İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verilib

Cümə axşamı Azərbaycan Ali Məhkəməsi Real lideri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verib. Azərbaycan hökuməti onlara 300 min manat civarında təzminat ödəyəcək.
Bu barədə BBC News Azərbaycancaya məlumat verən hər iki şəxsin vəkili Fariz Namazlı bildirib ki, "onlara təzminat qanunsuz həbsdə yatdıqları müddətə görə verilib".
Milli Məclisin deputatı Səməd Seyidov BBC News Azərbaycancaya bu qərarın Azərbaycanın məhkəmə sisteminin "müstəqil qərar vermək, obyektiv araşdırmaq və Azərbaycan Konstitusiyasına və qanunlarına əsasən nəticə çıxarmaq iqtidarında olduğunu göstərdiyini" deyib.
İlqar Məmmədov 2014-cü ildə İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş hadisələrə görə 7 il müddətinə həbs edilmiş və 4 il sonra şərti azadlığa buraxılmışdı.
Rəsul Cəfərov 2014-cü ildə vergidən yayınma, vəzifə səalahiyyətlərindən sui-istifadə, mənimsəmə, qanunsuz sahibkarlıqla məşğul olma ittihamları ilə 2014-cü ilin avqustunda həbs olunub və 2016-cı ilin martında isə əfvlə azadlığa çıxıb.
Avropa Məhkəməsi hələ ötən sentyabrda keçmiş 8 "siyasi məhbus"un həbsdən öncəki statusunun saxlanmasının təminatı ilə bağlı Azərbaycana dekabrın 31-dək vaxt vermişdi.
Vəkil Fariz Namazlı BBC News Azərbaycancaya deyib ki, həm İlqar Məmmədova, həm də Rəsul Cəfərova bütün ittihamlar üzrə bəraət verilib: "İlqar Məmmədova 234 min manat, Rəsul Cəfərova isə 57 min 200 manat qanunsuz həbsdə yatdığı müddətə görə kompensasiya təyin olunub".
Fariz Namazlı vurğulayıb ki, Ali Məhkəmə kompensasiyanı "özü təyin edib".
"Bəzən olur ki, ölkə daxilində bəraət veriləndə məhkəmə mənəvi kompensasiya təyin etmir ki, mülki mühakimə icraatı qaydasında iddia qaldır. Daha sonra məhbus gedib Maliyyə Nazirliyinə qarşı iddia qaldırır və orda məbləğ təyin olunur. Burada isə məhkəmə kompensasiyanı birbaşa özü təyin etdi".
Hüquq müdafiəçisi Rəsul Cəfərov BBC News Azərbaycancaya deyib ki, "nümayiş etdirilməli olan siyasi iradə göstərilib".
"Yaxşı hal oldu. Düzdür bir az gecikib, çünki Avropa İnsan Hüquqları Məhkəməsinin mənimlə bağlı çıxarılmış qərarından 4 il keçib. Amma yenə gec də olsa ədalət bərpa olundu və bunu irəliyə doğru atılmış addım kimi qiymətləndirirəm," - Rəsul Cəfərov bildirib.
"Bugünkü plenumun qərarı ilə həmin ittihamın irəli sürülməsini rəsmiləşdirən bütün - həm Bakı Ağır Cinayətlər Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsininqərarları və Ali Məhkəmənin özünün 2015-2016-cı illərdə verdiyi qərarlar hamısı tamamilə ləğv edilib və ümumilikdə cinayət ittihamlarına bəraətverici əsaslarla xitam verilib,"- hüquq müdafiəçisi əlavə edib.
"İki önəmli məqam"
Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov BBC News Azərbaycancaya deyir ki, bu qərarların verilməsində siyasətçi kimi onun üçün iki önəmli məqam var:
"Birincisi, Azərbaycan məhkəmə sistemi hər hansı araşdırmada obyektiv və Konstitusiyanın prinsiplərini aparmağa, onun düzgün və reallığı əks etdirən məsələləri özündə ehtiva edən qərarlar vermək iqtidarında olduğunu bir daha sübut etdi.
