Azərbaycanda ciddi karantin rejimi - 6 suala cavabda

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayon və şəhərlərində sərtləşdirilmiş xüsusi karantin rejiminin vaxtı uzadılıb.
Dörd həftəlik sərtləşdirilmiş karantin rejimi 31 avqust gecəyarısınadək davam edəcək.
Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb. Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb. Mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb. Daha sonra yoluxmaların sayında artım olduğunu əsas gətirərək iyun ayından etibarən həftəsonları ev təcridi və SMS icazələr yenidən tətbiq olunmağa başlasa da bir qədər sonra ev təcridi aradan qaldırılıb.
Avqustun 3-də Nazirlər Kabineti yanında operativ qərargah bəzi şəhər və rayonlarda ciddi karantin rejiminin davam etdirilməsi barədə qərar verib.
İndiyədək ölkədə 32 mindən çox şəxs koronavirus infeksiyasına yoluxub, onlardan 460 nəfərdən çox vəfat edib.
Restoranlar, bərbərxanalar, idman zalları işləyəcəkmi?
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 31 avqustadək iri ticarət mərkəzləri, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının fəaliyyətinə dörd həftəlik qadağa qoyulur.
Bərbərxanaların, gözəllik salonları və kosmetik xidmətlərin fəaliyyəti (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) istisnadır.
Ərzaq mağazaları və apteklərin də fəaliyyəti istisnadır.
Bundan əvvəl Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundakı restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət səhər saat 8-dən axşam 10-dək həyata keçirilməsinə də icazə verilmişdi. Hazırda restoran, kafe və çay evlərində və bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət qadağandır.
Koronavirus epidemiyası başlayandan bəri qəlyan avadanlıqlarından istifadəyə qoyulan qadağa qüvvəsində qalıb.
Ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyəti bərpa edilməyib, eləcə də onların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olunur.
Təşkil olunan kütləvi şənliklər, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti, hotellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər, dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri, tədbirlərin təşkili üzrə xidmətlər barədə qadağa qərarı da qüvvədədir.

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
İmtahanlar və təhsil müəssisələri necə?
Ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə qoyulan tələblərə əməl etməklə bəzi yerində buraxılış və qəbul imtahanları istisna olmaqla, təhsil müəssisələrinin fəaliyyətinə də icazə yoxdur.
Nazirlər Kabineti yanında operativ qərargahın iyunun 25-də keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva demişdi ki, buraxılış və qəbul imtahanları təxirə salınacaq, növbəti vaxta təyin ediləcək.
"Yalnız Naxçıvan ərazisində bu imtahanlar ola bilsin ki, keçirilsin. Gələn həftə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı daha ətraflı məlumat veriləcək", o əlavə edib.
İyulun 17-də jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqust ayında 4 buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün operativ qərargahdan icazə ala bildiklərini bildirib.
İşləyə bilərəmmi?
Ciddi karantin rejiminin tətbiq olunduğu ərazilərdə yaşayan dövlət qurumları, səhiyyə müəssisələri, dövlətə məxsus olan hüquqi şəxslər, hüquq mühafizə orqanları və hərbi xidmətdə çalışanları, vəkillər, akkreditasiyası olan diplomatik nümayəndəliklər və beynəxlalq təşkilatların əməkdaşları və yerli heyəti, ərzaq mağazaları, apteklər və bəzi zəruri sayılan sahələrdə çalışanlar fəaliyyətlərini davam etdirə biləcəklər.
Bu şəxslərin xidməti vəsiqə, icaze.e-gov.az portalından icazə vasitəsi ilə hərəkət etməsi qaydası aradan qaldırılır.
- Səhiyyə və sosial sahə üzrə (elmi tədqiqat və laborator xidmətləri, xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər, baytarlıq xidmətləri, tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı, sosial xidmətlər, sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti)
- İnfrastruktur sahəsi üzrə (kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması), elektrik enerjisinin istehsalı və təchizatı, su təsərrüfatı və meliorasiya, telekommunikasiya və rabitə xidmətləri)
- Nəqliyyat və logistika sahəsi üzrə (hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları, dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri, logistika xidmətləri, ictimai nəqliyyat və taksi xidmətləri)
- Əsas istehsalat növləri (müdafiə sənayesi məhsullarının istehsalı, neft avadanlıqları və qurğularının istehsalı, qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı, gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, kimyəvi məhsulların istehsalı, kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti, əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı, neft və qazın hasilatı, emalı, saxlanması və satışı, neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi, metallurgiya sənayesi üzrə fəaliyyət, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, diri heyvanların kəsimi)
- Pərakəndə və topdan satış üzrə (ərzaq məhsullarının satış məntəqələri, apteklər, yanacaqdoldurma məntəqələri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri, tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri, onlayn satışlar)
- Məişət xidmətləri üzrə (məişət tullantılarının yığılması və utilizasiyası, kimyəvi təmizləmə, mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri, heyvan sığınacaqları)
- Kütləvi informasiya vasitələri.
- Maliyyə təşkilatları üzrə (banklar və bank olmayan kredit təşkilatları, lombardlar, investisiya şirkətləri, fond birjaları, sığorta təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
- Xüsusi xidmət növləri üzrə (çatdırılma xidmətləri, tərcümə xidmətləri, poçt xidmətləri, dezinfeksiya xidmətləri)
- Vəkillik fəaliyyəti.
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
- Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
- Dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
- Hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
- Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Beynəlxalq uçuşlardan istifadə zamanı nə etməliyəm?
Xaricə səfər edirsinizsə, bu zaman sizdən məcburi qaydada Covid-19 testinin cavabları tələb olunacaq.
Laboratoriyalardan verilən məlumata görə, sərnişinlər uçuşdan 2 gün əvvəl şəxsiyyət vəsiqəsi və uçuş bileti ilə klinikaya gedərək test verməlidirlər.

