Tovuzda döyüşlər: cəbhədə nə baş verir? Təhlilçilər şərh edir

Şəklin mənbəyi, Müdafiə Nazirliyi
Bazar günü günorta saatlarında Azərbaycan və Ermənistanın Tovuz istiqamətindəki sərhədində başlayan atışma nəticəsində ölən və yaralananlar var. Azərbaycan 11 hərbçisini itirib, Ermənistan iki polis əməkdaşının yaralandığını bildirib.
Hər iki ölkə atəşkəsin pozulmasında bir-birini günahlandırır.
Həm Azərbaycanda, həm də Ermənistanda hadisəni təhlil edənlər sərhəddə baş verənləri daha çox siyasi prizmadan qiymətləndirirlər.
Bəzi təhlilçilərə görə, bu, Ermənistanda hakimiyyətə müxalif qüvvələrin "təxribatıdır", digərləri düşünür ki, Azərbaycan siyasi hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə apara bilmədiyi üçün ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq istəyir.
Təxribat?
Siyasi şərhçi Altay Göyüşov hadisələrin təxribat versiyasını istisna etmir. O deyir ki, hadisələrin dəqiq səbəbləri bilinməsə də, səslənən iddialar arasında həm Azərbaycan, həm Ermənistan, həm də üçüncü tərəfin təxribat törətmək və bununla müxtəlif məqsədlərə nail olmaq istəkləri yer alır.
"Camaat Azərbaycan hökumətini çox ciddi şəkildə sıxır, Qarabağ probleminin həllini tələb edir ki, 27 ildir ildir hakimiyyətdəsiniz, bu problemin həlli lazımdır. Bu şəraitdə hökumət istər-istəməz o sərt bəyanatları verir. Deyirlər ki, orada strateji təpələrin ələ keçirilməsi istiqamətində toqquşma olub", o deyir.
"Sırf daxili vəziyyəti tərəziyə qoyanda belə təəssürat yaranır ki, Azərbaycan tərəfinin bunda marağı daha çoxdur, nəinki Ermənistan tərəfinin. Çünki Ermənistan tərəfi istədiyi əraziləri tutub. Azərbaycan tərəfi isə ərazilərinin qaytarılmasını istəyir. Digər tərəfdən, Ermənistan daxilində də problemlər var, amma Azərbaycanda problemlər daha dərindir. Prezidentin bir müddət əvvəl Paşinyanla bağlı çıxışı var idi, faktiki olaraq Azərbaycanın daxilində olan əsas məsələləri - hakimiyyətin bir əldə cəmləşməsi, qanunun aliliyinin pozulması, siyasi opponentlərin həbsə atılması və sairə məsələləri Ermənistana aid edirdi ki, belə şeylər baş verir. Ermənistanda da belə şeylər var, amma bütövlükdə o mənzərə məhz Azərbaycandadır", Altay Göyüşov əlavə edir.
Cənab Göyüşov Ermənistan tərəfindən "təxribat törədilməsi" iddiasına da yer verir. O düşünür ki, münaqişə üçün seçilən nöqtənin Ermənistan-Azərbaycan əraziləri olması məhz bu səbəbdən ola bilər:
"Ermənistan Kollektiv Təhlükəsizlik Şurasının üzvüdür və bu şuranın Ermənistan-Azərbaycan arasında olan münaqişəyə cəlb olunmasını istəyir. Bir müddətdir ki, Azərbaycan rəhbərliyi artıq israrla ATƏT-in Minsk Qrupundan, həmsədrlərdən narazılığını bildirir və onları bu problemin həllində fəaliyyətsizlikdə günahlandırır. Ermənistan tərəfi gözləyə bilərdi ki, Azərbaycan ərazi bütövlüyünün təmin olunması üçün hərbi əməliyyatlara başlaya bilər. Bir növ preventiv tədbir kimi, yəni, Azərbaycanı gözləmədən onlar özləri Azərbaycanı münaqişəyə cəlb etməklə, eyni zamanda Kollektiv Təhlükəsizlik Şurası bu prosesə cəlb etməklə bir növ təhlükəsizliklərini qarantiyaya almaq məqsədi güdə bilərlər".