İkincisi isə onu göstərdi ki, yalnız məhkəməyə yox, ümumilikdə Azərbaycana nə qədər çox təzyiq göstəriləcəksə, bu məsələlərə hər hansı formada müdaxilə etmək cəhdləri olacaqsa, həmin o cəhdləri edən və təzyiq göstərən qurumlar, təşkilatlar və insanlar həm prosesi gərginləşdirəcəklər, həm də özləri-özlərini çətin vəziyyətə qoyacaqlar, deputat deyib.
Cənab Seyidov ara-sıra Avropa Şurasının bəzi məruzəçilərinin Azərbaycana "yerli-yersiz təzyiqlərini" xatırladaraq deyir ki, "bu şəxslər gözlədiklərinin əksinə özlərini pis vəziyyətə qoyublar".
"Bu, əlaqələri konstruktiv dialoq formasında aparmaq niyyətində olan Azərbaycanın bu niyyətini kənara qoymasına səbəb oldu. Konfrontasiya yaratdılar. Məsələni gərginləşdirdilər, nəticədə isə heç nə əldə edə bilmədilər. Ancaq biz bu gün görürük ki, məhkəmə bu qərarları çıxararaq, həm Konstitusiyanın, həm də Azərbaycanın beynəlxalq sazişlərə uyğunluğunu və öhdəliklərini ən yüksək səviyyədə yerinə yetirir", deyə Səməd Seyidov Azərbaycanla bağlı hazırlanan hesabatları nəzərdə tutur.
Səməd Seyidov keçmişdəki həbs qərarlarının Azərbaycana zərər vurması və həm də əleyhinə işləyib-işləməməsi ilə bağlı deyib ki, "Azərbaycan xalqının, hökumətinin əleyhinə işləyən, ona təzyiq göstərmək istəyən qüvvələrdir. AİHM-in yerinə yetirilməmiş qərarlarının siyahısına baxsanız görərsiniz ki, heç bir qərarı yerinə yetirməyən ölkələr var. Azərbaycan öz öhdəliklərinə hörmətlə yanaşır", deputat Seyidov deyib.
Cənab Seyidov Azərbaycanın Avropa Şurası qarşısında öz öhdəliklərini yerinə yetirdiyini bildirərək, bəraət almış şəxslərin kompensasiyalarının ödənəcəyini də vurğulayıb.
Rəsul Cəfərova qarşı hansı ittihamlar irəli sürülmüşdü?
2014-cü ildə Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətlərinə açılmış ümumi cinayət işi çərçivəsində Rəsul Cəfərova qarşı ittihamlar irəli sürülərək barəsində həbs-qətimkan tədbirləri seçilib.
Ona qarşı irəli sürülmüş ittihamlar iqtisadi cinayətlər - vergidən yayınma, vəzifə səalahiyyətlərindən sui-istifadə, mənimsəmə, qanunsuz sahibkarlıqla bağlı olub.
Rəsul Cəfərova 6 il 6 ay həbs cəzası verilib, o bu müddətin 1 il 8 ayını həbsdə keçirib.
Onun həbsi bir sıra beynəlxalq təşkilat nümayəndələri tərəfindən tənqidlə qarşılanmışdı.
İlqar Məmmədova qarşı hansı ittihamlar irəli sürülmüşdü?
İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunmuşdu.
O, 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.
2014-cü ildə, o, 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014 və 2017-ci illərdə Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə bağlı iki hökmü olub.
2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilib. Avropa Şurası Nazirlər Komitəsi, Avropa Parlamenti və digər beynəlxalq hüquq təşkilatları Azərbaycan hakimiyyətini cənab Məmmədovu azad etməyə çağırıb.
O 2018-ci ilin avqustunda şərti azadlığa buraxılmışdı.
Azərbaycan hüquq müdafiəçiləri Avropa Şurası Nazirlər Komitəsinin "Avropa Konvensiyasının öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı işə ilk dəfə baxdığını" bildirmişdilər.
Həm Rəsul Cəfərov, həm də İlqar Məmmədov onlara qarşı irəli sürülmüş ittihamlar qəbul etməyiblər.






