Nikol Paşinyanın Baş nazir seçilməsi Azərbaycan üçün nə deməkdir?

Nikol Paşinyan

Şəklin mənbəyi, EPRESS.AM

Şəklin alt yazısı, Nikol Paşinyanın doğma İcevan şəhərində çıxışı zamanı

Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan bu gün 59 deputatın dəstəyi ilə Baş nazir seçilib.

O, bundan əvvəlki parlament çıxışlarında Qarabağ münaqişəsilə bağlı danışarkən Azərbaycanın Ermənistana hərbi təhlükə yaratdığını qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı, hətta Yerevanı alacağı ilə hədələyir, o deyib.

Paşinyan, Azərbaycanın Ermənistanı gücdən istifadə ilə hədələdiyini və buna görə kompromisdən söz gedə bilmədiyini deyib.

Nikol Paşinyan Serj Sarkisyanın prezident vəzifəsini bitirdikdən sonra Baş nazir postuna keçməsinə qarşı etirazların və "məxməri inqilab"ın lideridir.

Ermənistanda etiraz aksiyası

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Ermənistanda etiraz aksiyası.

"İkinci mərhələ başlayacaq"

Paşinyanın Azərbaycan və Qarabağ haqqında verdiyi bəyanatlar gözlənilən idi, çünki öz siyasi nüfuzunu gücləndirmək üçün populist bəyanatlar verməli idi, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir.

"İndi Ermənistan hakimiyyəti üçün ikinci mərhələ başlayacaq. Çünki, hakimiyyətə və hökümətə başçılıq edən şəxs höküməti Sarkisyandan qalan insanlardan təmizləməlidir", cənab Zülfüqarov BBC Azərbaycancaya deyib.

Cənab Zülfüqarov Paşinyanın xarici siyasətlə ciddi şəkildə məşğul olmayacağını və ümumiyyətlə sərt və populist bəyanatlar verəcəyini düşünür.

O, indiki mərhələdə Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş gözləmədiyini deyib.

Nikol Paşinyan

Şəklin mənbəyi, REUTERS

Şəklin alt yazısı, Nikol Paşinyan deyib ki, Ermənistanda korrupsiyanın kökünü yalnız o kəsmək gücündədir və azad seçkilərin keçirilməsinə nail ola bilər

"Ermənistan artıq Rusiya üçün maraqlı deyil"

"Ermənistan artıq reallıqdan çox uzaqdır. Rusiya, əslinə qalsa Ermənistandan özü çəkilməyə meyllidir. Çünki, Ermənistan artıq Rusiya üçün maraqlı deyil", - Tofiq Zülfüqarov söyləyib.

Tofiq Zülfüqarov deyir ki, "Rusiya Cənubi Qafqazda özünə yeni partnyor seçib və bu, Azərbaycandır".

"Ermənistan isə köhnə imperiya siyasətinin bir qalığıdır. Təbii ki, Rusiya ondan imtina etməyə hazırdır", cənab Zülfüarov belə düşünür.

O, Ermənistanda baş verən hadisələrin ölkəni Qərblə yaxınlaşdırmaq ehtimallarına real baxmır.

O deyir ki, Qərb daha çox daxili problemlərlə məşğuldur və hazırda genişlənmə siyasəti onlar üçün aktual deyil.

"ABŞ administrasiyası birmənalı bəyan edib ki, onlar xarici ölkələrə köməyi ciddi şəkildə azaltmalıdırlar. Bu baxımdan, Ermənistan Gürcüstandan fərqli olaraq Qərb üçün çox böyük əhəmiyyət kəsb edən bir nöqtə deyil", - o deyib.

aksiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ermənistanda aksiya iştirakçıları həbs olunarkən

"Ciddi böhrana səbəb olacaq və ya qan töküləcək"

Turan İnformasiya Agentliyinin siyasi məsələlər üzrə şərhçisi Şahin Hacıyev deyir ki, Ermənistanda vəziyyət gərgin olaraq qalacaq.

"Ermənistanda faktiki olaraq hakimiyyətin güc yolu ilə dəyişməsi prosesi gedir. Ordakı proseslər ciddi böhrana səbəb olacaq və ya qan töküləcək", - o iddia edib.

Şahin Hacıyev deyir ki, əhali Paşinyanı dəstəkləyir, lakin onun proqramı və sosial bazası yoxdur.

O, Paşinyanın siyasi hərəkətlərinin "Ermənistanın siyasi elitasına zidd olduğunu" deyir.

Ermənistandakı mitinqlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ermənistandakı mitinqlər

Şahin Hacıyev deyir ki, Ermənistandakı hadisələr "insanlara azadlıq verilsə, onların nəyə qadir ola biləcəyini" göstərir.

O deyir ki, Ermənistanın hakimiyyətdə kimin olmasından asılı olmayaraq dövlət kimi "həll olunmayan problemləri" var və bu, onların ideologiyasıdır.

Nikol Paşinyanın

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Aksiyaların təşkilatçısı, millət vəkili Nikol Paşinyan

Politoloq Zərdüşt Əlizadə deyir ki, demokratik dəyişikliyin olması üçün xalqın və cəmiyyətin hansısa demokratik potensialı olmalıdır.

Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərində və Dağlıq Qarabağ məsələsində heç bir dəyişiklik ola bilməz.

"Azərbaycan və Ermənistan Qarabağ məsələsində Rusiyanın diktəsi ilə hərəkət edir", - o söyləyib.

Cənab Əlizadə hesab edir ki, demokratik dəyişiklik üçün cəmiyyətin özündə tələbat və istək olmalıdır.