AXCP üzvləri niyə saxlanıb?

Bakı
Şəklin alt yazısı, İyulun 14-dən 15-ə keçən gecə Bakıda orduya dəstək yürüşü keçirilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) iyulun 15-dən indiyədək aralarında AXCP Ali Məclisinin, Rəyasət Heyətinin üzvlərinin də olduğu "21 nəfərin saxlandığını" bildirib.

Onlardan səkkiz nəfərinin bazar ertəsi günü saxlandığını deyən AXCP-nin Ali Məclisinin sədr müavini İradə Əliyeva "hakimiyyətin bu addımla cəbhəçilərdən birbaşa qisas aldığını" düşünür.

DİN sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilən şəxslərin sayı və kimliyi barədə açıqlama verməyib, ancaq o daha öncə BBC News Azərbaycancaya bildirmişdi ki, "saxlanılanların hansı partiyadan, hansı cəhbədən olmasının heç bir önəmi yoxdur."

DİN bundan əvvəl iyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək məqsədilə keçirilən yürüş zamanı bir qrup şəxsin ictimai qaydanı "kobud surətdə" pozduğu, "Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olması" və "polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq etdiyi" üçün saxlananların olduğunu bildirib.

"Hakimiyyət cəbhəçilərdən birbaşa qisas alır"

AXCP Ali Məclisinin sədr müavini İradə Əliyeva BBC News Azərbaycancaya iyulun 20-də "gün ərzində 8, iyulun 14-15-ə keçən gecədən indiyədək, ümumilikdə 21 nəfər AXCP üzvünün saxlanıldığını" bildirib.

"İyulun 20-də saxlanan şəxslər AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadə, rəyasət heyətinin üzvü Ayaz Məhərrəmli, Süleyman Məhərrəmli, Mahir Namazov, Baba Süleymanov və Ceyhun Novruzovdur, daha sonra isə axşam saat 8 radələrində daha iki nəfər Telman Seyfullayev və Əliağa Məmmədov saxlanılıblar. Məmmədov daha sonra "təkrar çağırılacağı şərtilə" buraxılıb," - İradə Əliyeva deyib.

Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) axşam saatlarında saxlananlarla bağlı BBC News Azərbaycancaya şərh verilməyib.

"2 nəfərə isə - Asif Yusifli və Seymur Ədmədzadəyə cinayət işi açılıb. Saxlananlar arasında ACXP rəyasət heyətinin üzvü Bəxtiyar İmanov da var. O, ümumiyyətlə həmin yürüşə getməyib, ümumiyyətlə orada iştirak etməyib. Ancaq indi məlumatlar gəlir ki, ona və Ramid Nağıyevə işgəncələr verilir ki, Əli Kərimlinin əleyhinə ifadələr alınsın. Digər bir üzv Elvin Babayevə də işgəncə verib, nələrəsə imza atdırdıqları bildirilir," - partiya təmsilçisi vurğulayıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov işgəncə iddiaları ilə bağlı "işgəncə iddiaları ictimaiyyətin diqqətini özünə cəlb etmək üçün əssassız iddialardır" deyib.

E-məhkəmə.gov.az saytında yerləşdirilmiş məlumata görə, Bəxtiyar İmanov barəsində "özgə əmlakının qəsdlə məhv edilməsi", "kütləvi ixtişaşların təşkili" və "hakimiyyət nümayəndəsinə müqavimət göstərmək" maddələrilə cinayət işi açılıb və iyulun 20-də Nəsimi Rayon Məhkəməsində məhkəmə baxışı təyin olunub. Lakin bir qədər sonra həmin məlumat məhkəmənin saytında tapılmayıb.

İradə Əliyeva vurğulayıb ki, partiya üzvlərinin saxlanması ilə bağlı xəbərlər gəlməkdə olduğu üçün saxlananların dəqiq sayı hələlik bilinmir.

Onun sözlərinə görə, saxlanılmış şəxslərdən dördü - Vüqar Əbilov, Mətanət Mahmarzayeva, Elvin Məmmədov və Fərid Əsədov sərbəst buraxılıblar.

İradə Əliyeva digər saxlanan dörd nəfərlə bağlı "məlumatının olmadığını" qeyd edib.

bu gün Azərbaycan

AXCP üzvləri niyə həbs olunub?

AXCP təmsilçisi saxlanan şəxslərin "bəzilərinin evdən, bəzilərininsə küçədən aparıldığını" deyib.

O hesab edir ki, "üzvlərinin saxlanması hökumətin partiyaya total hücumudur."

"İlham Əliyev 19 martdan ölkədəki düşməninin kimliyini elan edib. Siyasi əqidəsini qoruyub-saxlayan, mübarizə yolunu davam etdirən, əqidəsindən dönməyən şəxslər cəbhəçilərdir. Təbii ki, digər belə vətəndaşlarımız da var. Ancaq əsas siyasi mübarizəni aparan cəbhəçilərdir. Ona görə də hakimiyyət cəbhəçilərdən birbaşa qisas alır." - partiya təmsilçisi deyib.

