İlham Əliyevin koronavirus dilemması

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Leyla Əliyeva
- Vəzifə, Oxford Universiteti, təhlilçi
Dünyada yayılmış koronavirus pandemiyası bir çox məsələlərin - yerli qurumların səfərbərliyinin çevikliyi və imkanlarının, regional əməkdaşlığın, beynəlxalq həmrəyliyin sınağı oldu.
Virusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər demokratik azadlıqlar - hərəkət azadlığı və bəzi digər azadlıqlarla bağlı gərginlik yaratdı.
Ən əsası, virusun yayılmasını əngəlləmək yolu iqtisadi fəaliyyəti dayandırmaq və bundan irəli gələn xərcləri dövlət büdcəsinə yükləməkdən keçir. Bu zərurət isə dövlətləri iqtisadi və maliyyə böhranı riski qarşısında qoyur.
Bir çox ölkələrdə pandemiya ilə mübarizə siyasi elitanın səfərbərlik bacarığını yoxlayan indikator oldu. O cümlədən hakimiyyətlərin dövlət resurslarının əhalinin dəstəklənməsi üçün uyğun istiqamətlər üzrə paylaşdıra bilmək qabiliyyəti və epidemiya fəlakəti qarşısında milli birliyi dar siyasi maraqlardan üstün tutmaq əzmi sınağa çəkildi.
Pandemiyanın mahiyyəti bəzi liderlər üçün dilemma yaradır: koronavirusla mübarizə bir tərəfdən ölkədə siyasi nəzarətin gücləndirilməsinə imkan verir, digər tərəfdən iqtisadi fəaliyyətin dayandırılması əhəmiyyətli sosial böhran təhlükəsi yaradır.
"İdeal fırtına": koronavirus pandemiyası və neft qiymətləri
İqtisadiyyatı neftdən asılı olan Azərbaycan bəzi ölkələrdən fərqli olaraq, pandemiya və kəskin enən neft qiymətlərinə görə iki qat böhranla üzləşib.
Büdcəyə və iqtisadiyyata dəyən zərər hələ dəqiq deyil, amma iqtisadiyyata iki zərbənin birdən dəyməsinin doğurduğu təsir "ideal fırtına" qoparmaq üçün yetərlidir.
Rəsmilər və müstəqil ekspertlər bu iki faktorun (koronavirus və neft qiymətlərinin kəskin enməsinin) üst-üstə düşməsini iqtisadi gücün və dayanıqlığın ciddi sınağı kimi qiymətləndirirlər.
Beynəlxalq maliyyə təşkilatları və konsaltinq şirkətləri Azərbaycana dair öz gözləntilərini mənfiyə doğru dəyişib: Asiya İnkişaf Bankı artım proqnozunu əvvəlki 2,4 faiz gözləntidən 0,5 faizə endirib. Beynəlxalq Valyuta Fondu 2020-ci ildə Azərbaycanda 3,3 faiz inflyasiya və ÜDM-un 8,2 faizi qədər büdcə kəsiriylə 2,2 faiz mənfi iqtisadi artım proqnozlaşdırıb.
Yerli iqtisadçı təhlilçilər - Qubad İbadoğlu, Natiq Cəfərli - xəbərdarlıq edib ki, Dövlət Neft Fondundan transfertlər büdcənin 48 faizini sabit saxlasa da, vergilərdən və qeyri-neft sektorundan formalaşan gəlirlər əhəmiyyətli dərəcədə azalacaq.
Neft Fondu büdcəyə transfertini məhdudlaşdırmasa da, özü itkilərlə üzləşəcək. Qubad İbadoğluya görə, Neft Fondunun öz aktivlərini satması narahatlıq əlamətidir. Sərhədlərin bağlanması turizm, ticarət və xidmət sahəsi kimi vacib qeyri-neft sektorunu dayandırıb, xaricdə bazarların əldən çıxması kənd təsərrüfatına təsir edib.
