İlham Əliyev: “Elmar Məmmədyarov ayın 12-də harada idi?”

Şəklin mənbəyi, Azertag
Azərbaycan Prezidenti bu gün Nazirlər Kabinetinin iclasında Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazılıq ifadə edib.
"…Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik…Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi?", deyə prezident sual edib.
O, bir çox güc strukturları nazirlərinin Azərbaycan və Ermənistan ordusu arasında vuruşma baş verdiyi tarixdə - iyulun 12-də iş başında olduğunu, ancaq Xarici İşlər naziri Elmar Məmmədyarovun evdən işlədiyini təsbit etdiyini bildirib.
"Mən Xarici İşlər nazirini tapa bilmədim", cənab Əliyev deyib və əlavə edib ki, nazirin harada olması bardə Baş Nazir Əli Əsədovdan soruşub.
İlham Əliyev - Sənə nə dedi? De.
Əli Əsədov: Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm.
İlham Əliyev: Necə, evdən işləyirəm?
Əli Əsədov: Bəli, dedi ki, evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et - Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur.
İlham Əliyev: Aydındır. Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. Ancaq biz hamımız - həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq.
Prezident hesab edir ki, Azərbaycanın diplomatik fəaliyyəti səmərəli olmayıb və o, bunun günahını Xarici İşlər Nazirliyində görür. "Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!"
Elmar Məmmədyarovun Prezident Əliyevin bu sözlərinə reaksiyası məlum deyil.
Prezident eyni zamanda Ermənistan Baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" sözlərinə Xarici İşlər Nazirliyinin cavab verməməsindən qəzəbini ifadə edib. "Mən buna cavab verirəm. Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm, Azərbaycan xalqı da eşitməyib. Bunu, ilk növbədə, kim etməlidir? Xarici İşlər Nazirliyi, susur".
O, XİN-in Ermənistanla Covid19-la mübarizə məsələsində əməkdaşlıq etdiyinə işarə vuraraq deyib: "Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Sən demə, COVID müzakirə olunur. Yəni, biz COVID-lə bağlı erməni işğalçılara köməklikmi göstərməliyik?!"
Bir neçə həftə bundan əvvəl Azərbaycan XİN-də DTX tərəfindən əməliyyat keçirilərək, yüksək rütbəli rəsmilər fəaliyyətindən sui-istifadə etmək və korrupsiya ittihamları ilə həbs olunublar.








