Azərbaycan: bundan sonra SMS icazə ilə yalnız bir dəfə küçəyə çıxmaq olacaq

Şəklin mənbəyi, Getty Images
Bazar ertəsindən etibarən, Azərbaycanda karantin bölgəsində yaşayan sakinlər SMS icazə ilə yalnız bir dəfə küçəyə çıxa biləcəklər, ASAN Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
Gün ərzində karantin bölgəsində yaşayan şəxslər 1 və ya 2 rəqəmindən gün ərzində yalnız birini istifadə edə biləcəklər. İcazə müddəti 2 saat olaraq qalır.
Buna qədər sakinlər şəxsi ehtiyaclarından asılı olaraq, 2 növ SMS icazə ala, buna uyğun olaraq 2 dəfə küçəyə çıxa bilirdilər.
Koronavirus epidemiyasına görə, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda iyunun 21-dən iyulun 5-dək ciddi karantin rejimi tətbiq olunur.
Elnur Niftəliyev BBC News Azərbaycancaya bildirib ki, dəyişiklərə səbəb "vətəndaşların sui-istifadə hallarına yol verməsi" olub.
"Nazirlər Kabinetinin apardığı araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var idi. 2 gün ərzində icazə üçün 130 min SMS göndərilmişdi. Bu kimi sui-istifadə halları çoxaldığından belə bir limit tətbiq olundu ki, gün ərzində yalnız bir dəfə icazə almaq mümkün olsun".
Cənab Niftəliyev qeyd edir ki, e-təbib mobil tətbiqetməsi və SMS icazə ümumi sistem olduğuna görə icazələr də ümumi olaraq hesablanır.
"Vətəndaşlara tövsiyə olunur ki, özlərini təcrid etsinlər. Bu mümkün olmayanda, şəxsi ehtiyaclar üçün küçəyə çıxmaq lazım olanda bir dəfəyə bütün işlərini həll etsinlər. Əgər təxirəsalınmaz tibbi zərurət yaranarsa, bu zaman təcili tibbi yardım xidmətindən yararlana bilərlər,"- Elnur Niftəliyev əlavə edib.
Bundan əvvəl 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi üçün icazə cavabının mesaj kimi göndərilmə vaxtı 15 dəqiqəyə qaldırılmışdı.

Azərbaycanda xüsusi karantin rejimi 1 avqustadək uzadılıb.
Burada yaşayan vətəndaşlar evlərini ya SMS, ya da xüsusi icazə ilə tərk etməlidirlər. Bununla bağlı cümə günü Baş nazir Əli Əsədov qərar verib.
Azərbaycanda son həftələrdə koronavirusa yoluxma hallarının aşkarlanması artıb.
Azərbaycanda koronavirusa görə martın 24-dən xüsusi karantin rejimi tətbiq edilir. Aprelin 27-dən isə rejimin qaydaları yumşaldılmışdı.
Qərarda qeyd olunur ki, ərzaq və digər zəruri təlabat mallarını almaq və tibbi xidmətdən istifadə etmək üçün evini tərk etmək istəyənlər 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər. SMS məlumatın mətnində aşağıdakı 2 indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:
1 rəqəmi- təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.
2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə 2 saat müddətinə gündə 1 dəfə verilir.
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS -məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq-mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar isə SMS göndərmək lazım deyil. Əvəzində Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzinə zəng edərək icazə alınmalıdır. Yasda iştirak edəcək hər kəsin üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir, qərarda deyilir.

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Karantin müddətində bəzi yerlərdə xidmətlər və fəaliyyətlər dayandırılır:
- ticarət mərkəzlərinin fəaliyyəti
- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətləri
- bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, o cümlədən bu sahələrdə müştərilərə evində və ya digər məkanlarda xidmətlər
- muzey və sərgi zallarının fəaliyyəti
- açıq havada idman oyunları
Sərt karantinin davam etdiyi müddətdə səhiyyə müəssisələri, ərzaq mağazaları, apteklər və bəzi zəruri sayılan sahələrdə iş davam edəcək.
Ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə buraxılış və qəbul imtahanları təxirə salınacaq, növbəti vaxta təyin ediləcək.
"Yalnız Naxçıvan ərazisində bu imtahanlar ola bilsin ki, keçirilsin. Gələn həftə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı daha ətraflı məlumat veriləcək", Leyla Abdullayeva Nazilər Kabinetinin yanında Operativ Qərargahın cümə axşamı keçirdiyi brifinqdə deyib.

- BİLİRSİNİZMİ? - Koronavirus: Nə dərəcədə narahat olmalı?
- AZƏRBAYCANDA KORONAVİRUS- SON RƏQƏMLƏR
- DÜNYA XƏRİTƏSİ - Koronavirus - dünya üzrə rəqəmlər bu səhifədə canlı yenilənir
- QORUNMA YOLU - Koronavirus: Qorunmaq üçün nə etməli?
- COVID-19 VƏ MİFLƏR - Covid-19 və ibuprofen: koronavirusa qarşı dərmanlarla bağlı mif və həqiqətlər
- MASKALAR - Koronavirus: maskaları kim, harada və necə taxmalı?

Bundan başqa hələ də qüvədə olan bəzi məhdudiyyətlər də davam edir.
- rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti,
- tibbi xidmətlər istisna olmaqla idman, sağlamlıq, bərpa üzrə xidmətlər
- mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti,
- hotellərin fəaliyyətinin bərpası,
- beynəlxalq səfərlər,
- dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri,
- tədbirlərin təşkili üzrə xidmətlər,
- təhsil müəssisələrində fəaliyyətin dayandırılması,
- eləcə də 10 nəfərdən artıq qrupda cəmləşmə məhdudiyyətləri qüvvədə qalır.
Leyla Abdullayeva brifinqdə onu da deyib ki, 65 yaş və daha yuxarı yaşlı insanların evdən çıxması məhdudlaşdırılmır.
O, yaşı 65-dən yuxarı olanlara "mümkün qədər ictimai yerlərə getməməyi, mümkün qədər evlərində təcrid vəziyyətində qalmalarını" tövsiyə edib.
O həm də deyib ki, "Bakı Metropoliteni" fəaliyyətinə davam edəcək, bulvar, park və istirahət məkanlarına giriş məhdudlaşdırılmayacaq.
Leyla Abdullyevanın sözlərinə görə, xüsusi karantin rejimi günlərində metro ilə yanaşı, digər ictimai nəqliyyat növləri də fəaliyyətinə davam edəcək.
"İş rejimi ilə bağlı özəl və dövlət sektorunda çalışanlar şəxsi avtomobillərdən istifadəsi nəzərdən keçiriləcək".
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə çimərliklərlə bağlı danışıb.
O deyib ki, ciddi karantin rejimi tətbiq olunan bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq.
"SMS icazə sistemi ilə çıxışa imkan verilən müddət ərzində park, bulvar açıq olduğuna görə saatları insanların bir arada sıx toplaşmaması baxımından tənzimlənəcək şəkildə icazə mümkün olacaqdır. Yəni necə ki, SMS vasitəsilə ilə alış-verişə çıxdığımız müddət müəyyən olunurdu, SMS vasitəsilə həkimə gedib-gəlmək müəyyən olunurdu, bu çərçivədə yanaşılacaq və bu istiqamətdə sabah əlavə məlumatlar və geniş izahat veriləcək", cənab Bayramlı deyib.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Hazırda yoluxanların sayı 11 mini, ölənlərin sayı isə 130-u keçib.