Natiq Cəfərliyə görə, təkcə SOCAR-ın büdcəyə vergi ödəmələri 2,5 milyard manatdan 1 milyard manata enəcək. Neft qiymətinin kəskin dəyişməsi gəlirlərin azalmasına səbəb olub. Aprelin sonunda "Azeri Light"-ın 15,81 dollar civarında olan qiyməti bir gündə 5,49 dollara düşmüşdü.
Nəzərə almaq lazımdır ki, hazırkı büdcə və artım proqnozu neftin bir barelini 55 dollardan hesablamaqla formalaşdırılıb. Prezident Əliyev deyib ki, neftin qiyməti yenidən qalxmasa, Azərbaycanın iqtisadi itkiləri 1 milyard dollara çata bilər.
Pandemiyanın sosial təsiri və dövlət yardımı
Bütün qonşu ölkələrlə sərhədlərin bağlanması və martın 24-də tətbiq edilən karantin rejimi əsas iqtisadi fəaliyyətlərin dayanması ilə nəticələndi.
Dövlət və büdcə təşkilatlarında çalışanlar öz əmək haqlarını almağa davam etsə də və bəzi müəssisələrdə maaşlar dövlət yardım paketi ilə kompensasiya olunsa da, bu karantin rejimi rəsmi əmək müqaviləsi olmayan işçilərə, qeydiyyatsız çalışanlara, rəsmi işçi statusu olmayanlara mənfi təsir edib.
Digər dövlətlər kimi Azərbaycan hökuməti də pandemiyanın sosial-iqtisadi nəticələrini azaltmaqdan ötrü əhaliyə və biznesə yardım ayırıb. Bu məqsədlə böyük bizneslərin, hətta kiçik-orta sahibkarlığın və büdcə təşkilatlarının ianəsi ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu da yaradılıb: ümumilikdə 670 müəssisə və təşkilat birlikdə Fonda 55,6 milyon manat ianə edib. Aprelin 10-da Prezident Əliyev bildirib ki, Fondun hesabında 110 milyon manat və ya 65 milyon dollar var.
Hökumət əmək müqaviləsi olan 640 min işçi və 290 min işsiz üçün 558 milyon dollar ayırmışdı. Aprelin 27-də isə rəsmi qurumlar bildirdi ki, daha 400 min işsizə və karantin rejiminə görə iş yerini itirən azgəlirli 200 min şəxsə də ödəmələr olacaq.
Ancaq bir çox dövlətlərlə müqayisədə Azərbaycanda dövlət yardımını almaq üçün tətbiq edilən məhdudiyyətlər bundan yararlanmalı olan sosial təbəqənin dairəsini daraltdı və həm də dövlət yardımı üçün ayrılan vəsaitin həcmi ölkənin özünün digər xərcləri ilə müqayisədə çox az oldu.
AXCP sədri Əli Kərimli yüz minlərlə adam üçün ayrılan dövlət yardımını büdcə hesabına həyata keçirilən bahalı layihələrlə, məsələn, prezidentin təyyarəsinin qiyməti ilə müqayisə edib.
İctimai fəal Bəxtiyar Hacıyev Facebookdakı hesabında dövlət yardımının və müxtəlif sosial müavinətlərin acınacaqlı vəziyyətini göstərən müqayisəli cədvəl yerləşdirib. Belə ki, dalbadal iki ay verilməsi nəzərdə tutulan 190 manatlıq (110 dollar) yardımdan o işsizlər kənarda qalıb ki, onların ailələrində pensiya və ya başqa sosial müavinət alan var; ya adına bir parça torpaq, əmlak var, ya da hansısa başqa məhdudlaşdırıcı amillər onların bu yardımı almasına mane olur.
Bundan əlavə, işsizlərin elektron qeydiyyatı üçün yeni istifadəyə verilən sistem yalnız yüklənmə səbəbindən deyil, həm də VÖEN-lərlə bağlı, həmçinin rəsmi reyestrdəki bəzi problemlərə görə işləməyib.
