Azərbaycan: hökumət islahatlara başlayır?

Azərbaycanda 3 dövlət qurumu ləğv edilir, 2-si yaradılır, 6-sı isə yenidən təşkil olunacaq. Prezident İlham Əliyev bu barədə fərman verib.
Dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədi ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu, həmçinin Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, prezident.az saytında bildirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılacaq.
Prezident fərmanı əsasında Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" ASC-nin yaradılması nəzərdə tutulur.
Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə belə qərar verilib, fərmanda göstərilib.
Həmçinin Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirməyə keçir.
Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın və Tarif Şurasının katiblikləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının işçi qrupları ləğv edilir.
Fərmanda göstərilir ki, onların fəaliyyəti ictimai əsaslarla tənzimlənəcək.






