İlham Əliyev və Nikol Paşinyan bir-birinə bəyanatlar göndərib

Şəklin mənbəyi, president.az/primeminister.am
Azərbaycan prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesini bilərək sarsıtmaqda ittiham edib.
Nikol Paşinyan isə Prezident Əliyevin bu sözlərinə cavab bəyanatı açıqlayıb və erməni tərəfinin Qarabağ məsələsində mövqeyinin "konstruktiv olduğunu bildirib".
Prezident Əliyev cümə axşamı günü BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında "işğala son qoyulmalı olduğunu" deyib və Ermənistana qətnamələrin icrası üçün "yenilənmiş zaman qrafiki" istəyib.
BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir - Azərbaycan Prezidenti İlham Əliyev belə deyib.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladan Azərbaycan Prezidenti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib:
"Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır".
İlham Əliyev Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasının BMT-nin "nüfuzunu sarsıtdığını" da dilə gətirib.
O, "Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmlərinin yaradılmasını" təklif edib.
"Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün"
İlham Əliyev çıxışında dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalı olduğunu deyib.
O vurğulayıb ki, beynəlxalq hüquq norma və prisiplərinə riayət edilməli və BMT qətnamələrinə əməl olunmalıdır.
"Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulub. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb".
İlham Əliyev həmçinin vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir".
"Artmaqda olan silah təchizatından ciddi narahatıq"
Azərbaycan Prezidenti xüsusilə Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra "Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatlığını" vurğulayıb.