Hakimiyyət və müxalifət: həmişəki köhnə "5-cü kolon…"
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə martın19-da söylədikləri bir çox başqa ölkə liderlərinin nitqindən müxalifətlə bağlı ayırıcı ritorikasına görə fərqlənib.
Bu çıxışdan az əvvəl iki əsas müxalifət partiyası ilə hakimiyyətin şərtləri əsasında cəhd edilən "dialoq" uğursuzluğa uğradığından Prezidentin nitqi "düşməni" açıq-aşkar bəlirləyirdi. Öz nitqində o, "5-ci kolon", "xalq düşmənləri", "xainlər" kimi köhnə terminləri işlədib.
Bəzi ictimai-siyasi fəalların inzibati həbsləri prezidentin nitqindən doğan göstərişlərin icrası kimi qiymətləndirilib. Bəzi partiyalardan, əsasən də AXCP-dən, o cümlədən ADR hərəkatından olan və ictimaiyyətin "koronavirus məhbusu" adlandırdığı azı 14 fəal müxtəlif inzibati həbs cəzası alıb.
Daha əvvəl isə tanınmış siyasətçi Tofiq Yaqubluya və hüquq müdafiəçisi Elçin Məmmədə cinayət işi açılması yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən hakimiyyətin koronavirus pandemiyasından yararlanaraq öz tənqidçilərini susdurmaq və repressiya etmək cəhdi kimi xarakterizə olunur.
AXCP lideri Əli Kərimlinin iddiasına görə, hakimiyyət ona kommunikasiya blokadası tətbiq edib və o, buna görə də minlərlə baxışı olan internet yayımlarına tez-tez çıxmaq imkanından məhrum olub. Ancaq hakimiyyət rəsmiləri, eləcə də Azercell telekomunikasiya şirkəti bu iddiaları rədd edib.
Bundan qabaq isə onun köməkçisi və iki mühafizəçisi karantin rejimini pozmaq ittihamı ilə həbs olunub.
Daha iki fəal - Bəxtiyar Hacıyev və İlkin Rüstəmzadə təzyiqlərlə bağlı məlumat yayıb və bildiriblər ki, telefon nömrələri, Facebook hesabları da daxil digər internet alətləri hək olunub və onlara hədə-qorxu gəliblər.
Aparıcı beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini pandemiyadan yararlanaraq tənqidçilərini susdurmağa cəhd göstərməyi dayandırmağa çağırıb.
Prezident sonrakı çıxışlarının birində də ənənəvi müxalifəti xalq düşməni kimi göstərmək fürsətini fövtə verməyib.
Gözlənən sosial böhran müddətində elektoratın etirazlarının mümkün səfərbərliyinin qorxusunu Rusiyada müvəqqəti işləyən Azərbaycan vətəndaşlarının geri qayıtması da artırır - populyar liderlərə şiddətli təzyiqləri bu da izah edə bilər.
Ölkədə media azadlığı məhdud olduğundan yeganə azad fikir mübadiləsi platforması virtual məkandır və burada da toqquşma və parçalanmalar intensivləşib.
Hakimiyyət demokratik düşərgədə, əsasən, müxalifətin köhnə və gənc nəsli arasında yaranan və ya davam edən qarşıdurmaları açıq-aşkar manipulyasiya etməklə diqqəti özündən yayındırmağa, cəmiyyətdə və demokratik icmada parçalanmaya uğurla müvəffəq olub.
Bu, sosial şəbəkələrdə - təxribatçıların və incidilənlərin asanlıqla qarışdığı sərhədsiz məkanda söylənən şərh və fikirlərdə hədsiz emosional şəkildə özünü göstərir.
Dialoq, yoxsa kooptasiya?
Alimlərin fikrincə, neftlə zəngin dövlətlərin əlamətlərindən biri də odur ki, neft faktoru hakimiyyəti cəmiyyətlə müqavilə bağlamağa və ya müxalifəti nəzərə almağa mane olur.
