Azərbaycan: hərbi xidmət çağırışçıları koronavirusdan necə yoxlanır?

Şəklin mənbəyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış DX
Azərbaycanda iyul ayında müddətli hərbi xidmətə çağırılanlar koronavirus testindən keçirildikdən sonra 14 günlük karantində saxlanacaq.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti BBC News Azərbaycancanın sorğusuna cavab olaraq bildirib ki, "test cavablarının nəticələrinə uyğun olaraq, şübhəlilərin müvafiq qaydada mobilizasiyası həyata keçiriləcək".
Azərbaycanda müddətli hərbi xidmətə çağırış iyulun 1-də başlayıb.
Ölkədə koronavirusa yoluxanların sayında son günlərdə artım müşahidə edildiyindən hərbi xidmətə çağırılanların Covid-19 virusundan müdafiəsi aktuallaşıb.
Hazırda koronavirusa yoluxma 19 minə yaxınlaşıb, ölənlərin sayı 200-ü ötüb.
"Çağırışçılardan nümunələr götürülür"
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətə göndərilənlərin qəbulunun birinci günü onlardan test götürülür.
"O cümlədən qəbul olunan heyətin ayrı və ya təcrid olunmuş binada 14 gün müddətində karantin rejimində izolyasiya edilməsi və test cavablarının nəticələrinə uyğun olaraq, şübhəlilərin müvafiq qaydada mobilizasiyası həyata keçirilir,"- qurumdan BBC News Azərbaycancaya bildirilib.
Dövlət Xidməti "xidmətin struktur binasına daxil olduqda hər bir çağırışçının qoruyucu tibbi ləvazimatlarla təmin edildiyini, dezinfeksiyaedici məhlulların istifadəsinə, tibbi müayinələr və çağırışçıların öyrənilməsi zamanı lazımi fiziki məsafənin saxlanılmasına "ciddi riayət olunduğunu" açıqlayıb.
Qurum əlavə edib ki, bütün çağırışçıların temperaturu ölçülür və simptomlar aşkar edilən çağırışçılar təcili təcrid edilir.
"Hər bir halda karantinə alınırlar"
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib ki, çağırışçılar Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrində bir daha həkim yoxlamasından keçirilir.
Qurum rəsmisi bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrində hələ mart ayından etibarən, koronavirusdan qorunmaq üçün müvafiq tədbirlər görülür.
Vaqif Dərgahlının sözlərinə görə, pandemiyaya görə əsgərlərin valideynləri ilə müvəqqəti dayandırılan görüşləri hələ də bərpa olunmayıb.
Azərbaycanda ilk koronavirusa yoluxma halı fevralın 28-də qeydə alınıb.
Martın 24-dən ölkədə elan olunan xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. O cümlədən, ölkənin bəzi şəhər və rayonlarında iyulun 20-nə qədər sərt karantin rejiminin tətbiqinə qərar verilib.
Prezident İlham Əliyev iyunun 11-də vətəndaşların 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və hərbi xidmətdə olanların ehtiyata buraxılması haqqında sərəncam verib.






