Azərbaycan: sərt karantin rejimi ləğv olunan bölgələrdə nə dəyişib?

Şəklin mənbəyi, Resul Rehimov/Anadolu Agency via Getty Images
Azərbaycanda avqustun 31-də bəzi bölgələrdə koronavirus pandemiyasına görə elan edilmiş sərt karantin rejimi ləğv edilib, xüsusi karantin rejimi isə bir ay uzadılıb.
Bəs, bu nə deməkdir? Hansı qaydalar qüvvədə qalır, hansılar ləğv edilir? BBC News Azərbaycanca bu suallara cavab axtarıb.
Sərt karantin rejimi harada ləğv edilib, harada qalıb?
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları avqustun 31-dən sərt karantin rejimi zonasından çıxarılıb. Bu bölgələrdə xüsusi karantin rejimi davam edir.
Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi qüvvədə qalmaqdadır.
Toy, nişan, yas mərasimləri
Daxili İşlər Nazirliyi bildirib ki, toy, nişan, yas mərasimləri, eləcə də kütləvi tədbirlərin keçirilməsi ölkə üzrə - yəni, bölgənin sərt və ya xüsusi karantin rejimində olmasından asılı olmayaraq, qadağandır.
Bu qaydaları pozanlar üçün nəzərdə tutulan cəzalar ölkə üzrə qüvvədə qalmaqdadır.
Kafe və restoranlar: açıq, yoxsa qapalı məkan?
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində qapalı kafe və restoranların fəaliyyətinə icazə verilir, Daxili İşlər Nazirliyi bildirib.
Bu zaman müştərilər sosial məsafə qaydalarına əməl etməli və qida qəbulu istisna olmaqla maskadan istifadə etməlidirlər.
Bundan başqa, masalar arasındakı sosial məsafə və sanitar-epidemioloji qaydalar gözlənilməlidir.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək həyata keçirilir. Bu bölgələrdə qapalı məkanların müştərilərə yerində xidmət verməsi qadağandır.
Ölkə üzrə bütün ictimai iaşə obyektrlərində sosial məsafə saxlanılmaqla bir masa arxasında 6 nəfər əyləşə bilər.
Şəhər və rayonlararası gediş gəliş, həftəsonu ictimai nəqliyyat
Həftəsonu ictimai nəqliyyatın hərəkətı ölkə üzrə dayandırılır. Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadası istisna olmaqla şəhərlərarası və rayonlararası gediş-gəliş açıqdır. Daxili İşlər Nazirliyi bu üç bölgə istisna olaraq digər rayon və şəhərlərə şəxsi nəqliyyat vasitələri ilə hərəkətə icazə verildiyini bildirir.
İri mollar, idman-əyləncə mərkəzləri
İri ticarət mərkəzləri, mollar, idman və əyləncə mərkəzlərinin fəaliyyəti ölkə üzrə qadağandır. Bu qadağalar sərt karantin rejiminin ləğv edildiyi bölgələrdə də qüvvədə qalır.
Qapalı yerlərdə maska taxmaq qaydası harada qüvvədə qalır?
Ölkə üzrə bütün bölgələrdə qapalı yerlərdə maska taxmaq tələbi qalmaqdadır. Buna görə nəzərdə tutulmuş cərimələr də qüvvədə qalır.