Ermənistan Milli Məclisinin üzvü Tatevik Hayrapetyan BBC News Azərbaycancanın müxbiri ilə söhbətində dövlət sərhədində "təxribat"ın Azərbaycan tərəfindən törədildiyini ehtimal edib.
"Bu, Ermənistan Respublikasını münaqişə tərəfi kimi təqdim etmək məqsədilə növbəti hərbi əməliyyatlara çəkmək cəhdidir", - o iddia edib.
Azərbaycan və Ermənistan hökuməti atışmanı ilk olaraq başlamaqda bir-birni ittiham edir.
Erməni politoloq Hayk Xalatyan diqqəti bu yaxınlarda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilmiş video konfransa yönəldir.
"Bu virtual görüşdən sonra, xüsusilə ekspertlərin bəyanatlarına diqqət yetirsək, Azərbaycan tərəfinin görüşün heç bir nəticə vermədiyi ilə bağlı müəyyən narazılıqlar olduğu müşahidə edilirdi. Odur ki, Azərbaycan qüvvələrinin hərəkətlərini növbəti dəfə təhdid, müharibə ilə hədələmə, şantaj siyasətinin gerçəkləşdirilməsi kimi səciyyələndirmək olar," - BBC News Azərbaycanca müxbirinə Hayk Xalatyan deyib. Yəni, Azərbaycan göstərmək istəyir ki, Qarabağ münaqişəsinin həll olunmaması bölgə təhlükəsizliyi və sabitliyinə xələl vurur.
Ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərli isə bu iddiaları "absurd" hesab edir.
Keçmiş hərbçi "Tovuz rayonunun Azərbaycan ərazisi olduğunu" deyir və sual edir ki, "əgər Azərbaycan hərbçiləri dövlət sərhədini pozub keçmişdilərsə, Ermənistan hərbçiləri və əsgərləri hara baxırdılar ki, onların qarşısını ala bilməyiblər?"
"Arminfo" informasiya agentliyinin siyasi icmalçısı David Stepanyan əmindir ki, Azərbaycanla dövlət sərhədində vəziyyətin gərginləşməsi Ermənistana lazım deyil.
"Ermənistan tərəfindən təxribat etmək, atəşkəsi pozmaq üçün heç bir səbəb yoxdur. Bu, Ermənistanın nəyinə gərəkdir? Bizi mövcud durum, status-kvo qane edir. Status-kvo Azərbaycanı qane etmir," - David Stepanyan deyir.
Onun fikrincə, Azərbaycan heç bu bunu gizlətmir də: "Azərbaycan bunu həmişə deyir... Prezident səviyyəsində, nazirlər səviyyəsində daima "biz döyüşəcəyik, biz qaytaracağıq [işğal edilmiş Azərbaycan ərazilərini - red.]... Ermənistana döyüş əməliyyatları aparmaq, azərbaycanlıları atəşə tutmaq lazım deyil, bunun mənası, məntiqi yoxdur".

Şəklin mənbəyi, Reuters
UAZ məsələsi
"Fakt odur ki, UAZ avtomaşını Azərbaycan tərəfindən keçib və neytral ərazidə qalıb. Onu ora erməni tərəfi gətirməyib. Şəkil və video dəlillər mövcuddur" - təhlilçi Hayk Xalakyan deyir.
