddiaları təkzib edib.
"ÜST-ün rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsi və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammın sadəcə yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir. Ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə hələ ki, qeydə alınmayıb," - Elnarə Baxış vurğulayıb.
Qurum sözçüsü "vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik" deyib.
Orta məktəblərdə əyani tədris qismən bərpa olunur

Şəklin mənbəyi, AZƏRTAC
Bu gün məktəbəhazırlıq qruplarında, icma əsaslı məktəbəqədər təhsil qruplarında və ibtidai təhsil səviyyəsi üzrə tədris ənənəvi qaydada qismən bərpa olunur.
Sanitar-gigiyenik tələblər nəzərə alınmaqla tədrisin bərpası Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə mümkün olub.
Bildirilir ki, ibtidai siniflər üzrə əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa ediləcək.
Azərtac xəbər agentliyi yazır ki, ibtidai siniflər üzrə 628 min 651 şagird, məktəbəhazırlıq qruplarında 103 min 604 uşaq əyani olaraq dərslərə başlayacaq.
"Həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında 9 min 207 uşaq tədrisi ənənəvi olaraq davam etdirəcək," xəbərdə bildirilir.
Bu gündən kafe-restoranlar açılır

Şəklin mənbəyi, AZƏRTAC
Nazirlər Kabinetinin digər bir qərarı ilə bu gündən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunub.
Qeydə olunan iaşə müəssisləri şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək.






