Azərbaycanda məktəblərdə dərslər əyani və distant olacaq: Valideynlərə seçim haqqı verilir

məktəb

Şəklin mənbəyi, Təhsil Nazirliyi

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda məktəblərdə dərslər əyani olaraq həftədə 2 dəfə keçiriləcək.

Təhsil Nazirliyinin yaydığı məlumatda həmçinin bildirilir ki, əyani formada dərslər digər şəhər və rayonlarda həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun olaraq təşkil olunacaq.

Bundan başqa, siniflərdən asılı olaraq dərslərin başlama tarixi və forması da müəyyənləşib:

  • I-IV siniflərdə dərslər sentyabrın 15-dən əyani və distant (məsafədən),
  • V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən),
  • X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən).

Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər, Nazirlik bildirib.

Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək.

Dərs cədvəllərinin tərtibatı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək.

Sentyabrın 11-dən təhsil müəssisələri ibtidai sinif şagirdlərinin valideynlərinə övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumat verə biləcəklər.

Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də virtual dərs cədvəlləri bu tarixdən müəyyənləşəcək.

Dərslər sentyabrın 15-də başlayacaq

Azərbaycanda ali və orta məktəblərdə yeni tədris ili sentyabrın 15-də başlayacaq, təhsil naziri Emin Əmrullayev bildirib.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə axşamı keçirdiyi brifinqində bildirib ki, onların təkliflərinə görə, sentyabrın 15-dən ibtidai siniflərdə dərslərin həftədə 2 və ya 3 dəfə məktəbdə keçirilməsi nəzərdə tutulub. Nazir qeyd edib ki, ibtidai siniflərdə 650 mindən çox şagird var ki, onlardan da 250 mindən çoxu epidemoloji vəziyyəti həssas olan Bakıda və Abşeron rayonunda yaşayır.

Emin Əmrullayev bildirib ki, təkliflərə görə, V-XI sinif şagirdləri sentyabrın 15-də dərslərə onlayn şəkildə başlayacaq, oktyabrın 1-də isə epidemoloji vəziyyətdən asılı olaraq, onlar məktəbə tədricən qayıdacaqlar. hələlik bu, həftədə 2 ya 3 dəfə nəzərdə tutulub.

Nazir vurğulayıb ki, əgər epidemoloji vəziyyət uyğun olarsa, oktyabrın 15-dən X-XI sinif şagirdlərinin məktəbə qayıtmasını planlaşdırırlar.

Emin Əmrullayev bildirib ki, əgər hansısa ailədə kiminsə qızdırması varsa, şagirdin məktəbə gəlməməsinin tərəfdarıdırlar.

"Valideynlərin hüququ var ki..."

"Distant təhsil paralel davam etdirildiyinə görə, valideynlərin uşaqların məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu, seçimin valideynlərə verilməsi qaydası baş verəcək,"- nazir deyib.

Nazir deyib ki, sentyabrın 15-dən, epidemoloji vəziyyət şərait verərsə, uşaq bağçalarının fəaliyyətinin bərpası nəzərdə tutulur.

Oktyabrın 1-dən məktəbəhazırlıq qruplarında da dərslər bərpa olunacaq. "Amma siniflər qruplara bölünəcək və növbəli şəkildə həftədə 2 dəfə məktəbə gələcəklər".

I kurs tələbələri ali məktəbə gedə biləcəklər

"Sentyabrın 15-dən başlayaraq ali təhsil müəssisələrinin distant qaydada fəaliyyətinin bərpa edilməsi planlaşdırılır,"- nazir qeyd edib.

O əlavə edib ki, I kursa qəbul olan tələbələrin oktyabrın 1-də tanışlıq məqsədi ilə universitetə gəlməsi planlaşdırılır:

"Oktyabrın 15-dən etibarən müvafiq ixtisaslar üzrə qismən əyani təhsil təşkil edilə bilər".

Azərbaycanda yeni tədris ili hər il sentyabrın 15-də başlayır.

Bu il ölkədə koronavirusa görə elan edilən karantin rejiminə görə, mart ayından ali və orta məktəblərdə tədris dayandırılmış və İnternet üzərindən tədrisə davam edilmişdi. 

Ölkədə hələ də koronavurusa yoluxma halları azalmayıb.