"Azərbaycan tərəfinin UAZ-la o tərəfə keçməsi Ermənistan tərəfinin açıqlamasıdır. Ancaq bir çox hərbi ekspert deyir ki, UAZ maşını ilə o bölgəni keçmək mümkün deyil. Azərbaycan tərəfində yaşayan şəxs kimi məni ölkəmin hərbi təhlükəsizliyinin bu məsələdə necə qurulması maraqlandırır. Məsələn, müdafiə sistemi hansı şəkildə olub? Əfsuslar olsun, bununla bağlı dolğun məlumat verilmir. Digər bir məsələ isə, döyüş şəraitinin necə olmasıdır. Bu şəxslər hansı formada həlak olublar? Bununla bağlı da daha geniş açıqlamaya ehtiyac var. Əfsuslar olsun ki, bizim Müdafiə Nazirliyi belə məsələlərdə ictimaiyyətə dolğun məlumat vermir. Bu məsələlərlə bağlı suallara illər boyu cavab verilmir", hüquq müdafiəçisi Anar Məmmədli deyir.
O, atışmanın başladığı ərazinin "münaqişə ocağı" olmadığını deyir.
"Tovuz tərəfi münaqişənin başladığı yer deyil və Ermənistan tərəfinin burada torpaq iddiası olmadığını nəzərə aldıqda, bu düşündürməlidir", - o söyləyir.
Erməni jurnalist David Petrosyan Ermənistan-Azərbaycan sərhədində son hadisənin təsadüfən də baş verə bildiyini istisna etmir.
David Petrosyan Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən atışmaya səbəb olmuş UAZ avtomobilinin təsadüfən Ermənistan ərazisinə keçə bildiyini deyir. Onun sözlərinə görə, sürücü öz ərazisində, Azərbaycan tərəfində olduğunu düşünə bilərdi.
"Məsələ ondadır ki, Sovet İttifaqı dağıldıqdan sonra keçmiş sovet respublikaları arasında, bizim halda, Ermənistan, Azərbaycan və Gürcüstan arasında sərhədlər delimitasiya olunmayıb. Bu respublikaların sərhədləri vahid ölkə daxilində bir növ şərti xarakter daşıyıb. Sərhəd yaxınlığında ərazilər var ki, Ermənistana aid olub, lakin sərhədin Azərbaycan tərəfində yerləşib və ya əksinə olub", - BBC News Azərbaycanca müxbirinə David Petrosyan deyib.
Jurnalist xatırladır ki, sovet dövründə qonşu respublika rəhbərləri bir-birləri ilə elə telefondaca razılaşıb müəyyən əraziləri qonşu respublikanın müvəqqəti istifadəsinə, məsələn, otlaq və ya kənd təsərrüfatı işləri üçün verə bilərdilər.
"Mən ehtimal edirəm ki, UAZ-da olanlar öz ərazilərində hərəkət etdiklərini düşünüblər və təsadüfən qarşı tərəfin postu üzərinə çıxıblar. Mən elə bilirəm ki, onlar atəş altına düşüb və kömək istəyiblər," - David Petrosyan deyib.
Onun sözlərinə görə, nə baş verdiyi - bəd niyyət olub, ya təxribat edilib - məlum deyil.
"Hər iki tərəfin - Ermənistan və Azərbaycanın iştirakı, eləcə də ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə araşdırma aprılmalıdır. Rəsmi vasitəçilər var, hesab edirəm ki, onlar bu insidentin araşdırılması ilə məşğul olmalıdırlar," - David Petrosyan deyib.
O, sərhəddə baş vermiş hadisəni "sərhəd insidenti" kimi nəzərdən keçirir, lakin onun fikrincə, bu, daha ciddi toqquşmalara gətirə bilər, "çünki bəzi hallarda daha iri çaplı ağır silahdan istifadə edilib".
Paşinyan hakimiyyətinə zərbə?
Üzeyir Cəfərli Hərbçi hesab edir ki, Tovuzdakı hadisələrin bir səbəbi də Ermənistanda son zamanlarda "Paşinyanın özünü lovğa aparması nəticəsində böyük qüvvələrin ona qarşı formalaşmasına gətirib çıxarmasıdır".