Şəklin mənbəyi, President.az
İlham Əliyev qeyd edib ki, dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatdıqdan sonra - iyulun 17-dən etibarən sentyabr ayına qədər "hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınması" müşahidə olunub. "Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik".
"Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq", - Azərbaycan Prezidenti deyib.
Prezident Əliyev çıxışında "Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar etməsi və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə etməsini də vurğulayıb":
"Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir. Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər".
"Ermənistanın məqsədi işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır"
"Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır", - İlham Əliyev deyib.
O, "Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın Baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıtdığını vurğulayıb.
"Onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır", - Prezident Əliyev deyib.
Nikol Paşinyan Azərbaycan Prezidentinin ittihamına cavab verib
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin erməni tərəfinin Qarabağ üzrə danışıqları pozduğuna dair bəyanatını şərh edib, Ermənistan Hökumətinin mətbuat xidməti bildirir.
Bu barədə Ermənistan baş naziri cümə günü Yerevanda tanınmamış "Dağlıq Qarabağ Respublikası parlament sədri Artur Tovmasyanın başçılıq etdiyi DQR Milli Məclisi nümayəndə heyəti" ilə görüş zamanı danışıb.
Paşinyan regionda hazırkı vəziyyətin "olduqca gərgin" olduğunu qeyd edib və [Qarabağ tənzimlənməsi üzrə] danışıqların səmərəliliyinə nail olmaq üçün "buna nəyin mane olduğunun" qeyd olunmasının vacibliyini bildirib.
"Son vaxtlar Azərbaycan rəhbərliyi, bizim guya danışıqları mənasız edən bəyanatlarımızın məntiqinə əsaslanaraq, bizi danışıqları pozmaqda günahlandırmağa çalışır", - Paşinyan deyib və erməni tərəfin Qarabağ məsələsində mövqeyinin konstruktiv olduğunu iddia edib.
"Mən Baş nazir vəzifəsinə gəldikdən sonra münaqişənin tarixində misli görünməmiş açıqlama etmişdim ki, Artsax məsələsinin istənilən həlli Ermənistan, Azərbaycan və Artsax (Qarabağ - BBC) xalqları üçün qənaətbəxş olmalıdır. Və gözləyirdim ki, Azərbaycan rəhbərliyini tərəfindən adekvat cavab taparaq, danışıqlarda irəliləyiş əldə etmək üçün əla imkan yaradar", - Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Azərbaycanın Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olmasına dair bəyanatı o deməkdir ki, rəsmi Bakı, ilkin şərt olaraq, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini 1988-ci il statusuna qayıtmağı tələb edir.
Paşinyan deyib ki, Azərbaycanı qane etməyən Ermənistan tərəfindən səslənən bəyanatlar - onların destruktiv bəyanatlarının cavabıdır.
O, Azərbaycan tərəfinin, problemi güc vasitəsi ilə həll etməklə hədələyərək, danışıqlar prosesini erməni tərəfinin birtərəfli güzəştləri əsasında qurulmasına çalışdığını bildirib. "Biz əzəl başdan demişik ki, Ermənistanla güc və təhdidlər dilində danışmaq olmaz", - Paşinyan deyib. O, Azərbaycan-Ermənistan sərhədində iyul döyüşlərininin "bunun sübutu" olduğu və "bu siyasəti davam etməməyi" tövsiyə edib, məlumatda deyilir.
"Mən açıq bəyan etmişəm ki, bizim mövqeyimiz belədir: Qarabağ məsələsinin güc vasitəsilə həlli yoxdur. Problem bu yolla həll olunmalıdırsa, Artsax (Qarabağ - BBC) xalqı deyər ki, onu çoxdan həll edib", - Ermənistan baş naziri deyib.
Paşinyan Qarabağ probleminin Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqlarını qane edən həllini tapmaq istiqamətində işləməyə çağırıb.
Paşinyan, son vaxtlar Azərbaycan hərbi-siyasi rəhbərliyi, hakimiyyət dairələri, yerli KİV-lər tərəfindən "təbliğat kampaniyasına yeni element" əlavə edildiyini deyib, "məxfi məlumatlar"ın aşkar edilməsinə diqqət yetirməyə çağırıb və bunu təhlükəli adlandırıb.
"Mən azərbaycanlı həmkarlarıma bu yolu tutmamağı məsləhət edirəm, çünki biz də bu sahəyə müdaxilə edib konfidensial məlumatlar yaymağa başlasaq, qorxuram ki, bu, Azərbaycanda daxili siyasi durumu ciddi şəkildə sabitsizləşdirər. Odur ki, konstruktiv mühitə qayıtmağı məsləhət edirəm", - o deyib.
Paşinyan deyib ki, Azərbaycan prezidentindən də, istənilən həllin Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqlarını qane etməlidir fikri ilə razılaşdığı haqqında cavabını gözləyir.
"Bu, onu göstərərdi ki, danışıqlar prosesində irəliləyiş qeyd etməyə qadirik. Mən düşünürəm ki, biz buna qadirik. Ermənistan bəyan edib ki, maksimal konstruktiv olmağa hazırdır"? - Ermənistan baş naziri deyib.
ATƏT-in Minsk qrupunun "bəyanatları kifayət etmir"
Prezident Əliyev qeyd edib ki," Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir".
O, təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyətin tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib və BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə" dəvət edib.
"Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməyib. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanıb. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var".
Cənab Əliyev deyib ki, Azərbaycanın "otuz ilə yaxın danışıqlar prosesində iştirakı sülhə sadiqliyin bariz nümunəsidir": "ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir".

Şəklin mənbəyi, primeminister.am
"Sosial dəstək proqramı ölkənin yarısını əhatə edib"
Azərbaycanda pandemiya ilə bağlı görülən işlərə toxunan Prezident iqtisadi çətinliklərə baxmayaraq, vətəndaşların həyatı və sağlamlığının "prioritet təşkil etdyini deyib".
O, ölkədə "iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketinin" təqdim edildiyini bildirib.
Prezident "sosial dəstək tədbirlərinin təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə etdiyini" açıqlayıb.
Cənab Əliyev həmçinin vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı "nümunəvi ölkə" adlandırıb.
"Biz iki bərabər tranşla Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. İkinci tranş Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.
Prezident həmçinin öz çıxışında Ermənistanda hökm sürən "despotik rejimdən", "diktaturanın qurulmasından" danışıb, həmçinin Azərbaycanın son 17 ildə iqtisadi sahədəki uğurlarından bəhs edib.








