Koronavirus: Azərbaycan xəstəxanalarında həkim çatışmazlığı varmı?

hekim

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

Koronavirus epidemiyası ilə mübarizə aparan Azərbaycan əhalisinin hər 10 min nəfərinə 32 həkim, 54 tibb işçisi düşür. Bu, Statistika Komitəsinin yanvarın 1-nə olan məlumatıdır.

2019-cu ildə ölkədə gigiyena-epidemioloq həkimlərin sayı 2010-cu illə müqayisədə 564 nəfər azalaraq 933 nəfər olub.

Hazırda əhalinin hər 10 min nəfərinə 0,9 nəfər gigiyena-epidemioloq düşür.

Ancaq koronavirusa yoluxmuş xəstələrin müalicəsinə nə qədər həkimin cəlb olunması ilə bağlı açıqlama verilmir.

TƏBİB-in sözçüsü Rəvanə Əliyeva BBC News Azərbaycancaya deyib ki, hazırda "onun əlində belə statistika yoxdur".

Sosial mediada koronavirusa özü və ya yaxını yoluxmuş bəzi şəxslər xəstəxanalarda həkim çatışmazlığından narazılıq edirlər.

Rəvanə Əliyeva həkim çatışmazlığını təkzib edir, amma deyir ki, yoluxanların sayı artdıqca, belə ehtiyacların yaranması "normaldır".

Azərbaycanda son iki ayda koronavirusa yoluxma halları kəskin artıb və ölkənin bəzi şəhər və rayonlarında sərt karantin rejimi elan edilib.

"Həkim çatışmazlığı təbii haldır"

Azərbaycanda koronavirusa yoluxma sayı kəskin şəkildə artmağa başladıqdan sonra sosial mediada COVİD-19-a özü və ya yaxınları yoluxan şəxslərin xəstəxanalardakı vəziyyətlə, o cümlədən həkim çatışmazlığı ilə bağlı şikayətlər eşidilir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla hazırkı vəziyyətdə həkim çatışmazlığını mümkün sayır. Onun sözlərinə görə, tibb işçilərinin sayı əhalinin böyük əksəriyyətinin eyni vaxtda xəstələnmə ehtimalına hesablanmayıb:

"Yəni, bunun bir sovet standartı var. Xəstələnən insanlar gəlib müalicə alırlar. Bu say əhalinin heç olmasa 30 faizinin və daha çox hissəsinin xəstələnməsinə hesablanmayıb. Xatırlayırsınızsa, İtaliya və İspaniyada da həkim defisiti yaranmışdı. Bütün həkimləri işə çağırmışdılar. İndi bizdə də yoluxma çox olduğuna görə təbii ki, ilk növbədə infeksionist, reanimatoloq, virusoloq və, pulmonoloqların çatışmazlığı var. Bu həkimlərin sayı bu qədər xəstəyə hesablanmayıb".

Adil Qeybulla hesab edir ki, "belə vəziyyətlərdə həkim çatışmazlığı təbii haldır."

"Reanimatoloqdur, anestezioloq, pulmonoloq ağır xəstələrə - intubasiya olunan və ya aparata qoşulmalı xəstələrə bu həkimlər baxmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının və TƏBİB-in protokolları əsasında isə istənilən həkim adi xəstələrin müalicəsini apara bilər. Covid-19-a yoluxmuş xəstə cərrahi patalogiya ilə də ağırlaşa bilər. O zaman da cərrahlar növbədə olur ki, bir-birinə kömək etsinlər. Təbii ki, kütləvi yoluxmada həkim çatışmazlığı olacaq. Bu problem indi Amerikada, İspaniyada, İtaliyada yaşandı. Bizdə hələ yaxşıdır. Həkim pis-yaxşı çatır".

Lakin professor hesab edir ki, "xəstə sayı artdıqca həkim defisiti olacaq".

"İndi dünyanın heç yerində infeksionist yetərincə deyil"

COVİD-19-a yoluxmuş xəstələrin müalicəsində iştirak edən həkimlərdən biri Cəfər Nəsirli deyir ki, koronavirusla mübarizədə, əsasən, infeksionistlər işləməlidirlər, amma indi "dünyanın heç bir yerində yetərli sayda infeksionist yoxdur."

Həkimin sözlərinə görə, virusa yoluxmuş xəstələrlə işləyən tibb işçiləri istər-istəməz xəstələnməli olurlar: "Virus yükü deyilən bir şey var. Həkim viruslu xəstələrlə nə qədər çox işləyirsə, bir o qədər virusa yoluxma riski artır".

O, hazırda tibb işçilərinin fasiləsiz işlədiyini deyir və bunu müharibəyə bənzədir: "Bir müharibə düşünün, əsgər nə etməlidir, savaşmalıdır. Bu da elə bir şeydir. Həkim işləməlidir".

Koronavirus epidemiyası ilə mübarizə aparan Azərbaycanda əhalinin hər 10 min nəfərinə 32 həkim, 54 tibb işçisi düşür. Bu, Statistika Komitəsinin yanvarın 1-nə olan məlumatıdır.

2019-cu ildə ölkədə gigiyena-epidemioloq həkimlərin sayı 2010-cu illə müqayisədə 564 azalaraq 933 nəfər olub.

Hazırda əhalinin hər 10 min nəfərinə 0,9 nəfər gigiyena-epidemioloq düşür.

"Yoluxma artdıqca, ehtiyac da yaranacaq"

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ölkədə koronavirusla mübarizədə tibb personalında çatışmazlıq olmadığını deyir, amma əlavə edir ki, yoluxma sayı artdıqca, ehtiyac da yaranacaq.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş xəstələrin müalicəsində iştirak edən həkimlərin sayı dəyişir: "Bir yerdən başqa yerə ezam olunurlar. Digərləri buraxılır. Ona görə dəqiq məlumat yoxdur. Hələlik həkim çatışmazlığı yoxdur. Olanda da elan olunur. Bizim iki dəfə etdiyimiz çağırış tələbə və rezidentlərin könüllü iştirakı ilə bağlı olub. Buna bütün dünyada ehtiyac yaranır. Yoluxma sayı artdıqca, ehtiyac yaranır. Ona görə bu normal haldır".

Prezident İlham Əliyev son çıxışlarının birində bildirmişdi ki, nə qədər həkim var, hamısını bu işlərə cəlb edirlər: "Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik? Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?!"

Azərbaycanda ilk koronavirusa yoluxma halı fevralın 28-də qeydə alınıb.

İndiyədək bu virusa 21 mindən çox şəxs yoluxub. Yoluxma nəticəsində ölənlərin sayı 260-ı keçib.