Pandemiya və neftin indiki bazar qiymətləri ilə bağlı hazırkı vəziyyət hakimiyyəti cəmiyyətə doğru addım atmağa və ölkədəki digər qüvvələrlə müqavilələrə açıq [olmağa vadar edir.
Müxalifət bu iki amilin birgə ortaya çıxardığı sosial təsirlərdən istifadə etməklə kütləvi etirazlar təşkil edə bilər ki, bu da hakimiyyət üçün ciddi risk deməkdir.
Beləliklə, təsadüfi deyil ki, 2020-ci il fevralın sonunda İlham Əliyev müxalifətə doğru bir addım atdı, hərçənd görüş şöbə müdiri səviyyəsində təklif edildi.
Əsas müxalifət partiyası AXCP və Müsavat bu görüşə açıq olduğunu bildirib və öz şərtlərini irəli sürüb. AXCP təklif edib ki, görüşü şöbə müdiri keçirirsə, onda dialoqa sədrin müavini qatılsın, görüş ictimaiyyətə açıq (şəffaf) olsun və bu mövzularda müzakirə aparılsın: toplaşma azadlığı, siyasi məhbuslar, seçki islahatı, təhlükəsizlik və Qarabağ. Partiya eyni zamanda xatırladıb ki, qarşı tərəfin də ideyalarına açıqdır.
Müsavat bunu dialoq yox, Prezident Adminstrasiyasının şöbə müdirinin tanışlıq təklifi kimi qəbul edib. Partiyanın başqanı Arif Hacılı fevralın 29-da özünün sosial media hesabında bildirib ki, Prezident Adminstrasiyasının şöbə müdiri ilə görüşmək təklifini qəbul edir, ancaq onu Müsavatın qərargahına dəvət edir. Qarşı tərəf onun təklifini yəqin ki, qəbul etməyib, çünki görüş baş tutmayıb.
AXCP və Müsavat liderləri bunun "dialoqdan imtina" kimi qiymətləndirilməsini "riyakarlıq" sayırlar və deyirlər ki, onlar həmişə Əliyevlə və ya hər hansı səlahiyyətli şəxslə pandemiya müddətində görülən tədbirlər, iqtisadi böhran, enən neft qiymətlərinin sosial fəsadları, işsizlik, Qarabağ və digər məsələlər daxil bütün milli problemlərdə açıq və şəffaf dialoqa hazırdırlar.
REAL partiyası da buna dialoq kimi yanaşmayıb, amma şöbə müdiri ilə "tanış olublar". Partiyada hesab edirlər ki, belə görüşlər çərçivəsində QHT qanunvericiliyi və bu kimi məsələlər dialoqun müzakirə predmeti kimi qoyula bilər.
REAL-ın sonuncu parlament seçkisinə qatılmış üzvü seçkinin saxtalaşdırılması iddialarına rəğmən mandatı qəbul edib. Partiya öz üzvünün parlamentə getməsi qərarını dəstəkləməklə(yəni mandatın qəbulunu) seçkilərin qanuni nəticəsini yox, siyasi nəticəsini qəbul etdiyini bəyan edib və yeni millət vəkilinə "bir il sınaq müddəti verib". Bütün bunlar partiya lideri İlqar Məmmədovun ölkənin Avropa Şurasından çıxarılması üçün verdiyi 3 təqdimatın fonunda baş verib.
Hakimiyyətin Avropa Şurası İnsan Haqları Məhkəməsinin qərarı əsasında REAL-ın vaxtilə həbs olunmuş iki üzvünə maliyyə təzminatı ödəməsi və bəraət verməsi iqtidarın Avropa İttifaqı ilə strateji sazişlə bağlı danışıqlar apardığı və Avropa Şurasından gələn təzyiqlərin güclənməsi ilə eyni vaxta düşür.
