Azərbaycan, Ermənistan və Gürcüstanda parlament binasına hücum adəti: Kapitolidə olanlar yad mənzərə deyil

Bakı
Şəklin alt yazısı, İyulun 14-dən 15-ə keçən gecə Bakıda orduya dəstək yürüşü keçirilib.

ABŞ Konqresi çərşənbə günü Joe Biden-in prezidentlik seçkilərində qələbəsini təsdiq edib. Bundan öncə isə Prezident Donald Trump-ın tərəfdarları onun "gücümüzü göstərək" çağırışından sonra Kapitoli binasına hücum ediblər. Hadisə vaxtı polislə etirazçılar arasında toqquşmalar baş verib, güllə yarası alan bir qadın daha sonra xəstəxanada ölüb. Seçkilərin saxtalaşdırıldığını iddia edən Trump daha sonra tərəfdarlarını sakitləşməyə çağırıb və hakimiyyəti Biden-ə təhvil verməyi qəbul edib. ABŞ üçün bu qeyri-adi anlar Azərbaycan, Ermənistan və Gürcüstan üçün yad mənzərə deyil. BBC News Azərbaycanca Cənubi Qafqaz ölkələrinin parlamentlərinə hücümlara nəzər salır.

AZƏRBAYCAN

May, 1992-ci il

Ayaz Mütəllibov

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mayın 16-da Ayaz Mütəllibov ölkəni tərk edib

1992-ci il mayın 14-də Ali Sovet Ayaz Mütəllibovun istefasına dair əvvəlki qərarı etibarsız hesab edərək, onu prezident vəzifəsində bərpa edir.

Ali Sovetdə çıxış edən Ayaz Mütəllibov Prezident olduğunu qeyd edərək, iyun ayına təyin edilən prezident seçkilərini ləğv edir.

Mayın 15-də başda AXC olmaqla, buna qarşı on minlərlə insan və silahlı birləşmələr etiraz aksiyaları keçirir və parlament də daxil, hökumət qurumlarını ələ keçirir. Mayın 16-da Ayaz Mütəllibov ölkəni tərk edir.

bu gün Azərbaycan

İyul, 2020-ci il

İyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdən sonra orduya dəstək və müharibə çağırışları ilə küçələrə çıxan yürüş iştirakçılarının bir qrupu Milli Məclis binasına daxil olur.

Daxili İşlər Nazirliyi iyulun 14-dən 15-nə keçən gecə baş verən hadisələr vaxtı öz əməkdaşları və polis avtomobillərinin zərər gördüyün bildirir. Onlarla şəxs parlament binasına hücuma görə saxlanılır.

Presentational grey line

ERMƏNİSTAN

Zirehli texnika və əsgərlər

Şəklin mənbəyi, AFP/Getty images

Şəklin alt yazısı, Yerevan, 29 sentyabr 1996-cı il. Parlamentə hücum ardınca Yerevanın mərkəzinə əlavə təhlükəsizlik qüvvələri yeridilib

Sentyabr, 1996-cı il

Sentyabrın 15-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət lideri Vazgen Manukyanın rəhbərlik etdiyi nümayişin iştirakçıları parlamentin ətrafındakı hasarı qıraraq binaya soxulurlar.

Onlar parlamentin spikeri Babken Ararktsyan və onun müavini Ara Saakyanı döyurlər. Hər ikisi ağır xəsarətlər alır.

Abidə
Şəklin alt yazısı, Ermənistan Milli Məclisin həyətində qoyulan 27 oktyabr qurbanlarırının xatirə abidəsi

Oktyabr, 1999-cu il

27 oktyabrda Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlament iclası zamanı bir qrup silahlı zala girərək, parlamentin sədri Karen Demirçyan, Baş nazir Vazqen Sarkisyan və parlament sədrinin müavinləri də daxil, daha 6 nəfəri güllələyir.

Silahlı dəstənin başçısı, keçmişdə jurnalist olmuş 34 yaşlı Nairi Hunanyan idi.

Vətənə xəyanət, terrorizm və qətl törətməkdə ittiham olunan Hunanyan və dəstənin 6 üzvü ömürlük, daha bir nəfər isə 14 il müddətinə azadlıqdan məhrum olunur.

Yerevanda əhali mitinqə toplaşır

Şəklin mənbəyi, civilnet.am

Şəklin alt yazısı, Yerevanda mitinqə toplaşan fəallar parlament binasına giriş-çıxışı nəzarət altında saxlayıblar

Oktyabr, 2018-ci il

2 oktyabrda Yerevanda o zamankı müxalifət lideri, hazırkı Baş nazir Nikol Paşinyanın Ermənistan parlamentini bloklayan tərəfdarları binanın ərazisinə soxulmağa nail olur.

Bir neçə nəfər hətta parlamentin içinə keçməyə çalışsa da, belə cəhdlərin qarşısı binada olan millət vəkilləri tərəfindən alınır.

Müxalifət bir müddət ərzində növbəti seçkiləri əngəlləyən Milli Məclis binasını mühasirədə saxlayır.

Ermənistan parlamentinə

Şəklin mənbəyi, TASS/Getty Images

Noyabr, 2020-ci il

Noyabrın 10-na keçən gecə Qarabağda döyüşlərin dayandırılması haqqında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyannaməyə etiraz edən bir neçə min insan hökumət binasına soxulur.

Onlar Baş nazir və hökumət üzvlərinin kabinetlərini dağıdır. Bundan sonra parlament binasına daxil olan etirazçılar Milli Məclis sədrini döyür. Nikol Paşinyan saatının və digər əşyalarının binaya girənlər tərəfindən oğurlandığını açıqlayır.

Onun etirazçıları "divarın altına toplaşanlar" adlandırması ölkədə qəzəbə səbəb olur.

Presentational grey line

GÜRCÜSTAN

Mixail Saakashvili böyük ekranda

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, "Qızılgül inqilabı" kimi də təsvir olunan hadisələrdən sonra hakimiyyət Mixail Saakaşvili gəldi

Noyabr, 2003-cü il

2003-cü ilin 22 noyabrında parlament seçkilərinin nəticələrinə etiraz edən nümayişçilər parlament binasına daxil olur.

O zamankı müxalifət lideri Mixail Saakaşvili başda olmaqla binaya soxulan fəallar Prezident Eduard Şevardnadzenin ilk açılış sessiyasındakı çıxışına mane olurlar.

Daha sonra "Qızılgül inqilabı" kimi də təsvir olunan hadisələr nəticəsində istefaya gedən Eduard Şevardnadzeni hakimiyyətdə 35 yaşlı Mixail Saakaşvili əvəz edir.

Nümayişçilər

Şəklin mənbəyi, Getty Images

İyun, 2019-cu il

Sentyabrın 20-dən 21-nə keçən gecə beynəlxalq tədbir zamanı rusiyalı millət vəkilinin Gürcüstan parlamentinin spikeri kürsüsündə əyləşməsi izdihamlı etirazlara səbəb olur.

Parlament qarşısındakı nümayişçilərin binaya daxil olmaq cəhdinin qarşısı alınarkən, polislə nümayişçilər arasında toqquşmalar baş verir.

Etirazçılara qarşı rezin güllə, göz yaşardıcı qaz və su şırnağından istifadə olunur.