İndiki xüsusi karantin rejimində hansı problemlərlə üzləşilir? 6 suala cavabda

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Sərt karantin rejimində vətəndaşlar küçəyə çıxmaq üçün SMS icazədən istifadə etməlidir.
Fəaliyyətinə icazə verilən sahələrdə çalışanlar isə küçəyə çıxmaq üçün "icazə.e-gov.az" portalında qeydiyyatdan keçməlidirlər.
Xüsusi karantin rejimi iyulun 5-də bitməli idi, lakin iyulun 20-ə qədər uzadıldı.
İyulun 5-də bir çoxları icazələrinin ləğv olunduğunu və hətta cərimələndiklərini bildirdi.
BBC News Azərbaycanca xüsusi karantin rejimində üzləşilən suallara cavab tapmağa çalışıb.

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images
1. Əvvəlki karantin qaydalarında qüvvədə olan icazəm iyulun 5-də niyə ləğv edildi?
İcazələrin niyə ləğv olunmasilə bağlı İqtisadiyyat Nazirliyi ətraflı açıqlama verməyib.
Ancaq qurumun yaydığı bir məlumatda bildirilir ki, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşların infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə bəzi qurumların icazələrinin bir hissəsi ləğv olunub.
Nazirlik bildirir ki, bu qərarı "fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılmasına olan tələblərə əsaslanaraq bu həddi keçən qurumlar üzrə" verib.
Qurum bununla bağlı öncədən xəbərdarlıq etdiyini də qeyd edir.
İqtisadiyyat Nazirliyi bildirib ki, fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər icaze.e-gov.az portalına daxil olaraq işçi heyətinin qeydiyyatı ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləsinlər.
Qurumun məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilməmiş sahələr üzrə sistemə müraciət edilməsi mümkün deyil.
İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
2. Məşğul olduğum sahə Nazirlər Kabinetinin fəaliyyətinə icazə verdiyi sahəyə aiddir. Amma fəaliyyət kodum yanlış olduğu üçün bu icazədən yararlana bilmirəm. Fəaliyyət kodumu dəyişmək üçün nə etməliyəm?
İqtisadiyyat Nazirliyi bildirir ki, xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri aşağıdakı vasitələrlə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər:
- Yazılı şəkildə (kağız daşıyıcısında);
- Onlayn kargüzarlıq (e-taxes.gov.az saytındakı elektron kabinet vasitəsilə);
- 195-1 Çağrı Mərkəzi.
Daxil olan müraciətlər Dövlət Vergi Xidmətinin vahid məlumat bazasına yönəldilir və yerli vergi orqanları tərəfindən araşdırılır.
Müraciətin araşdırılması zamanı vergi ödəyicisinin fəaliyyətinin Nazirlər Kabinetinin qərarı ilə siyahısı təsdiq edilmiş fəaliyyətinə icazə verilən sahələrə aid olub-olmadığı yoxlanılır.
İqtisadiyyat Nazirliyi öz saytında fəaliyyətinə icazə verilən sahələrin kodlarını yayıb. Həmin məlumatda işəgötürən fəaliyyət sahəsi kodu ilə yanaşı ona nə qədər işçiyə icazə ala biləcəyi də göstərilib.
Əgər fəaliyyət kodu icazə verilən kodla üst-üstə düşməsə, o zaman ASAN xidmətə müraciət etmək lazımdır.

3. Hansı obyektlər işləyə bilər, hansılar yox?
Nazirlər Kabinetinin qərarına əsasən, bu sahələrdə iş dayandırılır:
- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
- muzey və sərgi zallarının fəaliyyəti;
- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
- təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla); açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.
- Azərbaycanda koronavirus testini harada verə bilərəm? - 5 suala cavabda
- Diqqət! Şəxsi məlumatlarınız toplanır. E-təbib tətbiqinin qaranlıq tərəfləri
Bir oxucumuzun bizə ünvanladığı sualda pərakəndə satış növlərinin hansına icazə olduğu sual edilir. Nazirlər Kabinetinin qərarına əsasən, pərakəndə və topdan satış üzrə karantin rejimində fəaliyyətinə icazə verilən sahələr:
- ərzaq məhsullarının satış məntəqələri;
- apteklər;
- yanacaqdoldurma məntəqələri;
- zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
- tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
- onlayn satışlar.
İcazə verilmiş sahələrin siyahısı ilə Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında qurumun öz saytında tanış olmaq olar.
4. İyulun 4-də icazə-e.gov-dan qeydiyyatdan keçərək təsdiq cavabı almışam. Gecə ilə icazə ləğv edilib, amma mənim bundan xəbərim olmayıb, çünki icazə-e.gov-u hər dəqiqə yoxlamıram. İşimin arxasınca getmişəm və karantin rejimini pozmaqda ittiham edilərək cərimə olunmuşam. Mənim iradəm xaricində baş vermiş bu məsələyə görə cəriməni sildirə bilərəmmi?
Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya deyilib ki, həmin şəxs məsələnin araşdırlmasilə bağlı nazirliyə müraciət etməlidir.

Şəklin mənbəyi, Getty Images / Aziz Karimov
5. Karantin müddətində SMS icazə ilə çıxmalıyam. Şəxsi maşınım var. Həkimdə ləngiyərəmsə, 2 saatlıq möhləti keçərəmsə, həkim arayış verəcək. Amma bu zaman da avtomobilim müşahidə kameralarına karantin rejimini pozmuş kimi düşəcək. Mən cərimə olunacammı?
Bakı şəhər Dövlət Yol Polisinin sözçüsü Vaqif Əsədov deyir ki, gecikmə varsa, həkimin verdiyi arayış kifayət edir ki, bu məsələ öz həllini tapsın və vətəndaş da narahat olmasın.
Onun sözlərinə görə, vətəndaşın hansısa xəstəxanada gecikməsi ola bilər.
Vaqif Əsədov bildirib ki, müşahidə kamerasından vətəndaşın maşının hansısa xəstəxanada olduğunu və orada ləngidiyini görmək mümkündür. O zaman o cərimələnmir.
Əgər yol polisi maşını saxlayıb cərimələmək istəsə, o zaman da vətəndaş sənədi təqdim edirsə, cərimə yazılmır.
6.Avtomobilimi etibarnamə əsasında idarə edirəm. Bu zaman karantin rejimində şəxsi avtomobilimdən necə istifadə edə bilərəm?
Vaqif Əsədov deyir ki, etibarnamə varsa, heç bir problem olmaz.
"Etibarnamə ilə idarə edilən nəqliyyat vasitələri belə bizim mərkəzi baza sistemində açıq-aşkar göstərilir. Burada narahatçılığa səbəb olmamalıdır. Vəkalətnamə kimə verilirsə, dərhal mərkəzi baza sistemində qeyddiyyatdan keçir və hərkətlə bağlı icazə olan şəxsin də portalda olan adı inteqrasiya olunur bizim sistemə,"- o deyib.









