İlham Əliyev hakimiyyətində kadrlar niyə çıxarılır və həbs edilir?

Şəklin mənbəyi, AFP
- Müəllif, Leyla Əliyeva
- Vəzifə, Təhlilçi, Oxford Universiteti
Azərbaycanda bürokratların işdən çıxarılması və həbs edilməsi ötən ilin dekabrında regional icra hakimiyyəti başçılarından başlayıb. Bunun ardınca, rəsmi elitanın bəzi tanınmış şəxslərinin həbsi ilə yanaşı, yüksək səviyyəli bürokratiyada bir sıra korrupsiya qalmaqalları baş verib.
Təəccüblüdür ki, Mədəniyyət Nazirliyində, Dövlət Sərhəd Qoşunları Xidmətində, Xarici İşlər Nazirliyində yaranmış bu qalmaqallar nisbətən peşəkar, prezident çevrəsinə yaxın və beynəlxalq səviyyədə tanınmış nazirləri əhatə eləyib. Bu sırada ən sonuncu hadisə isə tanınmış siyasi fiqur, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir, keçmiş baş prokuror Eldar Həsənovun maliyyə mənimsəməsi ittihamı ilə həbsi olub.
Xarici İşlər Nazirliyindəki həbslərdən başqa, nazir Elmar Məmmədyarov keçmiş təhsil naziri Ceyhun Bayramovla əvəz olunub.
Son vaxtlardakı həbslərlə və intensiv kadr dəyişikləri ilə bağlı aydın siyasi məqsədlər və şəffaf mexanizmlər təqdim edilmədiyindən, baş verənlər ictimaiyyətdə çoxlu şərhlərə və müzakirələrə rəvac verib.
Sistemin nasazlığının əlamətləri
Neftlə zəngin olan Azərbaycanda iyirmi ildən çoxdur ki, iqtisadiyyat və siyasət arasında tədricən və ardıcıl olaraq bir qovuşma prosesi gedirdi və iri kapital rəsmi elitanın əlində cəmləşəndə bu qovuşma tamamlanmış kimi göründü. Ölkənin siyasi sisteminin özəyini isə tabeçilikdə olanların loyallığı müqabilində "mükafatlandırma" sisteminə əsaslanan qeyri-formal münasibətlər toplusu təşkil edirdi.
Başqa sözlə desək, bu, neft dollarları ilə qidalanan və rəsmi strukturlarda himayədarlıq münasibətləri halında özünü göstərən hakimiyyət vertikalı idi.
Üstəlik, bu, 2000-ci illərin əvvəllərindən bəri beynəlxalq reytinqə görə, "avtoritar" və ya "azad olmayan" kimi təsnif edilən hakimiyyətdə avtokratik nizamı təmin edən güclü repressiv aparatla birləşmişdi.
Lakin neft gəlirlərinin azalması ilə bu sistemin dağılması əlamətləri özünü göstərməyə başlayıb. Kadrlar və təsisatların əsas xüsusiyyətləri peşəkarlıq yox, loyallıq olduğu üçün, məsələn, təhsil və səhiyyə kimi dövlət xidmətlərinin keyfiyyəti getdikcə pisləşir.
Cəmiyyət qarşısında deyil, "patron" (rəis) qarşısında cavabdehlik daşıdığından deqradasiya edən idarəetmə bərabərsizliyə, bürokratların özbaşınalığına, insan hüquqlarının pozulmasına səbəb olub ki, bu da öz növbəsində əhalinin həyat keyfiyyətinə və azadlıqlarına təsir göstərib.
2005-ci ildə Hacı Məmmədovun rəhbərlik etdiyi qrupla bağlı Daxili İşlər Nazirliyi və 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi kimi mühüm strukturlarda, hətta nazir Eldar Mahmudovun işdən çıxarılmasına və MTN-in ləğvinə gətirib çıxarmış korrupsiya və mütəşəkkil cinayətkarlıq qalmaqalları pis idarəetmənin və Əliyev hakimiyyəti üçün çətin sınağın növbəti siqnalları idi.
Sistemin nasazlığının ən son nümayişi Deltares şirkəti tərəfindən su resurslarının qiymətləndirilməsi layihəsinin dayandırılması və maliyyə vəsaitinin verilməməsinin səbəbi barədə iki rəsmi şəxsin prezident Əliyevə ziddiyyətli informasiya çatdırması oldu. Müqavilə çoxdan bağlansa da, layihə yerinə yetirilməmişdi və həmin iclasda lazım olan vəsaitin hansı qurum tərəfindən ayrılmalı olması məsələsi iki nazir arasında mübahisə predmetinə çevrildi.
Bu "patronaj" sistemində benefisiarlar olan nazirlər, onların qohumları və yaxın dostları dövlət müqavilələri vasitəsilə neft gəlirlərini primitiv şəkildə bölüşdürürdülər.
