Paşinyan: "Növbədənkənar parlament seçkiləri ilin sonunadək baş tutmalıdır"

Şəklin mənbəyi, fact.am
Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə təmsil olunan siyasi fraksiyalarla danışıqlardan sonra Milli Məclis binası önündə toplaşan minlərlə tərəfdaşları qarşısında çıxışı zamanı növbədənkənar parlament seçkilərinin "ən uzağı" bu ilin dekabrında keçiriləcəyini bəyan edib.
O, "yaranmış siyasi böhrandan çıxmaq məqsədilə" növbədənkənar parlament seçkilərini keçirməyi təklif etdiyini bildirib.
"Mən yaxın günlərdə baş nazir vəzifəsindən istefa verərəm, lakin gözləyirəm ki, respublikaçılar və başqa fraksiyalar insanları qıcıqlandıran hərəkətə əl atmasınlar", - Paşinyan deyib.
Qanuna görə, növbədənkənar parlament seçkiləri keçirmək üçün baş nazir istefa verməlidir və parlament onun istefasını iki dəfə qəbul etmədikdən sonra yeni parlament seçkiləri keçirilir.
Lakin mövcud parlamentdə çoxluq təşkil edən fraksiyalar onun istefasından istifadə edib, "xalq namizədi" Paşinyanı yox, öz namizədlərini irəli sürüb seçərlər.
Paşinyan deyib ki, parlament fraksiyaları öz namizədini irəli sürməməyə "şifahi söz veriblər".
Paşinyanın çıxışından sonra onun çağırışı ilə mitinqə toplaşan tərəfdaşları dağılıb.

Şəklin mənbəyi, GOV.AM
Dünən Yerevanda Paşinyan mitinq cağırıb
Çərşənbə axşamı Ermənistanda paytaxt sakinləri Parlament binasının yerləşdiyi Bağramyan prospekti və Demirçyan küçəsində girişlərin yanına yığışıb.
Sakinləri ora baş nazir Nikol Paşinyan Facebook-la canlı yayımında çağırıb və sonra özü də ora gedib.
"İndi məlumat alındı ki, Respublikaçılar Partiyası 19:30-da növbədənkənar iclas keçirməyə hazırlaşır, mən indi hamını parlamentin yanına toplaşmağa çağırıram".
Mitinqə toplaşan əhali Parlamentə gediş-gəliş yollarını bağlayıblar.
Səbəb nədir?
Ermənistan parlamenti çərşənbə axşamı günü Milli Məclisdə növbədənkənar parlament seçkiləri keçirilməsi məsələsini müzakirə edib.
Parlamentdə hələ ki çoxluq təşkil edən keçmiş hakim Ermənistan Respublikaçılar Partiyası, "məxməri inqilab" nəticəsində hökumət başına gəlmiş Baş nazir Nikol Paşinyanın bu ilin sonunadək Parlament seçkiləri keçirmək təşəbbüsünün qarşısını almaq üçün qanun layihələrini müzakirəyə qoyub və "Milli Məclisin reqlamenti haqqında" qanun layihəsinə öz təklif etdiyi dəyişiklikləri qəbul etdirmək məqsədilə axşam iclas çağırıb.

Şəklin mənbəyi, civilnet.am
Məlumatlara görə, bu qanun layihəsi 67 səslə birinci oxunuşda qəbul olunub.
Yerevan meriyasına ötən həftə keçirilən seçkilər sabiq hakim qüvvənin növbədənkənar parlament seçkilərində qələbə şansları olmadığını göstərdi.
Paşinyan, həmçinin "xalq hakimiyyətinə qarşı çıxmaq istəməyən millət vəkillərini" parlamentə gedərək, bu "biabırçı qanun layihəsinə səsvermədə" iştirak etməməyə çağırıb.