Hüquq müdafiəçisi Anar Məmmədlini təəssüfləndirən məqam isə, sərhəddə yaşananlarla bağlı "2018-ci ildən bəri "dəyişən Ermənistan" kimi təqdim olunan ölkədə ictimaiyyətin davranışıdır".
Anar Məmmədli deyir ki, Azərbaycan ictimaiyyəti arasında bir çox şəxsin baş verənləri pislədiyinə şahid olub, lakin o, Ermənistan ictimaiyyətindən, bu ölkənin vətəndaş cəmiyyətindən belə bir münasibət görməyib.
Siyasi məsələlər üzrə ekspert Şahin Cəfərli hesab edir ki, dövlət sərhədində baş verənlər Ermənistanın indiki hakimiyyətinə müxalifətdə qalan qüvvələrin "təxribatıdır".
"Düşünürəm ki, hazırda Ermənistanın daxili siyasətində baş verən proseslərlə sərhəddə baş verən insident arasında hər hansı əlaqə var. Bilirsiniz ki, Nikol Paşinyan şərti olaraq, "Qarabağ klanı" adlandırılan köhnə hakimiyyət təmsilçilərini hakimiyyət strukturlarından təmizləmək siyasəti yeridir. Əvvəl parlamenti nəzarətə götürdü, sonra icra strukturlarının rəhbərlərini dəyişməyə başladı, indi isə məhkəmə islahatları aparır. Təbii ki, bu proses köhnə komanda üçün ölüm-dirim məsələsi yaradır".
Şahin Cəfərlinin təhlilinə görə, "erməni ictimaiyyətinin diqqətini daxili siyasi problemlərdən yayındırmaq", o cümlədən "köhnə qüvvələrə yenidən ehtiyac yaratmaq üçün" Azərbaycanla müharibə ehtimalı "qızışdırılıb".
Onun fikrincə, toqquşmaların cəbhə xəttində yox, məhz dövlət sərhədində baş verməsi onda bu qənaəti möhkəmləndirir.
Ekspertin təbirincə, əgər bunun üçün təmas xətti seçilsəydi, o zaman Azərbaycanın irəliləmək şansları yaranardı və bu da Ermənistanı "işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyəti" qarşısında qoyardı:
"Amma dövlət sərhəddində Azərbaycanın cavab verərkən sərhədi keçməsi və orda möhkəmlənməsi mümkün deyil. Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və Rusiyanın müttəfiqidir. Yəni, Ermənistan sərhədlərinin müdafiəsini Rusiya öz üzərinə götürüb. Azərbaycan da çox yaxşı bilir ki, Ermənistanın sərhədini pozmaqla Ermənistana daxil olmaq lazım deyil və Azərbaycana sərf etmir".
İqtisadi çətinlik və pandemiyaya "pərdə"?
Bəzi təhlilçilər sərhəd hadisələrini Ermənistanda və Azərbaycanda koronavirusla uğursuz mübarizə və onun fonunda iqtisadi tənəzzüllə əlaqələndirirlər. Hər iki ölkədə yoluxanların, ölüm hallarının sayı artmaqda davam edir, hakimiyyət tərəfindən görülən tədbirlərin nəticəsi cüzidir, karantin müddəti aydan-aya uzadılır və təbii ki, bu hal hər iki ölkədə əhalinin narazılığına səbəb olur, buna açıq etiraz bildirənlər də var.
Siyasi şərhçi Altay Göyüşov deyir ki, hadisələrin səbəblərinə nəzər salarkən versiyalar arasında "Azərbaycan hakimiyyətinin camaatın fikrini siyasi-iqtisadi problemlərdən yayındırmaq cəhdləri" hallanır.
"Bu il baş tutan parlament seçkilərindən sonra olan böyük narazılıqlar, neft qiymətinin düşməsi, koronavirusa görə kompensasiyalara görə narazılıqlar və sairə bu mülahizəni ortaya qoyur. Azərbaycan iqtisadiyyatı tamamilə neftdən asılı vəziyyətdədir. Real vəziyyət ondan ibarətdir ki, neftin qiyməti düşəndən sonra Azərbaycan çox ciddi problemlərlə üz-üzə qalıb.