Neft hasilatının azalması nəticəsində (Turan agentliyinin məlumatına görə, bu il ARDNF-in gəlirləri 2011-ci ildəki ən yüksək göstərici ilə müqayisədə üç dəfədən çox azalıb) genişləndirilmiş aparat/məmur-oliqarx şəbəkəsi və onların daim artan maddi ambisiyalarının səviyyəsi nəzərə alınsa, patron-müştəri sisteminin təmin olunması çətin bir vəzifəyə çevrilib.
İqtisadçı ekspert Qubad İbadoğlu sosial mediadakı hesabında yazıb ki, "ARDNŞ-in 12 vitse-prezidenti, onların şöbələrinə və köməkçilərinə dəstək həddindən artıq baha başa gəlir, lakin onları sayı azaldılmır, əksinə, ARDNŞ-nin vəziyyəti pisləşdikcə, onların sayı artır".
Bu xərclərin əhəmiyyətli dərəcədə azaldılması tələb olunur.
Sistemdəki uğursuzluq COVID-19 pandemiyasının yaratdığı iqtisadi problemlərə görə daha qabarıq görünüb.
Bəzi məmurların vəzifədən azad olunmasına və həbslərinə təsir edən digər bir amil hakimiyyətə əsas təhdidin müxalifətdən deyil, elitanın daxilindən gələcəyi barədə hakimiyyətin üst səviyyəsində uzun müddətdir ki, formalaşmış yanaşmadan doğub.
Elə 2005-ci ildə iki nazirin - səhiyyə naziri Əli İnsanovun və iqtisadi inkişaf naziri Fərhad Əliyevin uzun müddətlik həbsi də dissidentlik etmək istəyən hər bir məmura xəbərdarlıq olmalı idi.
Lakin zaman keçdikcə, müxtəlif qrupların zənginləşməsinə səbəb olan resursların bölüşdürülməsi sistemi mərkəzi hakimiyyətə daha böyük təhlükə kimi qiymətləndirilməyə başlayıb.

Şəklin mənbəyi, President.az
Kapitalın mərkəzsizləşdirilməsi təhlükəsi: oliqarxların hədəfə alınması
Postsovet məkanında hakimiyyət dəyişikliyi təcrübəsindən görünürdü ki, avtokratik rejimlərdə dəyişiklik ehtimalı avtokrat liderlə müqayisə oluna bilən və ya bu səviyyəyə yaxın olan iqtisadi güc mərkəzlərinin mövcudluğu ilə bağlıdır.
Məsələn, hakimiyyətin yüksək mərkəzləşdirildiyi Türkmənistan və ya Özbəkistanla müqayisədə Ukraynada bir sıra oliqarxların əlində cəmlənmiş, nisbətən mərkəzsizləşdirilmiş kapital orada siyasi dəyişiklərin ehtimalının daha yüksək olmasına şərait yaratmışdı.
Azərbaycanda icra hakimiyyəti başçılarından başlayan bürokratların vəzifədən azad edilməsi bir çox müşahidəçilər tərəfindən klanlararası mübarizə kimi də yozulur.
Bundan əvvəl "boz kardinal" Ramiz Mehdiyev və onun müavini Əli Həsənov vəzifələrindən azad edildilər. Ekspertlər bunu Ramiz Mehdiyevlə əlaqəli klanı və ya Paşayevlər klanının özünə rəqib saydığı "köhnə qvardiyanı" zəiflətmək cəhdi kimi qiymətləndirdilər.
Bundan əvvəl, 2017-ci ildə nəqliyyat naziri Ziya Məmmədov və vergilər naziri Fazil Məmmədov kimi iqtisadi nəzarət və təsir sahəsindən məhrum olan oliqarx-nazirlər işdən çıxarıldı.
Hər ikisinin milyardlarla dollar dəyərində mülkləri və müəssisələri barədə iddialar tükənmirdi.
Sosial şəbəkələr və araşdırmaçı jurnalistlərin yazıları bu məmurların rəsmi gəlirlərindən qat-qat böyük olan sərvətlərini üzə çıxarmışdı.
Oliqarxların imkanlarını əllərindən almaq və onları gənc kadrlarla əvəz etmək, beləliklə, əsasən iki məqsəd daşıyırdı: loyallığın mərkəzdən konkret oliqarxlara tərəf yönəlməsinin qarşısını almaq və avtoritar liderin nəzərincə, onun hakimiyyəti üçün təhlükə kəsb edən oliqarxı iqtisadi gücdən məhrum etmək.
Bütün dövlət konsernlərinin bir holdinqdə birləşdirilməsi haqqında 7 avqust tarixli prezident fərmanını da elə bu kontekstdə izah etmək olar: oliqarxların imkanlarının əlindən alınması və vəsaitlərin mənimsənilməsinə imkan verən əsas kanallar üzərində mərkəzləşdirilmiş nəzarətin yaradılmasına doğru növbəti bir addım atılıb.
Prezidentin rəsmi çıxışları onun hazırkı vəziyyətdən nə dərəcədə narazı olduğunu göstərir.
Onun çıxışlarında müxalifət partiyalarının tənqidi üstünlük təşkil etsə də, o, məmur səmərəsizliyi və korrupsiya probleminə də toxunub.