Şəklin mənbəyi, AzerTAC
Sonuncu karantin yumşalması nə vaxt olub?
Avqustun 10-dan sərtləşdirilmiş karantin rejiminin qüvvədə olduğu rayon və şəhərlərdə bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edilmişdi.
Bu barədə Nazirlər Kabineti qərar vermişdi.
Qərarda Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 10 avqust saat 00.00-dan etibarən aşağıdakı sahələrin fəaliyyətinə icazə verilmişdi:
Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi, qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti, maşın və avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, sair nəqliyyat vasitələrinin istehsalı, poliqrafiya məhsullarının istehsalı, zərgərlik məmulatlarının istehsalı, musiqi alətləri, idman mallarının istehsalı, geyim istehsalı, toxuculuq sənayesi, ayaqqabıların istehsalı, dəri və dəri məmulatlarının istehsalı, tütün məmulatlarının istehsalı, sair sənaye məhsullarının istehsalı.
Bundan başqa bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər də ləğv edilir:
Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri, tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri, onlayn satışlar, kimyəvi təmizləmə, mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri, heyvan sığınacaqları, tərcümə xidmətləri.
Bundan əlavə, sərt karantin tətbiq edilən ərazilərdə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirildiyi açıqlanıb.
- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;
- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;
- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.
BBC News Azərbaycancanın icmalında başqa xəbərlər
Prezident İlham Əliyev iyulun 7-də dövlət şirkətlərinin bir qurumdan idarə edilməsi üçün Azərbaycanda İnvestisiya Holdinqinin yaradılması ilə bağlı fərman imzalayıb. Dövlət İmtahan Mərkəzi 2 gün dalbadal ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarına başlayır. SOCAR-ın zavodundakı yanğında 7 nəfər xəsarət alıb.
Yeni İnvestisiya Holdinqində nə olacaq?
Prezident fərmanı ilə cümə günü yaradılan Azərbaycan İnvestisiya Holdinqi dövlət müəssisələrinin idarəsi və onun fəaliyyətinin sağlamlaşdırılması ilə məşğul olacaq.
Publik şəxs olacaq qurumun öhdəsinə qoyulan vəzifələr arasında dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını idarə etmək var.
O cümlədən qurum dövlət müəssisələrinə dövlətin ayırdığı investisiyalardan səmərəli istifadəyə nəzarət edəcək və dövlət müəssisələrinin özəlləşdirilməyə (tam və ya qismən) hazırlanmasında iştirak edəcək.
Azərbaycan İnvestisiya Holdinqinin nizamnamə kapitalı 10 milyon manatdır.
Bundan bir gün əvvəl prezident İlham Əliyev SOCAR, AZAL kimi dövlət müəssisələrini hələ də dövlət büdcəsindən maliyyələşməkdə ittiham etmişdi. Cənab Əliyev dövlət şirkətlərinin sanki "sosializm iqtisadi modelində" işlədiyini vurğulamışdı.

Şəklin mənbəyi, Getty Images
Ali məktəblərə qəbul başlayır
Dövlət İmtahan Mərkəzi avqustun 13 və 14-də cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirir.
Bu tarixdə digər ixtisas qrupları üzrə zəruri sayılan imtahanlar da keçiriləcək.
Dövlət İmtahan Mərkəzi bildirir ki, imtahanlar ölkənin müxtəlif ərazilərində iki gün dalbadal keçiriləcək.
Qurum bildirir ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün abituriyenti yalnız bir nəfər müşayiət edə bilər.
Yeni qaydaya görə, abituriyentə "İmtahana buraxılış vərəqəsi" ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb.
İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. II və III ixtisas qrupu üzrə imtahan verənlərin buraxılış vərəqələri artıq sayta yerləşdirilib.

Şəklin mənbəyi, APA
Yanğında 7 nəfər xəsarət alıb
Sumqayıtda SOCAR-ın Etilen-Polietilen zavodunda yanğın olub, 7 nəfər xəsarət alıb.
TƏBİB-dən BBC News Azərbaycancaya bildirilib ki, xəsarət alanlardan bir nəfər ambulator xidmət göstərilərək evə buraxılıb, digərləri Bakıda 5 saylı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sözçüsü İbrahim Əhmədov BBC News Azərbaycanca deyib ki, hadisə istehsalat prosesi zamanı baş verməyib.
Onun sözlərinə görə, zavodda 3 gündür ki, işlər dayandırılıb və zavodda təmir işləri aparılır.
"Podratçı şirkət işləyir orda. Ehtimal edilir ki, podradçı tərəfindən aparılan qaynaq işləri zamanı alışma olub. Görünür, bu zaman hansısa maddə alışıb. Amma bu, ilkin ehtimallardır. Alışma qısamüddətli olub. Zavoda hər hansı zərər dəyməyib. Xəsarət alanlardan bəziləri zavodun, bəziləri podratçı şirkətin əməkdaşlarıdırlar".
Fövqəladə Hallar Nazirliyi bu gün saat 12.30-da SOCAR-ın "Azərkimya" İB-nın Etilen-Polietilen zavodunda yanğın baş verməsi barədə məlumat yayıb.
FHN bildirib ki, yanğın söndürülüb.