İradə Əliyeva deyir ki, "partiya üzvləri yürüşə vətəndaş kimi qatılıblar və heç bir hüquqazidd hərəkətlərə yol verməyiblər":

"Mən dəqiq bilmirəm kimlər yürüşdə iştirak edib. Biz partiya kimi o yürüşlərdə iştirak etmədik. Sadəcə partiya üzvləri vətənpərvər vətəndaş kimi iştirak edə bilərdilər. Ancaq dəqiq bilirik və əminik ki, bu şəxslərdən heç biri heç bir hüquqazidd əmələ yol verməyib. Sadəcə dövlətimizin yanında olduqlarını, Qarabağ uğrunda ölümə də getməyə hazır olduqlarını bildiriblər. Bu insanların günahı budur."

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yürüşdən bəhs edərək AXCP nümayəndələrinin "qanunu pozanlar arasında olduğunu" demişdi.

"Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq", - cənab Əliyev vurğulamışdı.

İyulun 15-də saxlananlar arasında olan Asif Yusiflinin vəkili olan Nemət Kərimli deyir ki, müvəkkili "iyulun 15-nə keçən gecə sadəcə yürüşdə iştirak edib, bir neçə dəqiqəlik canlı yayım edib."

"Onun orada Milli Məclisə daxil olması ilə və ya nəyisə təşkil etməsi ilə bağlı hər hansı sübut yoxdur. İttiham tərəfi Asif Yusiflinin parlamentin qarşısında baş verənlərdə iştirakı ilə bağlı hər hansı ilkin sübutlar təqdim etməyib." vəkil bildirir.

Nemət Kərimli müvəkkili barəsində "özgə əmlakının qəsdlə məhv edilməsi, kütləvi ixtişaşların təşkili və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək" maddələrilə 3 ay müddətində həbs-qətimkan tədbirinin seçildiyini deyir.

Asif Yusifli özünə qarşı elan edilmiş ittihamları rədd edib.

Digər saxlanılmış şəxs - barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş Seymur Əhmədzadənin vəkili Elçin Sadıqov deyir ki, müvəkkili barəsində "özgə əmlakının qəsdlə məhv edilməsi, kütləvi ixtişaşların təşkili və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək" maddələrilə 2 ay 28 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Elçin Sadıqov bildirib ki, verilən maddələrlə razılaşmadıqları üçün artıq "apellyasiya şikayəti veriblər."

Orduya dəstək yürüşündən sonra neçə nəfər saxlanıb?

Daxili İşlər Nazirliyindən və Bakı Şəhər Baş Polis İdarəsindən bazar ertəsi günü saxlandığı deyilən iki AXCP üzvü ilə bağlı məlumat almaq mümkün olmayıb.

"İnzibati xəta törədən, cinayət törətmiş şəxsin partiya mənsubiyyətinin, vəzifəsinin heç bir əhəmiyyəti yoxdur. Hamı qanun qarşısında bərabərdir", DİN sözçüsü Ehsan Zahidov deyib.

DİN iyulun 19-da məlumat yayıb ki, iyulun 14-dən 15-nə keçən gecə Bakıda, Parlament binası qarşısında baş verənlərə görə "bir qrup şübhəli şəxs qisimində istintaqa cəlb olunuraq, törətdikləri əməlləri sübuta yetirilməklə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində cinayət işi açılaraq, məhkəməyə göndərilib."

Məhkəmənin müvafiq qərarları ilə onların hər biri barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

"Bizə verilən məlumatda rəqəm yox idi. Rəsmi məlumatı yaymışıq. Bizdə olan odur," - Ehsan Zahidov saxlananların sayı və ilə bağlı bildirib.

DİN-in və Baş Prokurorluğun yürüşdən bir gün sonra açıqladığı məlumatda bəzi şəxslərin ictimai "kobud surətdə" pozduğu, "Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olması" və "polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq etdiyi" üçün saxlandığını açıqlamışdı.

Daxili İşlər Nazirliyi saxlanan şəxslərin kimliyi haqda məlumatı açıqlamayıb, amma bildirilib ki, hazırda "qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir."

İyulun 12-də Azərbaycanın Ermənistanla sərhəddində yerləşən Tovuz rayonu istiqamətində atışma başlayıb, daha sonra gedən döyüşlərdə Azərbaycanın 4-ü yüksək rütbəli olmaqla, 12 hərbçisi və bir mülki şəxsi həlak olub. Ermənistan indiyədək 4 hərbçisini itirdiyini açıqlayıb.

Bunun ardınca, ölkənin müxtəlif yerlərində, o cümlədən, Bakıda və Sumqayıtda aralarında qadın və uşaqların da olduğu minlərlə şəxsin iştirakı ilə "orduya dəstək" nümayişləri keçirilib.

Bakıda, Milli Məclis qarşısında keçirilən nümayişin sonunda bir qrup Parlament binasına daxil olub, Daxili İşlər Nazirliyi polis əməkdaşlarının və polis avtomobillərinin zərər görməsi barədə məlumat yayıb.