Koronavirus gələndən sonra iqtisadi fəaliyyətin tam dayanması hökumətin üzərinə çox böyük öhdəliklər qoydu və biz görürük ki, Azərbaycan hökuməti bu öhdəliklərin həyata keçirilməsinə səy göstərsə də, böyük narazılıqlar var. Bütün bunlar göstərir ki, iqtisadi-siyasi narazılıqlar Azərbaycan hökumətini sıxır və dəqiq deyil, amma ola bilər ki, bu şəraitdə hökumət diqqəti yayındırmaq üçün bundan istifadə edə bilər. Lakin bu, uzun müddət davam edə bilməz, çünki nə Azərbaycan, nə də Ermənistan münaqişəyə uzun müddət tab gətirmək gücündə deyil".
David Stepanyan hesab edir ki, koronavirusla bağlı Paşinyan hakimiyyətini müşkülə salan, ona təhdid edən heç bir şey yoxdur.
"Koronavirusla bağlı yaranmış bütün problemlərə baxmayaraq, bu gün Paşinyanın nüfuzu kifayət qədər yüksəkdir. Nikol Paşinyan legitim dövlət başçısıdır, ədalətli, demokratik seçkilər vasitəsilə hakimiyyətə gəlib. Müqayisə edilə bilməz [Azərbaycanla]. Azərbaycanda isə problem tək koronavirus deyil, başqa problemlər də mövcuddur, sosial gərginlik çox yüksəkdir. Biz müşahidə edirik, bölgələrdə adi içməli su yoxdur. İnsanları, əhalinin fikrini yayındırmaq lazımdır".
David Petrosyana görə, koronavirus pandemiyasının vəziyyətin gərginləşməsinə təsiri ehtimalı "şişirdilir".
"Jons Hopkins institutunun məlumatına görə, Azərbaycanda koronavirusla bağlı vəziyyət o qədər də pis deyil. Hər halda rəsmi statiska belə hesab etməyə əsas verir. Ermənistanda da vəziyyət mürəkkəbdir, lakin nəzarət olunandır. İyunun 25-dən bəri sağalanların sayı müalicədə olanların sayından çoxdur. Ona görə mən başa düşmürəm, nə üçün koronavirus sözügedən sərhəd insidentində belə bir vacib rol oynamalıdır," - David Petrosyan deyib.

Şəklin mənbəyi, MFA.AM
Hadisələrə xarici təsirlər necədir?
Siyasi şərhçi Altay Göyüşov baş verən münaqişədə Rusiyanın rolunu "istisna etmir". Cənab Göyüşov deyir ki, Rusiya həm Azərbaycana, həm də Ermənistana "özünün baxçası" kimi baxır və əlavə edir ki, Qarabağ probleminin indiyədək həll olunmamasında bu ölkənin rolu "inkaredilməzdir".
"Güman olunur ki, iki ölkə arasında münaqişəni qızışdırmaqla faktiki olaraq özünün hakim kimi, bu bölgədə söz sahibi olması kimi mövqeyini gücləndirmək məqsədi güdür, ona görə də bu münaqişənin olmasında maraqlıdır".
Cənab Göyüşov Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Facebook sosial şəbəkə hesabından atışma gedən günlərdə yazdığı şərhin "münaqişəyə Rusiya təsiri şübhələrini artırdığını" bildirib.
Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atışma baş verən günlərdə sosial şəbəkə hesabından "Bakıda Sankt-Peterburq forumu və "Jara" [red-jara festivalı] çatışmır. Siz başa düşürsünüz" yazıb.
Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər Azərbaycan-Ermənistan sərhəddində baş verən gərginliyi "açıq və gizli düşmənlərin Azərbaycana və onun hakimiyyət orqanlarına təzyiq kimi" qiymətləndirir.
