Ermənistan Baş nazirinin iqamətgahının qapıları hamı üçün açılıb

Ermənistanda Baş nazir iqamətgahının həyəti əhali üçün açılıb, istənilən şəxs iqamətgahın xiyabanında və binanın arxasındakı bağçada gəzə bilər.

Marşal Bağramyan prospekti, 26, ünvanındakı iqamətgahının darvazaları sentyabrın 21-də açılıb. Həmin gündən Ermənistan sakinləri və qonaqları əraziyə sərbəst daxil ola bilirlər.

Xüsusi buraxılış-nəzarət xidməti bağlanıb, binanın önündə səhər saat 10-dan axşam saat 10-dək fəxri qarovul xidmət çəkir.

İqamətgahın girəcəyində qarovulda duran əsgərlər bir saatdan bir dəyişdirilir.

İnsanlar qarovul əsgərlərinin yanında şəkil çəkdirirlər.

İqamətgahın həyəti baş nazir Nikol Paşinyanın sərəncamı ilə açılıb.

Yerevan
Yerevan

"Bu gün, bu dəqiqə, Ermənistan Respublikasının 27-ci ildönümü münasibətilə, Bağramyan 26-nın qapıları açılar. Bu, onun əlamətidir ki, bundan sonra Ermənistan hakimiyyəti heç vaxt öz xalqından ayrı və təcrid olmayacaq. Bundan sonra Ermənistan vətəndaşları Baş nazir, gələcəkdə isə prezident iqamətgahı ərazısınə sərbəst daxil olub, ondan [ərazidən] gəzinti və asudə vaxtlarını keçirmək üçün istifadə edə bilərlər. Ümid edirik ki, bu qapılar daha heç vaxt bağlanmaz, çünki Ermənistanda hakimiyyət xalqa məxsusdur".

Bu sözləri Nikol Paşinyan sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 27-ci ildönümü ilə bağlı təntənəli tədbirdə çıxış edərkən bildirib.

Paşinyanın bu sözlərindən sonra dəmir darvazalar açılıb və kənardan tədbiri müşahidə edən insanlar əraziyə daxil olublar.

Marşal Bağramyan prospekti, 26, ünvanındakı bina Ermənistan prezidentlərinin iqamətgahı olub. 2018-ci ilin əvvəlində ikiillik prezidentlik müddəti başa çatmış Serj Sarkisyan Baş nazir seçilib və prezident iqamətgahının baş nazir iqamətgahına çevrilməsi qərarı qəbul olunub.

May ayında "məxməri inqilab"ın lideri Nikol Paşinyan Baş nazir seçilib.

Paşinyan Bağramyan prospektindəki binanın yenidən prezidentə qaytarılacağını bildirib.