Amma ölkə daxilində çoxları Erkin Qədirlinin mandat alması və digər məsələlərə (məsələn, təzminat) hakimiyyətlə ilkin danışıqların və güzəştlərin mükafatı kimi yanaşdı.
Partiya və digər hüquq müdafiəçiləri bunu, yəni iki REAL üzvünə təzminat ödənilməsi və barələrində bəraət verilməsini ədalətin bərpası kimi təqdir edərək təzminatın bir presedent yaradacağını deyirlər və vurğulayırlar ki, bu, digər oxşar qərarlara yol aça biləcək. Amma digər ekspertlər və siyasi-ictimai liderlər buna ayrı-seçkilik kimi yanaşır, hətta bunu "rüşvət" də adlandırırlar.
REAL-ın isə bu ittihamlara öz cavabı var: partiyanın rəhbəri İlqar Məmmədov öz Facebook hesabında yazıb ki, "hakimiyyətlə ilk təmasları bir neçə yeni görüş nəticəsində artıq dialoq mərhələsinə çıxıb" və hakimiyyətlə siyasi dialoq mövqeyini dəstəkləyən bir partiya isə "əsl siyasi düşüncə"si olan bir təşkilat kimi belə imkanı əldən verməz.
Bir çoxu xəbərdarlıq edib ki, hakimiyyətlə "oyuna girmək" təhlükəlidir.
Həqiqətən də REAL-ın beynəlxalq təşkilatlarda əlaqələri və təsiri partiyaya Əliyevlər hakimiyyəti ilə müəyyən sövdələşmə aparmaq gücü versə də, hökumətlə təmasların müəyyən dərəcədə "mükafatlandırılması" amili zaman keçdikcə təkrarlana və sonradan bu əməkdaşlığın gətirdiyi komfort və mükafatlardan imtina da çətinləşə bilər.
İndiyə kimi himayəçi və repressiv qurumlarını neftdən gələn dollarla bəsləyən siyasi sistem ölkənin əsas gəliri azaldıqca sarsılır.
Əslində dilemma yalnız o deyil ki, islahat olsun, ya olmasın, odur ki, bu islahatlar hakimiyyətin özünə təhlükə yaratmasın.
Prezidentin ölkənin gələcək siyasi düzəninə baxışı belə görünür: ölkəni mümkün qədər uzun müddətə idarə etmək, "narahat" müxalifəti zərərsizləşdirmək, əsaslı siyasi islahatlar aparmamaq və əvəzində beynəlxalq təşkilatlarda ölkənin imicini artıran parlaq intellektuallardan, islahat məsləhətləri verən ekspertlərdən ibarət "münasib" müxalifət formalaşdırmaq…
Bu, elitanın öz maraqlarına ciddi toxunmadan ölkəni modernləşdirmək baxışıdır, amma buna müvəffəq olmaq bir çox faktorlardan asılıdır.
Birincisi, ənənəvi müxalifəti "neytrallaşdırmaq" o qədər də asan məsələ deyil, çünki hələ də digərləri ilə müqayisədə daha geniş təşkilatlanıb, ölkə boyu sosial bazası var, hakimiyyətə münasibətdə prinsipial mövqe tutur - buna görə də hakimiyyət onu "radikal" adlandırır.
İkincisi, iş yerlərinin əhəmiyyətli ixtisarı, yetərsiz sosial yardım, artan böhran və inflyasiya səbəbi ilə narazıların sayı getdikcə çoxalır.
Üçüncüsü, Qərb siyasətçiləri ilə yaxşı əlaqələri olan gənc nəslin özünün ölkədə və xaricdə reputasiyasının zədələnəcəyindən narahatlılığına görə "münasib müxalifət" asan formalaşmaya bilər.
Dördüncüsü, REAL partiyasının liderlərindən biri, həm də iqtisadçı-ekspert olan Natiq Cəfərli dəfələrlə öz Facebook hesabında yazıb ki, iqtisadi sistemdə köklü islahatlar aparılmalıdır, amma o, həmçinin vurğulayıb ki, bunun üçün qanunların aliliyinə və məhkəmə müstəqilliyinə söykənən siyasi islahatlar lazımdır.