"Bunu həm açıq düşmənin - Ermənistanın, həm də onun arxasında duran gizli düşmənin - Rusiyanın Azərbaycana və onun hakimiyyət orqanlarına birbaşa təzyiqi kimi qiymətləndirirəm. Putin referendumdan sonra köhnə imperiya torpaqlarını yenidən yığıb birləşdirməyi öz tarixi missiyası hesab edir. Ona görə də bütün postsovet məkanı ölkələri və onların siyasi rəhbərliyinə, Belarus, Ukrayna başda olmaqla yeni təzyiq dalğası başladıb. Azərbaycana yönələn bu hadisəni də siyasi baxımdan bu təzyiq kampaniyası çərçivəsində qiymətləndirməyi doğru hesab edirəm. Amma bir daha təkrar edirəm, bu mənim siyasi qiymətimdir. Konkret hərbi əməliyyat qiymətləndirməsi üçün konkret informasiyaya sahib olmaq lazımdır."
Üzeyir Cəfərli hesab edir ki, münaqişənin bu şəkil almasının "birbaşa məsuliyyəti" ATƏT-in Minsk qrupunun üzərindədir.
"Onlar münaqişənin həlli ilə deyil, münaqaişənin dondurulması və özlərinin iş yerinin bundan sonra da illərlə davam etdirilməsi üçün çalışırlar. ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız və yalnız Moskvanın diqtəsilə oturub-dururlar".
Anar Məmmədli bu məsələdə ATƏT-in Minsk qrupunun nümayəndələrini "zəif çalışmaqda" ittiham edir.
"ATƏT-in Minsk qrupu bu məsələlərə diqqət yetirməlidir. 2010-cu ildən bəridir bu qurumun fəaliyyətində zəifləmə var. Minsk qrupunun həm Xankəndində, həm Tbilisdə nümayəndəsi var. Onlar münaqişə bölgəsini gəzməli, tərəflərin hərəkətləri ilə bağlı vaxtaşırı açıqlama verməlidirlər. Yəni, ATƏT necə Ukraynanın Donetsk və Luqansk bölgəsində fəaliyyət göstərirsə, eləcə də Azərbaycan və Ermənistan təmas xəttində də fəaliyyət göstərməlidir. Üstəlik, Azərbaycan tərəfi vaxtaşırı deyir ki, işğal olunmuş ərazilərdə yeni əhali qrupları yerləşdirilir. Orada dəyişiklər baş verir, amma biz bununla bağlı ATƏT-in Minsk qurupu tərəfindən yetərli reaksiya almırıq. Düzdür, bu məsələdə Azərbaycan da diplomatik kanallarla israr nümayiş etdirmir. Nəticədə, ölkə ictimaiyyətində də Minsk qrupunun fəaliyyəti ilə bağlı suallar ortaya çıxır. Bu qurum bu prosesdə üçüncü tərəf olsa da, özünü üçüncü tərəf kimi aparmır. Daha çox sanki bir qrup şəxs ATƏT-in maddi resurslarından yararlanmaq xəttini tutublar," - cənab Məmmədli deyir.
ATƏT-in Minsk qrupu hadisə ilə bağlı yaydığı bəyanatda atəşkəsin pozulmasını qınayıb və tərəfləri aralarındakı birbaşa rabitə kanallarından istifadə etməklə bütün zəruri tədbirləri görməyə çağırıb.
Sərhəddə baş verənlərdən dərhal sonra hər iki ölkənin rəsmiləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzey Kaprzyk-lə əlaqə saxlayıb bir-birlərini atəşkəsi pozmaqda günahlandırıblar.
Elə ATƏT-in Minsk qrupunun bəyanatında da bu fikirlər yer alıb ki, "hər iki tərəf bir-birini ilk atəş açmaqda" günahlandırır.
