Ramiz Mehdiyev: "…bütün qüsurları mənim üzərimə atmaq nə deməkdir?"

Ramiz Mehdiyev, toy, karantin, bu gün

Şəklin mənbəyi, Science.gov.az

Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev daha bir məqalə ilə barəsində səslənən ittihamlara cavab verib.

Elmlər Akademiyasının saytında dərc edilmiş sonuncu yazısında qurumun prezidenti, akademik Ramiz Mehdiyev əvvəlki müraciətindəki fikri bir daha yada salır: "Karantin günlərində müxtəlif məclislər təşkil etməklə, inzibati xəta törədən və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən yüksək vəzifəli şəxslərin heç biri hələ də əlləri qandallı məhkəmə önünə çıxarılmayıb".

Avqustun 18-də Novxanıda keçirildiyi deyilən toydan sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və qudası Rövşən Mustafayev 15 sutka müddətinə həbs edilib.

Ramiz Mehdiyev öz əvvəlki açıqlamasında karantin günlərində toy təşkil edən digərlərinin "qolları qandallı, nümayişkaranə şəkildə" hakim qarşısına çıxarılmamasını "ikili standart" adlandırmışdı.

Bu açıqlamasından sonra Ramiz Mehdiyev hakimiyyət yönümlü millət vəkillərinin, keçmiş məmurların müxtəlif ittihamları ilə üzləşdi.

Ramiz Mehdiyev sonuncu yazısında Prezident İlham Əliyevin karantin müddətində qaydanı pozanlara qarşı cəza tədbirləri tətbiq edilərkən ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı son dediklərinə toxunaraq qeyd edib ki, "ancaq nədənsə qanunların icrasına gəldikdə, məsul qurumlar və mətbuat pozuntulara xüsusi seçim qaydasında yanaşmağa üstünlük" verir: "Heç şübhəsiz ki, bu seçimin, bu "diqqətin" meyarları bütün cəmiyyətimiz kimi mənim üçün də qaranlıq qalır".

Prezident İlham Əliyev bazar ertəsi günü çıxışında deyib ki, cəza tədbirləri "bütün kateqoriya insanlara tətbiq edilir".

O söyləyib ki, "qanun hər kəs üçün qanundur" və cəza tədbirlərində "heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir".

"Belə bəsit ittihamlar səsləndirənlər unudurlar ki…"

Ramiz Mehdiyev vurğulayıb ki, administrasiyanın rəhbəri olduğu dövrdə də, indi də Azərbaycan mətbuatının vəziyyəti onu "əsla qane etməyib və bu məsələdə zaman-zaman ona təklif edilən "dekorativ, aldadıcı dəyişikliklərin qəti əleyhinə olub".

Akademik Qərbin aparıcı KİV-lərinin Bakıdakı ofislərinin bağlanmasında, onların Azərbaycandakı fəaliyyətinə qadağa qoyulmasında günahkar tutulması ilə razılaşmır:

"Deyəsən, belə bəsit ittihamlar səsləndirənlər unudurlar ki, mən Prezident Administrasiyasının rəhbəri olmuşam. Bu vəzifənin səlahiyyətləri qanunla müəyyən olunub və tənzimlənir. Mən həmişə öz səlahiyyətlərimin, hüquqlarımın sərhədlərini dəqiq bilən bir şəxs olmuşam.

Ona görə də ixtiyarımda olmayan məsələlərə görə məsuliyyət daşımaq, yaxud tənqid eşitmək niyyətindən uzağam. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, mən təbiətim etibarı ilə sağlam, qərəzsiz tənqidə açıq insanam. Lakin məni az qala Azərbaycanda keçmişdə baş vermiş və gələcəkdə baş verəcək bütün günah və cinayətlərdə ittiham edənlərin məntiqi həqiqətən də ağlasığmazdır.

Xarici İşlər, Mədəniyyət, Təhsil, Səhiyyə, Milli Təhlükəsizlik sahələrinin öz rəhbərləri olduqları halda, oradakı bütün qüsurları mənim üzərimə atmaq nə deməkdir? Bu yanaşma kimin işinə yarayır?"