İlham Əliyev: “Mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq”

Şəklin mənbəyi, AZERTAG
Bakı Nəqliyyat Agüntliyi taksi xidmətinə vahid sistem gətirmək istəyir, İlham Əliyev kimsəyə imtiyaz verilmədiyindən danışıb. Azərbaycanda pandemiya xəstəxanalarında olan xəstələrin sayı "kifayət qədər azalıb" - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Taksi xidmətinə vahid qiymət onu bahalaşdıracaqmı?
Taksi xidməti üçün vahid tariflər, vahid dispetçer və kvota yaradılması təklif edilir.
Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənilməsi sahəsində yeni konsepsiya hazırladığını elan edib.
Qurum açıqlayıb ki, taksi xidməti sahəsində "bir sıra çatışmazlıqlar mövcuddur". BNA bəyan edib ki, bu sahədə tariflər qeyri-müəyyəndir, taksi sürücülərinin gəlirliyi aşağıdır, burda süni rəqabət var.
"Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb,"- BNA-nin yaydığı məlumatda deyilib.
Taksi xidmətinə vahid qiymət onu bahalaşdıracaqmı? Bu, bazarda dövlət inhisarı yaradacaqmı?
İqtisadi məsələlər üzrə şərhçi Toğrul Vəliyev deyir ki, BNA 2016-cı ildən bəri taksi xidmətində vahid tarif tətbiq edilməsini təklif edir.
"Qurum bu muraciətlə illərdir Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə müraciət edirdi. İndi bu müraciəti onu göstərir ki, BNA bu sahədə mövcud olan problemlərin həlli ilə yox, sadəcə bizneslə məşğul olmaq istəyir," - Toğrul Vəliyev deyir.
Onun sözlərinə görə, BNA öz dispetçer xidmətlərini, tənzimləmə xidmətlərini təklif edib bazara satmaq istəyir. İqtisadçının fikrincə, vahid sistem taksi xidməti sahəsində qara bazarın yaranmasına, taksi sürücülərinin qeyri-leqal çalışmasına gətirib çıxaracaq ki, bu da narazılığı daha da artıracaq.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev BBC News Azərbaycancanın bu və digər suallarına növbəti gün aydınlıq gətirəcəyini bildirib.

Şəklin mənbəyi, President.az
"İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir"
Prezident İlham Əliyev deyib ki, karantin rejiminin qaydalarını pozaraq kütləvi tədbirlər keçirənlər üçün cəza tədbirləri görülür və bu zaman "ayrı-seçkiliyə yol verilmir".
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışına virtual qatılan İlham Əliyev deyib ki, "heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək".
Prezidentin bu sözləri Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy edilməsindən sonraya təsadüf edir.
Avqustun 18-də Novxanıda keçirildiyi deyilən toydan sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və qudası Rövşən Mustafayev 15 sutka müddətinə həbs edilib.
Ramiz Mehdiyev öz açıqlamasında karantin günlərində toy təşkil edən digərlərinin "qolları qandallı, nümayişkaranə şəkildə" hakim qarşısına çıxarılmamasını "ikili standart" adlandırmışdı.
Prezident İlham Əliyev bazar ertəsi günü etdiyi çıxışında deyib ki, cəza tədbirləri "bütün kateqoriya insanlara tətbiq edilir".
O söyləyib ki, "qanun hər kəs üçün qanundur" və cəza tədbirlərində "heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir".
"İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır," - İlham Əliyev deyib.
Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminə Ombudsman Səbinə Əliyeva, deputat Siyavuş Novruzov, Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, sabiq nazir Əli Abbasov və başqaları da qatılıblar.
Bundan sonra onlar 400 manat məbləğində cərimə ediliblər. Siyavuş Novruzov həm də YAP-dakı vəzifəsindən istefa verməli olub.
Azərbaycanda karantin rejimi elan olunandan bəri kütləvi tədbirlər, yığıncaqların keçirilməsi, toy və yas mərasimlərinin təşkili qadağandır.

Şəklin mənbəyi, President.az
TƏBİB: koronavirusla mübarizə üçün ayrılmış bəzi xəstəxanalar yenidən öz işinə qayıdır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib ki, Azərbaycanda pandemiya xəstəxanalarında olan xəstələrin sayı "kifayət qədər azalıb".
Buna görə, bəzi pandemiya xəstəxanalarının əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verilib.
Dəyişiklərə əsasən, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.
Prezident İlham Əliyev bazar ertəsi deyib ki, yeddi modul tipli xəstəxananın tikintisi nəzərdə tutulsa da, hazırda buna ehtiyac görmürlər: "Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar qısa müddət ərzində inşa oluna bilər".
Azərbaycanda əvvəlki mövcud çarpayı fondunun pandemiya ilə mübarizəyə "imkan vermədiyini" söyləyən Prezident çarpayı fondunun altı ay ərzində "böyük dərəcədə" artırıldığını bildirib.
TƏBİB-in məlumatlarına görə, Azərbaycanda son ayda koronavirusa yoluxma halları və ölüm sayı iyun-iyul aylarına nisbətən azalıb.

Şəklin mənbəyi, Azertag
Dövlət Təhlükəsizliyi Xidməti "xaricdə terror-təxribat təlimləri almış şəxsi" həbs edərək Rusiyadan Azərbaycana ekstradisiya etdiyini açıqlayıb.
DTX-nin məlumatında deyilir ki, araşdırmalar nəticəsində Faliq Vəliyevin "ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları barədə hazırlıq keçməsinə, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə" əsaslı şübhələr müəyyən edilib.
Faliq Vəliyev cinayətkar birlikdə (təşkilatda) iştirak etmə, terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə və Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə maddələri ilə təqsirləndirilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun barəsində daha əvvəl beynəlxalq axtarış elan edilmişdi.
Faliq Vəliyevin ittihamlara münasibəti bəlli deyil.

Xəzərdə 4 ballıq zəlzələ olub
Bazar ertəsi günü Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, yerli vaxtla saat 00:35-də qeydə alınan zəlzələnin gücü 4.2 bal olub.
Zəlzələnin ocağı 36 km dərinlikdə olub.