Məhkəmə hazırkı avtoritar sistemin əsas sütunlarından olduğundan hətta prezident, hakimiyyəti inhisarlaşdırsa və müxalifəti "neytrallaşdırsa" belə bunu etmək - yəni məhkəmələrə tam müstəqillik vermək hakimiyyət üçün problemlər yarada bilər.
Nəticələr
Pandemiya ilə yanaşı dünya bazarında neftin qiymətinin düşməsi neft faktorundan yüksək asılılığı olan bir ölkə lideri üçün ciddi çətinlik yaratmaqla bərabər həm də onu siyasi dilemma qarşısında qoyur: böhrandan dərin və həqiqi islahatlar üçün yararlanmaqmı, yoxsa sosial böhranı yumşaltmaq və eyni zamanda hakimiyyətin siyasi və iqtisadi inhisarını gücləndirmək üçün məhdud dəyişiklərə (hüquq və azadlıqları genişləndirmək hesabına) cəhd göstərməkmi?
İndiyə kimi rejim son on illiklər ərzində "islahatlar" bəhanəsindən siyasi hakimiyyəti möhkəmləndirməyə və "avtoritar modernləşdirmə" imitasiyasına müvəffəq olub, amma pandemiya nəticəsində ortaya çıxmış sosial problemləri hazırlıqsız qarşılayıb.
Dünya dövlətləri ilə müqayisədə Azərbaycana ayrılan dövlət yardımının cüzi məbləği, eləcə də bütün ehtiyacı olanlara verilməməsi göstərdi ki, hakimiyyət elitası belə vəziyyətlərdə öz vətəndaşının müdafiəsinə nə qədər hazırdır.
Böyük çətinliklər hələ irəlidədir- bir çox ekspertə görə, milli valyutanın devalvasiyası qaçılmazdır və bu, sosial narazılığın digər fazaya keçməsinə səbəb ola bilər.
2020-ci ilin böhranı hələ gələn il də davam edəcək. Hökumət neft qiymətlərinin yenidən artacağına bir az ümid etsə də ("Azeri light" aprelin 28-dən 17,03 dollara çatıb), gəlir əvvəlki kimi yüksək olmayacaq.
Hakimiyyət büdcə xərclərinə yenidən baxacaq, amma köklü islahatlar aparmamaq üçün digər alternativ yollar düşünə bilər.
Rəsmi Bakının öz imicini düzəltmək üçün daha gənc və Qərb ictimaiyyəti ilə əlaqələri olan gəncləri siyasi təmsilçilik qurumlarına gətirməsi ölkəyə daha çox beynəlxalq yardımlar, kreditlər, qrantlar cəlb olunmasına kömək edə bilər.
Aprelin 28-də Asiya Yenidənqurma İnkişaf Bankının rəhbəri ilə video konfransda Prezident İlham Əliyev qurumun yaşılllıq, suvarma kimi layihələrini dəstəkləməsinə maraq ifadə edib.
O cümlədən Koronavirusla Mübarizəyə Dəstək Fondu təcrübəsi gələcəkdə də belə hallar baş verərsə, hakimiyyətin böhrandan çıxmaq üçün başqa mümkün yollardan da istifadə edə biləcəyinə işarə edir.
Amma ölkədə resursların biznes və digər qurumların yenidən bölüşdürülməsi təhlükəli tarazlaşdırma aktıdır, çünki bu, müxalifətin elektorat bazasını əhəmiyyətli şəkildə artıra bilər.
Hərçənd bu resursların yenidən bölüşdürülməsinə davam etmək, yəni iqtisadi problemləri biznesin və digərlərinin maliyyəsi hesabına həll etmək cəhdi Prezident Əliyevin post-pandemiya dövründə üzləşə biləcəyi çətinlikləri daha da artıra bilər.