Belə ki, may ayının əvvəlində yeni Baş prokurorla görüşdə rayon icra hakimiyyəti başçılarının həbsindən danışarkən o, korrupsiyaya qarşı mübarizənin vacibliyini və "heç kəsin məsuliyyətdən qaça bilməyəcəyini" vurğulayıb, daha sonra isə bəyan edib ki, "heç kəs qanundan üstün ola bilməz və Azərbaycan cəmiyyəti korrupsiyadan, rüşvətxorluqdan azad olmalıdır".
Ən son tənqid avqustun 6-da AZAL və SOCAR kimi iri dövlət şirkətlərinə həsr olunmuş rəsmi çıxışda səslənib.
O bu şirkətlərin "iqtisadiyyatımızı aşağı çəkdiyini" bildirib. O, eləcə də özəlləşdirmənin zəruriliyindən və sərmayələrin stimullaşdırılması üçün onları simvolik qiymətə satılmasının mümkünlüyündən də danışıb.
Prezidentin iqtisadiyyatın liberallaşdırılması barədə çıxışına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Turan informasiya agentliyinə bunu iqtisadi təzyiqlər və dövlət müəssisələrinin korrupsiya səbəbindən gəlirsiz işləməsi kimi izah edib.
Nəticələr
Kadr dəyişikliyi və bürokratik səviyyədə "təmizləmə" - bu, prezidentin həm daxili, həm də qlobal hadisələri dərk etməsindən xəbər verir.
Bu o zaman baş verir ki, bərpa olunmayan resursların əvvəlki əhəmiyyətinin aşağı düşməsi nəhəng neft korporasiyalarını öz strategiya və siyasətini dəyişməyə vadar edir və enerji resurslarının xarici siyasətdə aləti kimi əhəmiyyətini zəiflədir.
Ölkə daxilində bu, patronaj siyasi sisteminin əsasında duran, lakin rəsmi elita səviyyəsində qeyri-rəsmi gəlirin mərkəzsizləşdirilməsinə gəririb çıxaran neft hasilatının azalması dövrünə təsadüf edir.
Bu, mərkəzləşdirilmiş nəzarəti və dövlət idarəçiliyinin səmərəliliyini zəiflədən sistem nasazlığının əlamətləri ilə üst-üstə düşür.
Kadrlar sistemindəki dəyişiklər və həbslər bir neçə hədəfə zərbə vurur - ilk növbədə korrupsiya və korrupsiyalaşmış məmurlara qarşı ciddi mübarizə təəssüratı yaranır, amma bununla yanaşı, iyerarxiyanın özünün maraqlarına toxunulmur.
Bu, həmçinin "islahatlar" niyyətini və bürokratiyanın peşəkarlığına səbəb ola biləcək texnokratların təyin edilməsi istəyi kimi görünür.
Ancaq digər tərəfdən, yeni təyin olunmuşlara əvvəlki dövrün bitdiyini və varlanma imkanlarının daha az olacağı barədə bir siqnal göndərilir.
Hakimiyyətin inhisarlaşması prosesi fonunda yeni seçkilərə hazırlığın getdiyi istisna edilmir, bu da ən yuxarı səviyyədə nəzarəti gücləndirən bürokratik strukturun "təmizlənməsinin" qanuniləşdirilməsinə kömək edəcək.
Hazırlana biləcək mümkün ssenarilərdən biri dövlət mülkiyyətinin və "mavi çiplərin" (ən mühüm şirkətlərin) özəlləşdirilməsi və həmçinin prezidentin və onun çevrəsinin iqtisadiyyat və siyasət üzərində tam nəzarətini təmin edən seçkilərin keçirilməsidir.
Belə olan təqdirdə, hətta rəhbərlikdə fərdi dəyişiklik olsa belə, bu, hakimiyyətin mahiyyətini dəyişməyəcək.
Bununla yanaşı, hakimiyyətin inhisara alınması, eyni zamanda əlavə problemlər yaradır, çünki bu, daha cox məsuliyyət deməkdir.
Üstəlik, yeni idarəetmə prinsipləri tətbiq edilmədiyi təqdirdə korrupsiya hökm sürməyə davam edəcək.
İqtisadiyyatın "liberallaşdırılması" rəqabətli mühitin yaranmasına kömək etmək əvəzinə, hakimiyyətin dar çevrəsinə xeyir verəcək ki, artıq buna işarə edən müəyyən əlamətlər var.
Patronajın ləğvində ilk və vacib addım "loyallıq müqabilində mükafat" prinsipinin şəffaflıq və hesabatlılıq, parlament nəzarəti və ictimai nəzarət ilə əvəzlənməsi olardı.
Bu istiqamətdə ilk addım xalqın adından çıxış etmək və ona hesabat vermək üçün azad və ədalətli seçkilərdə cəmiyyətin mandatını almaqdır.
Belarusda baş verən son hadisələr göstərir ki, bunsuz, hətta Azərbaycanla müqayisədə daha çox sosial yönümlü siyasət yürüdən və "sabit" görünən avtokratiyalar da bəlli bir sonluqdan qaça bilməyəcək.