Şəklin mənbəyi, EPA
Başqa hansı tələblər qüvvədədir?
Operativ qərargahın mətbuat konfransında metronun avqustun 5-dən sonra açılacağı deyilməyib.
Bakı metropoliteninin mətbuat xidmətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BBC News Azərbaycancaya "biz hələ bu barədə qərar almamışıq. gün ərzində açılıb-açılmayacağı ilə bağlı rəsmi qərarı gözləyəcəyik" deyib.
Bu dövrdə həftəiçi digər ictimai nəqliyyat növləri işləyəsə də avqustun 5-dən 31-dək sərtləşdirilmiş karantin dövründə həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Bu arada indiyədək küçəyə çıxmaq üçün tətbiq olunan SMS icazə sistemi də ləğv olunur.
Qaydalara görə, ciddi rejimin tətbiq olunduğu yerlərdə çimərliklərdən istifadə qadağası da çərşənbə günündən etibarən aradan qaldırılır. Lakin vətəndaşlara çimərliklərə getməzdən öncə cimerlik.az saytına daxil olaraq getmək planlaşdırılan ərazidəki sıxlıq vəziyyətini öyrənmək, daha sonra gediləcək ünvanın seçilməsi tövsiyə olunur.
Azərbaycanda sosial məsafəni gözləmək şərtiylə istifadə olunan ictimai nəqliyyatda (avtobus, taksi, metro, dəmiryolu və s.) maska taxılması qaydası qüvvədədir.
Bu barədə Nazirlər Kabineti mayın 29-da qərar verib.
Maskaların (tibbi maska, parça maska, respirator və sair) taxılması qaydası bazar, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində də şamil olunur.
Bundan başqa, dövlət orqanlarının binalarında vətəndaşların qəbulu və onlara xidmət üçün nəzərdə tutulan sahələrdə də maska taxmaq qaydasına əməl olunmalıdır. İnsanların açıq havada, ictimai yerlərdə toplaşdığı halda sosial məsafəni gözləmək mümkün olmasa, maska taxmaq qaydası tətbiq edilməlidir.
Maskalar həmçinin, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə taxılmalıdır, qərarda deyilir.
Qaydaya nəzarət necə həyata keçiriləcək?
Karantin qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qaydalara Daxili İşlər Nazirliyi nəzarət edəcək.