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan təxminən iki həftə əvvəl video konfrans keçirərək koronavirus pandemiyası şəraitində sülh prosesi ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Münaqişə bitməyincə...
Anar Məmmədli vurğulayır ki, münaqişənin bitməməsi və sülhün əldə edilməməsi vaxtaşırı insan itkilərinə səbəb olacaq.
O əlavə edir ki, hərbi qulluqçuların böyük əksəriyyətinin kasıb təbəqədən olması da aztəminatlı sosial qruplar arasında qəzəbi artırır: "Hər ölüm nifrəti daha da artırır. Hər evə Qarabağ münaqişəsindən "pay" düşürsə, bu, artıq münaqişənin taleyinə çox mənfi təsir göstərir və sülh danışıqlarının taleyini sual altına qoyur," - Anar Məmmədli deyib.
Siyasi məsələlər üzrə təhlilçi Sülhəddin Əkbər iddia edir ki, aldığı qeyri-rəsmi məlumatlarla verilən rəsmi məlumatlar arasında "ciddi fərqlər var."
"Azərbaycanda konkret hadisə baş verib. Azərbaycanın Müdafiə Nazirliyi, hərbi kəşfiyyat xidməti Azərbaycan xalqına cəbhədə baş verənlər haqqında dəqiq məlumat verməlidir ki, həqiqətən orada nə baş verir? Ona görə də mən məsələnin həssaslığını nəzərə alaraq, əlavə şərh vermək istəmirəm."
Sülhəddin Əkbər hesab edir ki, Azərbaycan onillərdir müharibə şəraitində olmasına baxmayaraq, xüsusi əməliyyat qüvvələrini hazarlamaqda "gecikib."
Təhlilçi deyir ki, gec də olsa, Azərbaycan indi xüsusi əməliyyat qüvvələri hazırlamalıdır.
O əlavə edir ki, Azərbaycan onillərdir müharibə vəziyyətindədir, ərazisinin böyük qismi də işğal altındadır. "Ona görə də hər zaman geniş miqyaslı əməliyyatlar keçirməyə və genişmiqyaslı təxribatlara hazır olmalıdır və bu cəbhənin digər bölgələrində də ola bilər. Azərbaycana qarşı hərtərəfli geniş strateji müharibə aparılır. Bu müharibənin siyasi-diplomatik tərəfi var, kəşfiyyat-informasiya tərəfi var, maliyyə, kiber, iqtisadi, sosial - bir sözlə, cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən bir strateji savaşla qarşı-qarşıyayıq. Azərbaycan cəmiyyəti ancaq top atılanda başa düşür ki, ölkə müharibə vəziyyətindədir. Əslində isə biz davamlı olaraq müharibə şəraitində yaşayırıq. Azərbaycan zaman-zaman gah yumşaq, gah da sərt müdaxilənin hədəfi olur. Ona görə də Azərbaycan dövləti də, cəmiyyəti də strateji müharibəyə hazır olmalıdır".
Münaqişənin tarixçəsi
1988-ci ildə Dağlıq Qarabağa görə qaldırılan ərazi iddiaları ilə bağlı münaqişələr 1991-ci ildə Azərbaycan-Ermənistan arasında müharibəyə çevrilib.
3 illik müharibədə hər iki tərəf çoxlu itki verib, yerli əhali öz ev-eşiyindən didərgin düşüb.
Müharibə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib.
Dağlıq Qarabağ ayrıca respublika kimi elan edilsə də, heç bir dövlət tərəfindən tanınmayıb.
Hər iki tərəf arasında 1994-cü il mayın 12-də atəşkəs imzalanıb və münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-də Minsk qrupu yaradılıb. Hazırda bu qrupa ABŞ, Rusiya və Fransanın nümayəndələri həmsədrlik edirlər.
Ancaq bu illər ərzində atəşkəs dəfələrlə pozulub və hər ik tərəf itki verib.




